Beynəlxalq konfrans çərçivəsində xarici tərəfdaşların dəstəyi ilə ƏL/TMM sahəsində seminar keçirilib.

2025-ci il 24 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetində İsrail, Pakistan, Latviya ölkələrinin mütəxəssislərinin və Auditorlar Palatasının üzvlərinin iştirakı ilə ƏL/TMM sahəsində seminar keçirilib.

Seminar öz işinə Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyevin açılış nitqləri ilə başlayıb. Açılış nitqində çıxış edən  S.Gülməmmədov və H.Hacıyev mövzunun aktuallığını vurğulayıb, müzakirəyə çıxarılacaq məsələlərin əhəmiyyətinə toxunaraq iştirakçıların fəallıq nümayiş etdirməsinin vacibliyini xüsusi olaraq qeyd ediblər.

Seminarda Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) ƏL/TMM üzrə Müşahidə Şurasının üzvü, “JS Investments” Limited şirkətinin vitse-prezidenti və maliyyə direktoru Raheel Rehman, Latviya Sertifikatlı Auditorlar Assosiyasının üzvü, ƏL/TMM üzrə mütəxəssis Kiril Kondratovs, Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov və və Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin sədri, “VXA - Audit” MMC-nin direktoru Elçin Qurbanov məruzələrlə çıxış ediblər.

Tədbirdə “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə və sanksiyalarda andlı auditorların rolu”, “Mühasiblərə və auditorlarla bağlı olan ƏL/TMM riskləri”, “FATF Tövsiyələrinə əsasən mühasiblər və auditorlar üçün öhdəliklər”, “ƏL/TMM-də risk əsaslı yanaşma”, “Auditor xidməti göstərən şəxslər tərəfindən ƏL/TMM-ə dair qanunvericiliyə riayət olunmasına nəzarət” mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

            Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.