Auditorlar Palatasında “15 iyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Auditorlar Palatasında 2025-ci ilin 13 iyun tarixində “15 iyun-Milli Qurtuluş Günü”nə  həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra “ 15 iyun-Milli Qurtuluş Günü”nə  həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq Milli Qurtuluş Günü münasibətilə Auditorlar Palatasının rəhbərliyi adından Palatanın əməkdaşlarını və üzvlərini ürəkdən təbrik edib.

S.Gülməmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış əlamətdar gün  “15 İyun – Milli Qurtuluş Günü 32 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi və bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” olan Neft Kontraktının imzalanması ilə atıldı. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və bir başa təşəbbüsü ilə Azərbaycan Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra ölkədə həyata keçirilən iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik,  komitə və başqa  mərkəzi  icra  hakimiyyəti orqanlarında  mövcud olan  nəzarət-təftiş qurumlarının  ləğv olunması, dövlət  orqanlarına onların öz  səlahiyyətlərinə  aid olmayan  yoxlamalar  aparılmasının  qadağan  edilməsi və  bu  istiqamətdə  ardıcıl  şəkildə  həyata  keçirilən digər məqsədyönlü  tədbirlər  ölkədə  beynəlxalq  standartlara  cavab verən  maliyyə nəzarəti sisteminin  qurulmasını zərurətə çevirdi və maliyyə nəzarətinin bütün dünyada geniş  yayılmış,  mütərəqqi  forması olan  auditin  (auditor xidmətinin) Azərbaycanda da tətbiqi  həyati tələbata döndü.

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ilin 16 sentyabr tarixində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı və ölkədə auditor  xidmətinin  dövlət tənzimlənməsini həyat keçirmək üçün 1996-cı il 5 aprel tarixindən Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başladı.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Son 22 ildə Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş Azərbaycandır.

Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Tarix möhtərəm Prezidentimizin simasında Ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Ona görə də 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması böyük əhəmiyyət kəsb edir və dünyaya bir daha nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.

Eyni zamanda, 2025-ci il mayın 28-də (Azərbaycanın Müstəqillik günü münasibətilə) Laçın şəhərində keçirilmiş Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gəlməsi həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş dostluğun, müttəfiqliyin və ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutudur. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik.

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan uğurlar mövcud sabitlik və perspektiv hədəflər bir daha sübiut edir ki, Heydər Əliyev yolu daim yaşayacaq, bu yolda atılan hər bir addım isə xalqımızın rifahına, dövlətimizin qüdrətinə xidmət edəcəkdir. Bu yol müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətimizin təminatıdır.  

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Heydər Əliyev ideyaları yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı və qurduğu Azərbaycan yaşayır və inkişaf edir. Biz hamımız Vətənimizi onun göstərdiyi yolla irəli aparmalıyıq”.

Daha sonra tədbirdə Auditorlar Palatasının üzvləri: "A PLUS AUDİT" MMC-nin direktoru-auditor Azər Əliyev, "PROFESSİONAL AUDİTOR XİDMƏTLƏRİ" MMC-nin direktoru-auditor Şahzadə Şirinova, “SR AUDİT SOLUTİONS” MMC-nin direktoru-auditor Səftər Vəlizadə, sərbəst auditor Miramal Ağayev, “ACTİVE CONSULTİNG CN” MMC-nin direktoru-auditor Nazim Alıyev, “CONSULTİNG GROUP” MMC-nin direktoru-auditor Elçin Əkbərov, Auditorlar Palatasınının əməkdaşları:  Maliyyə və texniki təminat idarəsinin mühasibi Birgül Məmmədzadə, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini Nigar Əlisoy,Təşkilati-texniki təminat şöbəsinin katibə-kargüzarı Ləman Hüseynova, Haqsız rəqəbətə qarşı mübarizə idarəsinin baş mütəxəssisi Elfrida Hacızadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana və xalqına göstərdiyi misilsiz xidmətlərindən və bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlardan, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, Böyük Qayıdış proqramından və digər işlərdən bəhs ediblər.