Auditorlar Palatasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib - AZƏRTAC

Bakı,10 dekabr, AZƏRTAC

Auditorlar Palatasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş onlayn tədbir keçirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstinin qoyulması ilə başlayıb. Sonra isə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videofilm nümayiş etdirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətləri barədə danışıb. Bildirilib ki, beynəlxalq normalara əsaslanan demokratik dövlətin qurulması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xidmətləridir. Ona görə də, haqlı olaraq müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsinin normativ-hüquqi əsası “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 1994-cü ilin sentyabrın 15-də Ulu Öndərimiz Heydər Əliyev tərəfindən imzalanmaqla qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edərək, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

V.Novruzov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir rəhbərin yetişdirməsini və həmin layiqli varisin 20 ildir Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğulayıb. V.Novruzov qeyd edib ki, Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. İşğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır: “Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub. Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir”.

V. Novruzov tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etməyin mümkünsüzlüyünü qeyd edərək, Ulu Öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın aşağıdakı sözlərini yada saldı: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

Qeyd olunub ki, Ulu Öndər fiziki dünyamızdan ayrılandan sonra Prezident İlham Əliyev, atasının siyasət məktəbini davam etdirərək, liderlik qabiliyyəti, diplomatik bacarıqları və iradəsi ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Ulu Öndərin yaratdığı nüfuzu qoruyaraq, həm gənc nəsillərin, həm də siyasi elitanın etimadını bərpa etdi.

Dövlətimizin başçısı İlham Əliyev ata siyasətinin davamlılığını təmin etməklə, iqtisadi və sosial siyasəti möhkəmləndirməklə, xalqın etimadını qoruyaraq və ideoloji irsi yaşadaraq bütün sarsıntıları uğurla bərpa etdi. Bu, Azərbaycan dövlətçiliyində ardıcıllığın, stabil liderliyin və xalqın dövlətinə inamının simvoludur. Bu gün Ulu Öndəri anmaqla Azərbaycan xalqı həm də onun bizə qoyduğu vəsiyyəti yenidən xatırlayır: Azərbaycanın müstəqilliyini əbədiləşdirmək, xalqımızın rifahını təmin etmək, dövlətçiliyimizi daim uca saxlamaq.

Xalqımızın qəlbində yaşayan böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan var olduqca yaşayacaq.

Daha sonra tədbirdə “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, “Bakı Hesabat Mərkəzi” MMC-nin direktor-auditoru Mehdi Babayev, sərbəst auditor Akif Ağayev, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatasının Kargüzar-Kitabxanaçısı Ləman Hüseynova, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Vüqar Sərdarov, “Parker Russell Azerbaijan” MMC-nin direktor-auditoru Elnurə Abdinova, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər.

Məruzəçilər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tarix yaradan nadir insanlardan, dahi şəxsiyyətlərdəndir.

Tədbir kargüzar-kitabxanaçı Ləman Hüseynovanın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeiri ilə bitib.

 

Heykəlinə baxıram,

Rəhbər xəyala dalıb.

Çiçəklənən ölkəmiz

Ondan yadigar qalıb.

Səsini dinləyəndə

Güc gəlib qolumuza.

Zəkası günəş kimi

Nur səpib yolumuza.

Doğma Azərbaycanı

Gülüstana döndərib.

Hamımızın qəlbində

Heykəli var öndərin.