Həbibə Məmmədova: Çirkli pulların yuyulmasına qarşı mübarizədə xarici təcrübə - İQTİSADİYYAT QƏZETİ

İQTİSADİYYAT QƏZETİ

Dünya təcrübəsi göstərir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı ardıcıl və sistemli mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi inkişafın sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılması, istərsə də onun törədicisi olan korrupsiya hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla yanaşı, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Eyni zamanda çirkli pulların yuyulması və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlılığını sarsıdır.

Müasir dövrdə maliyyə cinayətlərinin qarşısının alınması, xüsusilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (ƏL) və terrorçuluğun maliyyələşdirilməsi (TMM) sahəsində effektiv nəzarət mexanizmlərinin formalaşdırılması hər bir ölkənin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə beynəlxalq təcrübə auditor nəzarətinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini təsdiqləyir.

Xüsusi qeyd etmək lazımdır ki, ƏL/TM-ə qarşı mübarizə inzibati yollardan daha çox qabaqlayıcı tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edir. Belə ki, risklərin müəyyən edilməsi və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, iqtisadi – maliyyə xarakterli cinayətlərin ümumilikdə və sahələr üzrə səbəblərinin xüsusiyyətlərinin və səviyyəsinin öyrənilməsi və bu zaman ixtisaslaşmış tədqiqatların nəticələrindən istifadə edilməsi, habelə qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın vacibliyi vurğulanmışdır.

Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (ƏL) və terrorçuluğun maliyyələşdirilməsi (TMM) ilə mübarizəyə dair görülən uğurlu işlər əsasən hüquqi mexanizmlərin gücləndirilməsi, institusional potensialın artırılması, təlim və maarifləndirmə tədbirləri və beynəlxalq əməkdaşlıq səviyyəsində formalaşdırılıb. Hüquqi əsaslar və institusional çərçivəsində Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planının təsdiqi barədə 2023-cü il 28 fevral tarixində Sərəncam imzalanmışdır. Bu plan aidiyyəti qurumlar arasında koordinasiyanı gücləndirmək, risklərin qarşısını almaq və səmərəli tədbirlər görmək məqsədini daşıyır.

Həmçinin Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə cinayət-hüquqi mexanizmlərin səmərəliliyini artırmaq, belə cinayətlərə məhkəmələrdə baxılması zamanı Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqində sistemli xarakter daşıyan nöqsanlara yol verilməsinin qarşısını almaq, bu sahədə qanunvericiliyin eyni cür tətbiqinə və hüquqi yanaşmanın sabitliyinə xidmət edən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə 2023-cü il 23 fevral tarixində “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı qəbul olunmuşdur.

Eyni zamanda da 2025-ci ilin iyulunda bir sıra qanunlarda, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilmiş, hansı ki hədəfli maliyyə sanksiyaları kimi yeni elementlər əlavə olunmuşdur.

Bu sahədə 20–21 sentyabr 2023-cü il tarixində Baş Prokurorluğun Elm‑Tədris Mərkəzində “istintaqda sübutetmənin xüsusiyyətləri” mövzusunda təlim keçirilmiş, hakimlər, DİN, Vergi xidməti və Maliyyə Monitorinqi Xidməti nümayəndələri bir araya gəlmişdir. Eyni zamanda 29–30 oktyabr 2024-cü il tarixində “həbs, qiymətləndirmə və müsadirə” proseslərini əhatə edən təlim təşkil olunmuşdur.

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əldə olunan əsas nailiyyətlərdən sırasında MONEYVAL (Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi üzrə Komitə) tərəfindən Azərbaycanda aparılan qiymətləndirmədə bu sahədə hüquqi və institusional bazanın gücləndirilməsi, effektli mübarizə sisteminin tətbiqinin yüksək dəyərləndirilməsidir.  Eyni zamanda son beş il ərzində terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək effektivlik, istintaq və məhkumlaşdırma üzrə uğurlu nəticələr də vurğulanmışdır.

Ölkəmizdə bu sahədə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti əsas koordinasiya orqanı kimi institusional rola sahib olmuşdur. Eyni zamanda, Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması, terrorçuluğun və kütləvi qırğın silahlarının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılmış və onun Katibliyi formalaşdırılmışdır. Bu qərarla həmçinin Şuranın tərkibi və iş qaydası təsdiq edilmiş, risk qiymətləndirməsinin dövri keçirilməsi mexanizmi müəyyənləşdirilmişdir. Katibliyin əsas funksiyaları Koordinasiya Şurasının qərar və tapşırıqlarının icrasını təmin etmək, ƏL/TMM üzrə milli fəaliyyət planlarının icrasını monitorinq etmək və müvafiq hesabatlar hazırlamaq, dövlət orqanları, nəzarət qurumları və özəl sektor arasında məlumat mübadiləsini təşkil etmək, beynəlxalq təşkilatlarla əlaqə qurmaq və hesabatlılıq sahəsində texniki dəstək göstərmək, təlim, maarifləndirmə və risk əsaslı yanaşmaların tətbiqi sahəsində təşəbbüsləri dəstəkləməkdən ibarətdir.

Azərbaycan Respublikasında ƏL/TMM sahəsində fəaliyyət göstərən dövlət qurumlarının təcrübəsinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatasının nümayəndə heyəti 2024-cü il 03–07 dekabr tarixlərində Pakistan Respublikasının Karaci şəhərinə ezam olunmuşdur. Ezamiyyət çərçivəsində Auditorlar Palatasının nümayəndələri Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) müvafiq strukturları ilə geniş təcrübə mübadiləsi aparmışlar.

