Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov “Satınalmalarda saxtakarlıq hallarının qarşısının alınması və onunla mübarizə” mövzusunda keçirilən təlimdə iştirak edib.

Noyabrın 27-də Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG) çərçivəsində həyata keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə təşkil olunan “Satınalmalarda saxtakarlıq hallarının qarşısının alınması və onunla mübarizə” mövzusunda keçirilən təlim baş tutub.

Təlimin məqsədi dövlət və özəl sektorda satınalma proseslərinin şəffaflığının artırılması, saxtakarlıq risklərinin azaldılması, həmçinin beynəlxalq təcrübəyə uyğun qabaqcıl nəzarət və audit metodlarının tətbiqinin təşviq olunmasıdır.

Təlimdə yerli və beynəlxalq ekspertlər tərəfindən satınalmalar üzrə risklərin idarə edilməsi, korrupsiya hallarının aşkarlanması mexanizmləri, rəqəmsal audit alətlərinin tətbiqi və qabaqlayıcı nəzarət modelləri müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Petr Zix tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlət satınalmalarında şəffaflığın və hesabatlılığın artırılması həm yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, həm də iqtisadi cinayətkarlığın qarşısının alınması baxımından xüsusi önəm daşıyır. O qeyd edib ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən həyata keçirilən PGG III proqramı çərçivəsində Azərbaycanda bu sahədə institusional potensialın gücləndirilməsi, müasir nəzarət mexanizmlərinin tətbiqi və beynəlxalq standartlarla uyğunluğun artırılması məqsədilə geniş fəaliyyətlər həyata keçirilir. Onun sözlərinə görə, bu kimi təlimlər bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma yaradaraq iştirakçıların peşəkar bacarıqlarının gücləndirilməsinə töhfə verir.

Daha sonra Avropa Şurasının ekspertləri xanım Simona H.Bosiger və cənab Maykl Halepas tərəfindən sual-cavab sessiyaları həyata keçirilib.

Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarəedilməsi idarəsinin rəisi bu mövzu ilə əlaqədar öz suallarını məruzəçilərə ünvanlayıb və suallar ətrafında ölkədə auditorların tənzimlənməsinə dair müzakirələr aparılmışdır.

Təlimin sonunda iştirakçılar satınalmalarda saxtakarlığın qarşısının alınması ilə bağlı müasir metodologiyalar, risklərin qiymətləndirilməsi və qabaqlayıcı nəzarət mexanizmləri üzrə praktiki biliklər qazanıblar. Təlim proqramı çərçivəsində aparılan qrup işləri və situasiya təhlilləri iştirakçıların real halların təhlili, risk indikatorlarının müəyyənləşdirilməsi və effektiv audit yanaşmalarının tətbiqi bacarıqlarını daha da gücləndirib.

   

Qalareya