Auditorlar Palatasında “Auditorun səsi” mövzusunda onlayn müzakirə keçirilib

Auditorlar Palatasının 2025-ci il üzrə iş planının 11.5-ci ““Auditorun səsi” mövzusunda onlayn müzakirənin təşkili” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatasında 2025-ci ilin 24 iyun tarixində auditor təşkilatlarının nümayəndələrinin, sərbəst auditorların, struktur bölmələrinin rəhbərlərinin, Auditorlar Palatası Şurasının və Palatanın Şurası yanında komitələrin üzvlərinin iştirakı ilə “Auditorun səsi” mövzusunda onlayn müzakirə keçirilib.

Müzakirəni Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq “Auditorun səsi” mövzusunda keçirilən onlayn müzakirənin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, müzakirənin təşkil edilməsində əsas məqsəd, Auditorlar Palatasının üzvlərinin qarşılaşdığı problemlərin operativ həll edilməsi, ölkədə iqtisadiyyat sahəsində innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat şəraitində auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, Auditorun şəxsi kabineti və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi, müstəqil auditə ictimai etimadın və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə auditorların Beynəlxalq Audit Standartlarının və Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) tələblərinə əməl olunması, auditin təşviqi və maarifləndirmə üzrə  müvafiq tədbirlərin həyata keçirilməsi, haqsız rəqabət hallarına, korrupsiyaya və əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə auditorların rolunun gücləndirilməsi sahələrində Palata müvafiq tədbirlər həyata keçirir və normativ sənədlər  (şərhlər, təlimatlar, metodik göstərişlər, metodik vəsaitlər, tövsiyələr və s.  hazırlayır.

Həmin sahələr üzrə həyata keçirilən işləri qiymətləndirmək, gələcəkdə auditorların peşə fəaliyyətini gücləndirmək  və təkmilləşdirmək üçün, eləcə də mövcud problemlərin operativ həll edilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə üzvlərimizin fikirlərini, təkliflərini və tövsiyələrini öyrənmək bizim üçün çox önəmli və əhəmiyyətlidir.

Daha sonra Q.Bayramov qeyd edib ki, ölkəmizdə auditor fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Auditorlar Palatası tərəfindən son illərdə konfranslar, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sosioloji sorğular və s. tədbirlər təşkil edilir və Palatanın sədri, professor Vahid Novruzovun rəhbərliyi ilə keçirilən konfransların materialları, Beynəlxalq Audit Standartları, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə, Auditorların Müstəqillik Qaydaları, Audit-Yeni dövrün çağırışları, “Audit.Qanunvericilik və normativ sənədlər” topluları, İstixana qazlarının uçotunun əsasları, Maliyyə nəzarətinin (Auditin) formalaşması və inkişafı, Haqsız rəqabətə qarşı mübarizə üzrə metodik materiallar toplusu (2022-2023-cü illər), Rəqəmsal iqtisadiyyatda şəffaflıq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair materiallar toplusu, sahəvi audit proqramları və s. kitablar nəşr etdirilmiş və xidməti istifadə üçün auditor təşkilatlarına və sərbəst auditorlara paylanmışdır.

Sonra Palatanın üzvlərini maraqlandıran suallar, qeyd edilən sahələr üzrə mövcud problemlər, onların həll edilməsi  məqsədilə təklif və tövsiyələr dinlənilib.

