Auditorlar Palatasının nümayəndə heyəti martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransında iştirak etmişdir.
2017-03-10
Auditorlar Palatasının nümayəndə heyəti martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransında iştirak etmişdir.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə , Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov çıxış edərək Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını vurğulayıb və bu sahədə həyata keçirilən islahatların artıq müsbət nəticələr verməyə başladığını, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verdiyini qeyd etmişlər. Nazir AmCham-la birlikdə keçirilən vergi konfranslarının artıq ənənəyə çevrildiyini vurğulayaraq, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsində müstəsna rol oynadığını, AmCham-la Vergilər Nazirliyinin münasibətlərinin səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirmişdir. “Şəffaflığa doğru birlikdə” adı altında təşkil olunan vergi konfransının devizinin müasir çağırışlara söykəndiyini vurğulayan F.Məmmədov Vergilər Nazirliyinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmşdır.
AmCham-ın prezidenti Nuran Kərimov Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulamış, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən 6-cı vergi partnyorluğu mövzusunda Konfranslar təşkil edildiyini, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparıldığını, konkret təkliflər irəli sürüldüyünü bildirmişdir.
Konfransda Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinovun “Vergi inzibatçılığında islahatlar və struktur təkmilləşdirilməsi”, “Azərsun Holding”-in Baş İcraçı Direktoru Savaş Uzan və ’Deloitte & Touche” MMC-nin Vergi üzrə direktoru Emil Qarayevin “Şəffaf vergi uçotu”, “Mastercard” şirkətinin ölkə meneceri Alper Meriçin və EY-ın Baş Vergi meneceri Zaur Qurbanovun “Nağdsız ödənişlər və onların faydaları”, BP-nin Regional Vergi və Gömrük xidmətləri üzrə Meneceri Ceyhun Məmmədovun və PwC şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayevin “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və könüllü əməletmə”, Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədovun “Vergi xidmətləri vergi sistemində aparılan islahatlarda lokomotiv rolunda”, “Rabitəbank”ın İdarə Heyətinin sədri Elçin Qədimovun və “KPMG Azərbaycan”-ın Partnyoru, Vergi və Hüquq departamentinin rəhbəri Müşfiq Əliyevin “Vergi tənzimləməsinin maliyyə sektoruna təsiri”, “Baker Tilly Azerbaijan”-ın Vergi və Hüquq xidmətləri üzrə baş meneceri Azər Əkbərovun “Transfer qiymətləri, “BDO Azerbaijan”-ın Hüquq xidmətinin direktoru Sabit Abdullayevin “Vergidən yayınmanın qarşısının alınması: praktiki çətinliklər”mövzularında təqdimatları dinlənilmişdir.
Konfransın sonunda Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, “Deloitte & Touche”, ”EY Azərbaycan”, “PwC Azərbaycan” və “KPMG Azərbaycan” arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Tədbirdə AmCham-ın üzvləri, diplomatik korpusun nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak etmişlər.
http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1434&lang=