2017-ci il 27 fevral tarixində Bakı şəhərində Azərbaycan- Bolqarıstan Audit Forumu keçirilmişdir

2017-ci il 27 fevral tarixində Bakı şəhərində Azərbaycan- Bolqarıstan Audit Forumu keçirilmişdir

2017-02-27

2017-ci il 27 fevral tarixində Bakı şəhərində Azərbaycan- Bolqarıstan Audit Forumu keçirilmişdir

2017-ci il 27 fevral tarixində Bakı şəhərində “Hilton” otelində Azərbaycan Respublikası Auditorlar Palatasının və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Bolqarıstan Audit Forumu” keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq iştirakçıların nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 4 aprel tarixində Auditorlar Palatasının fəaliyyətə başlamasının 20-ci ildönümü münasibətilə Palatanın kollektivinə və üzvlərinə göndərdiyi təbrik məktubunda qeyd edilmişdir ki, “yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir”. 

Ölkə Prezidentinin bu proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, beynəlxalq təcrübədən daha səmərəli bəhrələnmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası ilə 40-a yaxın xarici ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu siyahıya bu gündən Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu da daxil oldu.

Vahid Novruzov bildirdi ki, yeni tərəfdaşımız - Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. İnstitutun Bolqarıstanda audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər, bütövlükdə auditin tənzimlənməsi, keyfiyyətə nəzarət problemlərinə göstərdikləri diqqət bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaqdır.

Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun prezidenti Boyko Kostov auditin Avropa İttifaqı ölkələri arasında vacib sahələrdən biri olduğunu söyləyərək qeyd etdi ki, bu gün audit sahəsi üzrə Avropada geniş islahatlar aparılmış və bu sahə demək olar ki, yenidən tənzimlənmişdir.

Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda hazırda mühasibat sahəsinin inkişafı üzrə ayrıca istiqamət formalaşmışdır.

Boyko Kostov əminliklə vurğulamışdır ki, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlıq gələcəkdə bir ənənəyə çevriləcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə Azərbaycan-Bolqarıstanın tarixindən, ölkələr arasında sıx əlaqələrdən və bu gün hər iki qurum arasında əməkdaşlığa dair imzalanacaq sənədin əhəmiyyətindən danışaraq hamıya uğurlar arzuladı.    

Tədbirdə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, Azərbaycan və Bolqarıstan auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılmışdır.

Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilmişdir.

Tədbirdə Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun nümayəndə heyəti ilə birgə, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, Auditorlar Palatasının əməkdaşları, üzvləri və Fəxri üzvləri iştirak etmişlər.

Forumda Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun İdarə heyətinin üzvləri: Dimitar Jeliazkov və Petko Dimitrov, Auditorlar Palatasının Şurası yanında Milli auditə dəstək üzrə komitənin sədri, “MAK Аzərbaycan LTD” ММC-nin direktoru Zamin Hüseynov, Auditorlar Palatasının Fəxri üzvləri: Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Cəmilə Namazova və digərləri çıxış edərək auditin müasir problemlərinin həllinə dair peşəkar müzakirələr aparmışlar.