Belə ki, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov, “Bakı Hesabat Mərkəzi” MMC-nin direktor-auditoru Mehdi Babayev, “L.B. Audit Xidməti” MMC-nin direktor-auditoru Lamiyə Bayramova, "A PLUS AUDİT" MMC-nin direktor-auditoru Azər Əliyev, “AZƏRİ AUDİT SERVİS” MMC-nin auditoru Yasin Şirinov, və sərbəst auditor Aygün Səfərova öz təklif və tövsiyələrini səsləndiriblər, xidmətlərinin keyfiyyətinin yüksədilməsi, auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması, Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə riayət edilməsi, haqsız rəqabətə qarşı mübarizədə Palata şurasının təsdiq etdiyi müvafiq sənədlərin icrasına mütəmadi və operativ qaydada nəzarətin gücləndirilməsi və yeni nəzarət mexanizminin yaradılması, tender keçirilən Publik Hüquqi Şəxslərdə, İctimai əhəmiyyətli qurumlarda və digər şirkətlərdə minimum həddlərdən aşağı müqavilə bağlayıb audit aparan auditorlarda növbədənkənar keyfiyyətə nəzarətə dair monitorinqin aparılması, auditdən yayınan məcburi audit subyektlərinə qarşı tətbiq olunan cərimə məbləğinin artırılması və həmin audit subyektlərində audit aparılanadək davamlı olaraq cərimənin tətbiq olunması və auditin aparılmasının təmin edilməsi, minimum hədlərdən aşağı müqavilə bağlayan, lakin auditorun şəxsi kabineti sistemində dövriyyəni və müqavilə məbləğini yüksək göstərib qeydiyyatdan keçən auditorların işlərinin araşdırılması, minimum hədlərə riayət etməyənlərə qarşı daha təsirli tənbeh və digər tədbirlərin görülməsi, qanunsuz audit aparan konsaltinq şirkətlərinin aşkar edilməsi və onlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi, dövriyyəsi yüksək olan orta və iri təsərrüfat subyektlərində qısa müddət ərzində keyfiyyətsiz audit aparan və rəy verən auditorların işlərinin araşdırılması, sifarişçi audit subyektləri ilə minumum hədlərə uyğun və ya yuxarı məbləğdə müqavilə bağlayan və qanunsuz olaraq həmin məbləğin 40%-ni, 50%-ni təsərrüfat subyektlərinə geri qayrtaran auditorların işlərinin araşdırılması, priventiv nəzarət mexanizminin tətbiq edilməsi və yeni operativ işçi qrupunun yaradılması barədə çıxışlar edilib, təklif və tövsiyyələr verilib.

Müzakirə zamanı iştirakçılar tərəfindən verilən suallar Qəşəm Bayramov, Nəcəf Talıbov, Elnur İbrahimov, Vasif Cavadov, Rövşən Cəfərli tərəfindən cavablandırılıb.

“Bakı Hesabat Mərkəzi” MMC-nin direktor-auditoru Mehdi Babayev çıxış edərək bildirdi ki, bütün məsuliyyəti auditorların üzərinə qoymaq düzgün deyil. Onun sözlərinə görə, sifarişçilərlə razılaşmaq çətin olur, bazar tələbləri ilə qanunvericilik tələbləri bir-birindən fərqlənir. Bəzən sahibkarların düşüncə tərzinə uyğun hərəkət etməyə məcbur qalırıq. Bizim məcburən buraxdığımız nöqsanlara görə Palata rəhbərliyindən anlayış göstərmələrini xahiş edirik. Müəyyən olunmuş qiymətlərdən aşağı qiymət tələb edilir, biz uyğunlaşmadıqda isə müqavilədən imtina edərək, daha aşağı qiymət təklif edən auditorla razılaşırlar.

Sərbəst auditor Aygün Səfərova çıxışında bildirdi ki, bir çox auditorlar müəyyən olunmuş minimum hədlərə əməl etmirlər və çox aşağı qiymətlərlə müqavilələr bağlayırlar. Əgər bütün auditorlar bu qaydalara eyni vaxtda əməl etsələr, sahibkarlar da təqdim etdiyimiz qiymət cədvəlinə uyğunlaşarlar. Məndən dəfələrlə minimum həddi pozmağım tələb olunub, lakin mən buna razılaşmıram və imtina edirəm. Düşünürəm ki, bütün auditorlar eyni mövqedə dayansalar, sahibkarlar buna uyğun davranar. Minimum hədlərə əməl etməyən auditorların rəy hüququ ya ləğv olunmalı, ya da fəaliyyətlərinə müvəqqəti xitam verilməlidir.

“Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov Aygün xanımın fikirlərini tam dəstəkləyərək bildirdi ki, çox aşağı qiymətlə aparılan auditin keyfiyyətindən danışmaq mümkün deyil. Buna görə də keyfiyyətə nəzarətin gücləndirilməsi vacibdir. Keyfiyyətə nəzarət mexanizmlərinin zəifliyi və cəza tədbirlərinin tətbiq edilməməsi bu problemin uzun müddət həll olunmamasına səbəb olub.

“A Plus Audit” MMC-nin direktor-auditoru Azər Əliyev isə maraqlandıran məsələ ilə bağlı sual ünvanlayaraq soruşdu: Məcburi auditdən keçməyən auditor təşkilatları və sərbəst auditorlarla bağlı hər hansı təlimat varmı?

İdarə rəisi Vasif Cavadov cavabında bildirdi ki, bəli, bizim bu istiqamətdə təlimatlarımız mövcuddur. Belə hallarla bağlı 464-cü maddəyə əsasən cərimə tədbirləri nəzərdə tutulur və aidiyyəti şəxslərə məktub göndərilir. Həmçinin, mart ayında bu auditorlara təkrar məlumat məktubu göndərilir. Auditorların sualları olarsa, onlara izahat verilir və öhdəliklərini yerinə yetirmələri izah olunur.

“L.B. Audit Xidməti” MMC-nin direktor-auditoru Lamiyə Bayramova çıxış edərək qeyd etdi ki, minimum hədlərə əməl etməyən auditorlar tərəfindən mənfi rəy verilmiş sifarişçilərə digər auditorlar tərəfindən əsassız olaraq müsbət rəy verilməsi haqsız rəqabətə səbəb olur və bu, nəticədə neqativ hallara gətirib çıxarır. O, Palataya müraciət edərək, mənfi rəylər, şərti-müsbət rəylər və rəydən imtina halları üzrə mütəmadi araşdırmaların aparılmasını və nəticəyə uyğun tədbirlərin görülməsini xahiş etdi.

Yasin Şirinov yenidən çıxış edərək vurğuladı ki, bir çox auditorlar minimum hədlərə əməl etmir və aşağı qiymətlərlə müqavilələr bağlayırlar. Bu halların qarşısını almaq üçün ciddi tədbirlərin görülməsi vacibdir. O qeyd etdi ki, tender və kotirovka prosedurlarının təşkili və keçirilməsi zamanı, həmçinin minimum hədlərə riayət olunmasında ciddi nöqsanlar və boşluqlar mövcuddur. Eyni zamanda, ehtimal olunan qiymətlərin müəyyən edilməsində də uyğunsuzluqlar müşahidə olunur. Bir çox auditorlar bu şərtlərə əməl etmirlər.

Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov çıxışında bildirdi ki, verilmiş rəylərin ləğv olunması mümkün deyil, çünki bu, auditin mahiyyətinə ziddir. O, Latviya təcrübəsinə istinad edərək qeyd etdi ki, orada minimum hədlərə əməl etməyən və düzgün olmayan rəy verən auditorların təkrar imtahana cəlb olunması tətbiq olunur. Bu imtahan isə altı mərhələli və olduqca çətin bir prosedurdur. Elnur İbrahimov həmçinin vurğuladı ki, tender və kotirovkaların təşkili, keçirilməsi və şərtlər toplusunun müəyyən olunması məsələləri Palatanın səlahiyyətlərinə aid deyil və bu barədə qərar qəbul edilə bilməz.

Müzakirə zamanı iştirakçılar rərəfindən verilən suallar Qəşəm Bayramov, Nəcəf Talıbov, Enur İbrahimov, Vasif Cavadov, Rövşən Cəfərli tərəfindən cavablandırılıb.

Müzakirədə Palatanın üzvləri və əməkdaşlarından ibarət 98 nəfər iştirak edib.

“Auditorun səsi” mövzusunda keçirilən müzakirənin nəticəsi 2025-ci il 24 iyun tarixli iclasın protokolu ilə rəsmiləşdirilmişdir.

 

Azərbycan Respublikasının Auditorlar Palatası