Auditorlar Palatasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Auditorlar Palatasında 2025-ci il 10 dekabr tarixində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstinin qoyulması ilə başlayıb. Sonra isə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videofilm nümayiş etdirilib. Daha sonra açılış nitqi ilə çıxış edən Auditorlar Palatasının sədri, professor Vahid Novruzov müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətləri barədə çıxış edib. Bildirilib ki, beynəlxalq normalara əsaslanan demokratik dövlətin qurulması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xidmətləridir. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ölkəmizdə  auditor xidmətinin  dövlət tənzimlənməsinin  normativ hüquqi  əsası «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu 1994-cü ilin 15 sentyabr tarixində ulu öndərimiz Heydər Əliyev  tərəfindən  imzalanmaqla  qoyulmuşdur.  Ulu Öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edərək, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Vahid Novruzov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir rəhbərin yetişdirməsini və həmin layiqli varisin 20 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğulayıb. Daha sonra V.Novruzov bildirib ki, Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. İşğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir. Vahid Novruzov tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etməyin mümkünsüzlüyünü qeyd edərək, Ulu Öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözlərini yada saldı: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!” 

Ulu öndər fiziki dünyamızdan ayrılandan sonra Möhtərəm cənab prezidentimiz İlham Əliyev, atasının siyasət məktəbini davam etdirərək, liderlik qabiliyyəti, diplomatik bacarıqları və iradəsi ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Ulu Öndərin yaratdığı nüfuzu qorudu. Bu, həm gənc nəsillərin, həm də siyasi elitanın etimadını bərpa etdi.

Möhtərəm cənab İlham Əliyev ata siyasətinin davamlılığını təmin etməklə, iqtisadi və sosial siyasəti möhkəmləndirməklə, xalqın etimadını qoruyaraq və ideoloji irsi yaşadaraq bütün sarsıntıları uğurla bərpa etdi. Bu, Azərbaycan dövlətçiliyində ardıcıllığın, stabil liderliyin və xalqın dövlətinə inamının simvoludur.

Bu gün Ulu Öndəri anmaqla biz həm də onun bizə qoyduğu vəsiyyəti yenidən xatırlayırıq: Azərbaycanın müstəqilliyini əbədiləşdirmək, xalqımızın rifahını təmin etmək, dövlətçiliyimizi daim ucalarda saxlamaq.

Xalqımızın qəlbində yaşayan bu böyük şəxsiyyət ULU ÖNDƏRİMİZ Azərbaycan var olduqca yaşayacaq.

Daha sonra tədbirdə “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, “BAKI HESABAT MƏRKƏZİ” MMC-nin direktor-auditoru Mehdi Babayev, Sərbəst auditor Akif Ağayev, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatasının Kargüzar-Kitabxanaçısı Ləman Hüseynova, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Vüqar Sərdarov, “Parker Russell Azerbaijan” MMC-nin direktor-auditoru Elnurə Abdinova, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov geniş məruzə ilə çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər.

Məruzəçilər bildirdilər ki, Ulu Öndər Heydər Əliyev də tarix yaradan nadir insanlardan , dahi şəxsiyyətlərdəndir.

Ümummilli Lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi  dövrləri, yüksək vəsifələrdə olduğu illəri qələmə alırlar ki, bu da təbiidir həm də gələcək nəsil üçün bir töhfədir.

2003-cü ilin dekabrında Heydər Əliyevin vəfatı Azərbaycan xalqı üçün sadəcə yas deyildi. Sanki, bir millətin dayağı itirildi. Onun itkisi millət üçün niyə bu qədər ağır idi? Çünki xalq ona yalnız siyasətçi kimi baxmırdı. O, xalqın gözündə təhlükəsizlik idi. O, sabitlik idi. O, ata kimi bir sığnaq idi. Sarsıntının dərinliyi Heydər Əliyevin böyüklüyünün ən aydın sübutlarından biri oldu. Lakin o, elə bir irs qoyub getdi ki, bu gün biz onun yoxluğunu acı ilə xatırlasaq da, yaratdığı dövlətçilik sistemi bizim ən böyük gücümüzdür. O, özündən sonra boşluq yox, bir yol, bir məktəb, bir düşüncə tərzi qoyub getdi.

Ulu Öndərin həyatının əsl dəyərini, zamanı qabaqlamaq istedadının və tarix yaratmaq bacarığının əsl mahiyyətini dərk etmək üçün yalnız rəhbər vəzifələrdə çalışdığı illəri araşdırmaq kifayət deyil. Onun mənalı həyatının hər günü, hər anı, qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamanı mat qoyan yaddaşı, qeyri-adi natiqlik qabiliyyəti, istedadının müxtəlif formalarda təzahürü, şəxsiyyətin formalaşması mərhələləri tarixi hadisələrlə zəngin unudulmaz salnamədir.

Tədbir Kargüzar-Kitabxanaçı Ləman Hüseynovanın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeiri ilə bitib.

                                              

Heykəlinə baxıram,

Rəhbər xəyala dalıb.

Çiçəklənən ölkəmiz

Ondan yadigar qalıb.


Səsini dinləyəndə

Güc gəlib qolumuza.

Zəkası günəş kimi

Nur səpib yolumuza.

 

Doğma Azərbaycanı

Gülüstana döndərib.

Hamımızın qəlbində

Heykəli var öndərin.