Auditorlar Palatasının nümayəndə heyəti London şəhərində İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutunun rəhbər heyəti ilə işgüzar görüşdə iştirak edib

Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli tapşırıq və tövsiyələrini rəhbər tutaraq beynəlxalq təcrübənin öyrənilməsi və ölkə qanunvericiliyinin xüsusiyyətləri nəzərə alınmaqla tətbiqi məqsədilə əldə edilmiş razılığa və İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutunun (ICAEW) prezidenti Malkolm Bakusun dəvətinə əsasən iki qurum arasında əməkdaşlığın qurulması və işgüzar müzakirələrin aparılması üçün 2025-ci il mayın 6-da Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın paytaxtı London şəhərində qurumun baş qərargahında işgüzar görüşdə iştirak edib.

Qeyd edək ki, üç fəxri üzvündən biri Birləşmiş Krallığın kralı 3-cü Çarlz olan İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutu (ICAEW) 1880-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis edilmiş və hazırda dünyanın 150 ölkəsində 210.000-dən çox üzvü olan maliyyə, mühasibatlıq və audit sahəsində ixtisaslaşmış peşəkar tənzimləyici qurumdur.

İşgüzar görüşdə ICAEW-in prezidenti cənab Malkolm Bakus, qurumun Beynəlxalq İnkişaf üzrə direktoru xanım Keyt Holroyd-Smit, Beynəlxalq Potensialın Artırılması üzrə direktoru cənab Con Huper, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və sədrin müşaviri, Palatanın Şurası yanında Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev iştirak ediblər.

Görüş zamanı prezident Malkolm Bakus Azərbaycanlı həmkarlarını salamlayaraq, rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və iki qurum arasında əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov da növbəsində cənab Malkolm Bakusa dəvətə görə minnətdarlığını bildirib və iki qurum arasında əməkdaşlığın qurulmasının ölkələrimizdə peşənin inkişafına öz mühüm töhfəsini verəcəyindən əmin olduğunu bildirib.

Görüş zamanı iki qurum arasında yeni nəsil kadrların hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlıq, auditin institusional potensialının arıtılması və ona ictimai etimadın gücləndirilməsi sahəsində birgə işlərin görülməsi, davamlı inkişafa dair hesabatlılığın təmin edilməsində yeni dövrün tələblərinə və çağırışlarına cavab verən auditorların yetişdirilməsi, beynəlxalq fondların dəstəyi ilə auditdə innovasiyaların və süni intellektin tətbiqinə dair əməkdaşlıq, peşənin inkişafına dair təşkil edilən konfranslarda, vebinarlada və digər tədbirlərdə birgə iştirak, peşənin inkişafına dair birgə nəşrlərin həyata keçirilməsi və s. sahələrdə əməkdaşlığın qurulması istiqamətində ikitərəfli müzakirələr aparılıb.

Daha sonra Vahid Novruzov ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanda müstəqil auditor fəaliyyətinə göstərilən diqqət və qayğıdan, auditor fəaliyyəti sahəsində əldə edilmiş nailiyyətlərdən – korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə, şəffaflığın artırılmasında və kölgə iqtisadiyyatının azaldılmasında ölkəmizdə uğurla həyata keçirilən islahatlardan, o cümlədən bu istiqamətlərdə auditin rolundan bəhs edib, həmçinin Azərbaycanın indiki inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi vacib problemlərin həllinin ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olması, ölkəmizdə bu sahədə əldə edilən uğurlar və nəzərdə tutulan prioritetlər, habelə ötən ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə məlumat verib.

Görüşün sonunda cari ilin sentyabr ayında Azərbaycanın Auditorlar Palatası və İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutu arasında yuxarıda qeyd edilən istiqamətlər üzrə əməkdaşlığın rəsmiləşdirilməsi məqsədilə Bakı şəhərində anlaşma memorandumunun imzalanması qərara alınıb.

Sonda Malkom Bakus və həmkarları Auditorlar Palatasının nümayəndə heyətini İnstitutun qədim tarixə malik olan binası ilə tanış edib və xatirə fotoşəkilləri çəkilib. 

 

 

Qalareya