Bu gün, 14 noyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) və Qazaxıstan Respublikası Auditorlar Palatasının nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib.
Görüşün məqsədi Auditorlar Palatası və KGK arasında audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, iki qardaş ölkənin tənzimləyici qurumları arasında auditin keyfiyyətinə nəzarət, ƏL/TM-ə və haqsız rəqabətə qarşı mübarizə, auditorlarının sertifikasiyası sahələrində birgə əməkdaşlıq perspektivlərinin, habelə türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin yaradılması məsələlərinin müzakirəsindən ibarət olub.
Görüşdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, KGK-nın 2-ci sədri Hayrettin Kurt, sədr müavini Murat Yünlü, Mühasibat uçotu standartları üzrə şöbə müdiri Mehmet Şirin, Qazaxıstanın Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan, Azərbaycan Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, icraçı direktoru Səbuhi Gülməmmədov, Aparat rəhbəri Qəşəm Bayramov, sədrin müşaviri Fəqan Qarayev, idarə rəisi Qoşqar Əhmədov, idarə rəisinin müavini Afiqə Bayramova, şöbə müdiri Zaur Almazov, İqtisadi araşdırmalar və təhlil mərkəzinin rəhbəri Radil Fətullayev iştirak ediblər.
İlk öncə Palatanın sədri Vahid Novruzov qonaqları salamlayıb və Türkiyənin hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra, V.Novruzov Azərbaycanın Auditorlar Palatasının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılması və fəaliyyətə başladığı dövrdən etibarən ölkə Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq Palata tərəfindən auditin təşkili və tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər, onun vəzifələri, funksiyaları və müasir dövrün çağırışlarına uyğun olaraq auditorların üzrərlərinə düşən öhdəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra KGK-nın 2-ci sədri Hayrettin Kurt öz növbəsində tədbir iştirakçılarını salamlayıb, görüşün baş tutmasına görə KGK-nın prezidenti Hasan Özçelik və öz adından V.Novruzova dərin minnətdarlığını bildirib. O, KGK-nın Auditorlar Palatası ilə auditor fəaliyyətinin təşkili, tənzimlənməsi, auditin keyfiyyətinə nəzarət, Beynəlxalq Audit Standartlarının və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Beynəlxalq Dayanıqlı İnkişafa dair Standartların tətbiqi və digər mühüm sahələrdə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. KGK-nın sədr müavini Murat Yünlü, Mühasibat Uçotu Standartları üzrə şöbə müdiri Mehmet Şirin öz Azərbaycanlı həmkarları ilə peşəkar müzakirələr aparıblar.
Görüşdə Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin təsis edilməsi məsələsi diqqət mərkəzində olub. Qeyd edilib ki, belə birliyin yaradılması aşağıdakı strateji məqsədlərə xidmət edəcəkdir:
- Türkdilli dövlətlər arasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, audit və mühasibatlıq standartlarının ortaq prinsiplər əsasında həyata keçirilməsi;
- Üzv dövlətlərin auditorlarının qarşılıqlı tanınması, sertifikatlaşdırma sistemlərinin yaxınlaşdırılması və peşəkar mübadilənin asanlaşdırılması;
- Birgə ixtisasartırma və təlim proqramlarının təşkili, ortaq tədris materiallarının hazırlanması və gənc mütəxəssislərin beynəlxalq səviyyədə yetişdirilməsi;
- Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) kimi nüfuzlu tənzimləyici təşkilatlara birgə assosiativ üzvlük təşəbbüslərinin irəli sürülməsi və bu platformada türkdilli ölkələrin maraqlarının təmsil edilməsi;
- İqtisadi şəffaflığın və hesabatlılığın artırılması, regionda sabit və etibarlı maliyyə idarəetməsinin formalaşmasına peşəkar töhfə verilməsi.
Tədbirdə Qazaxıstanın Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan çıxış edərək Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumları Birliyinin yaradılması təşəbbüsünə görə Azərbaycanın Auditorlar Palatasına öz dərin minnətdarlığını ifadə edib və təmsil etdiyi qurumun rəhbərliyi adından hazırlanmış rəsmi müraciəti səsləndirib.
Müraciətdə deyilir:
- « Hörmətli həmkarlar, qardaş təşkilatların dəyərli nümayəndələri!
Məlum olduğu kimi, dövlətlərimiz və xalqlarımız hər keçən gün Türk birliyinin gücləndirilməsi məsələlərinə — həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də peşəkar icmalar arasında əməkdaşlığın dərinləşdirilməsi vasitəsilə daha çox diqqət ayırır.
Bu gün qarşımızda gələcək nəsillərə hesablanmış mühüm və strateji perspektivlər açılır. Bu perspektivlər iqtisadiyyatı, mədəniyyəti, təhsili, standartlaşdırmanı və əməkdaşlığın digər vacib sahələrini əhatə edir.
Bu kontekstdə biz Azərbaycan Auditorlar Palatasının təqdim etdiyi Türk Dünyası Ölkələrinin Auditorlar Şurasının yaradılması təşəbbüsünü səmimiyyətlə dəstəkləyirik. Belə bir Şuranın peşəkar əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi, yanaşmaların harmonizasiyası və ortaq layihələrin inkişafı üçün səmərəli platforma olacağına inanırıq.
Bu təşəbbüsün ən qısa zamanda — elə bu gündən etibarən — həyata keçirilməsini vacib hesab edirik.
Bundan əlavə, ümumi tariximizi və mədəni irsimizi əks etdirən simvolik addım olaraq ox qabları — qolçanlar hazırlamışıq. Qolçan silah deyil; əksinə, bir məqsəd uğrunda birləşmiş oxların birliyini ifadə edən bir rəmzdir. Hər ox bir iştirakçı dövləti təmsil edir. Hazırda beş ox hazırlanmışdır — Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan.
Bu rəmz bir fikri çatdırır: hər bir ölkə təkbaşına güclüdür, lakin əsl yenilməzlik qardaş xalqlarla birlikdə mümkün olur.
Üç təşkilat arasında yüksək səviyyəli uzlaşmanı nəzərə alaraq, digər iki ölkənin rəsmi cavabını gözləmədən, əldə olunmuş qarşılıqlı anlaşma əsasında Türk Dünyası Auditorlar Şurasının yaradılması barədə razılığa gəldiyimizi elan etməyi təklif edirik.
İlk addım olaraq Şuranın konsepsiyasını, məqsədlərini, vəzifələrini, strukturunu və əməkdaşlıq mexanizmlərini hazırlayacaq işçi qrupunun yaradılmasını təklif edirik.
Hörmətli həmkarlar, biz bu təşəbbüsü sadəcə layihə kimi deyil, ortaq Türk evimizin möhkəmləndirilməsinə töhfə kimi qiymətləndiririk. Gələcək Şura peşəkar birliyin, qarşılıqlı anlaşmanın və qardaşlıq əməkdaşlığının yeni rəmzinə çevriləcəkdir.
Sözlərimi ortaq ruhumuzu ifadə edən bu fikirlə tamamlayıram:
«Biz türklər bir-birindən ayrılmaz oxlar kimiyik; hamımız bir yəhərdə — bu bizim tariximizi əks etdirir və bizi birgə gələcəyə aparır».
Sonda KGK-nın 2-ci sədri Hayrettin Kurt Palatanın “Fəxri qonaqlar” kitabına öz ürək sözlərini yazıb və qonaqlarla xatirə fotoşəkilləri çəkilib.

Qalareya