 

Pakistan Respublikasının ƏL/TMM (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi) sahəsində formalaşdırdığı təcrübə bu istiqamətdə regional və beynəlxalq səviyyədə müasir standartlara cavab verən mexanizmləri əhatə edir. Xüsusilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) bu sahədə mühasiblər və auditorlar üçün xüsusi normativ çərçivə və peşəkar təlim mexanizmləri hazırlamışdır.

Təşkil olunan ezamiyyətin əsas məqsədi, Pakistanın auditor fəaliyyətində ƏL/TMM sahəsində tətbiq edilən normativ və praktiki yanaşmalarla tanışlıq, bu istiqamətdə istifadə olunan proqram təminatlarının öyrənilməsi və keyfiyyətə nəzarət mexanizmlərinin öyrənilməsi olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyətinin ICAP rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlər nəticəsində müəyyən istiqamətlər üzrə müzakirələr və təqdimatlar həyata keçirilmişdir.

ICAP-ın ƏL/TMM departamentinin rəhbəri Nori Mercant və onun komandası ilə keçirilən görüşlərdə Pakistanın ƏL/TMM sahəsində tətbiq etdiyi yanaşmalar, hesabatlılıq mexanizmləri, risk əsaslı yanaşmalar və audit şirkətləri üçün nəzərdə tutulan tələblər ətraflı şəkildə təqdim olunmuşdur. ICAP tərəfindən işlənmiş təlimat və siyasət sənədləri elektron şəkildə təqdim edilmişdir.

Zoom platforması üzərindən “İdenfo” adlı müştəri uyğunluğuna nəzarət proqramı ilə tanışlıq keçirilmiş, bu proqram müştəri məlumatlarının real vaxtda yoxlanılması, risk profilinin qiymətləndirilməsi və avtomatik hesabatlılıq imkanları ilə fərqlənir. “İdenfo” proqramının təqdimatı zamanı onun funksional imkanları və tətbiq sahələri barədə ətraflı məlumat verilmişdir. Həmçinin bu proqramın Azərbaycan Respublikasında fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiq potensialı ilə bağlı ilkin dəyərləndirmələr aparılmışdır.

Səfərin dördüncü günü ICAP-ın Keyfiyyətə nəzarət departamentinin rəhbəri Şeyx Bilal Şəms ilə keçirilən görüşdə Pakistan təcrübəsində audit keyfiyyətinə nəzarət mexanizmləri və bu sahədə aparılan yoxlamalar barədə məlumat verilmişdir.

Səfərin sonunda ICAP-ın Prezidenti Faruh Rahman və Şura üzvü Əli Lətif nümayəndə heyətini qəbul edərək, Azərbaycan-Pakistan əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulamış və Palataya xoş arzularını bildirmişdirlər.

Ezamiyyət çərçivəsində əldə olunan təcrübə, sənədlər və proqram təminatları Azərbaycan Respublikasında ƏL/TMM üzrə audit nəzarətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. ICAP tərəfindən təqdim olunmuş sənədlər artıq tərcümə edilmiş və xidməti istifadə üçün verilmişdir.

Bu sənədlər həm müfəttişlərin, həm də auditor təşkilatlarının praktiki fəaliyyətində istifadə edilərək, risk əsaslı yoxlamaların və hesabatlılığın keyfiyyətini artırmağa xidmət edəcəkdir.

Auditorlar hüquqi və maliyyə şəffaflığının təmin olunmasında mühüm rol oynayırlar. Onların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində əsas funksiyalarına şübhəli maliyyə əməliyyatlarının aşkarlanması, risk əsaslı yanaşmanın tətbiqi, hüquqi və normativ tələblərə uyğunluğun yoxlanılması, eləcə də hesabatlılıq mexanizmlərinin qiymətləndirilməsi daxildir.

ƏL/TMM sahəsində effektiv mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Audit və mühasibatlıq bu prosesin təməl sütunları olaraq maliyyə sisteminin şəffaflığını, hesabatlılığını və təhlükəsizliyini təmin edir. Bu səbəbdən, bu sahədə çalışan mütəxəssislərin biliklərinin artırılması, texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi zəruridir.

Pakistanın ICAP təcrübəsi auditor nəzarətində və ƏL/TMM mexanizmlərində sistemli yanaşmanın formalaşdırılması baxımından nümunəvi model təqdim edir. Azərbaycan nümayəndə heyətinin bu səfərdən əldə etdiyi bilik və materiallar ölkəmizdə bu sahədə tətbiq edilə biləcək qabaqcıl metodologiyaların əsasını təşkil edə bilər.

Bununla yanaşı qeyd etmək istərdik ki, 2023-cü il 01 dekabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2025-ci il 23–24 may tarixlərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda İsrail, Pakistan və Latviya kimi ölkələrin audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə ekspertləri iştirak etmişdir. Tədbirdə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) nümayəndə heyəti də iştirak edərək Pakistanın bu sahədəki təcrübəsini təqdim etmiş, eləcə də beynəlxalq əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılmışdır.

 

Eyni zamanda qeyd etmək istərdik ki, 2023-cü il 28 iyul tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və İsrailin Sertifikatlı İctimai Mühasiblər İnstitutunun (ICPAI) arasında Anlaşma Memorandumu imzalanmışdır. Əməkdaşlığın prioritet istiqamətlərindən biri ƏL/TMM sahəsində birgə fəaliyyətlərin təşkili və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Bu cür beynəlxalq əməkdaşlıqlar, yalnız təcrübə mübadiləsi baxımından deyil, həm də normativ bazanın təkmilləşdirilməsi və informasiya texnologiyalarının tətbiqi baxımından strateji əhəmiyyət daşıyırlar.

 

Həbibə Məmmədova

Azərbaycan Respublikası Auditorlar Palatasının

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına

və terrorçuluğun maliyyələşdirilməsinə qarşı  mübarizə şöbəsinin müdiri