Auditorlar Palatasında 20 Yanvar faciəsi qeyd edilib

Auditorlar Palatasında 2026-cı ilin 19 yanvar tarixində 20 yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib.

Auditorlar Palatasının sədr  müavini Fəxrəddin İsmayılov tədbiri açıq elan etdikdən sonra 20 Yanvar Qətliamında həyatını itirən şəhidlərimiz başda olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Auditorlar Palatasının sədr müavini bildirib ki,  20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Azərbaycan xalqına qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru insanlığa, hüquqa, demokratiyaya zidd addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmişdir. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və onun quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqillik ideyaları reallığa çevrildi.

Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Palata sədrinin müavini bildirib ki, Qanlı yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Həmin hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübuta yetirdi.

Sonra tədbirdə Auditorlar Palatasının üzvləri: Misir Əhmədov – “Azərbeynəlxalq audit xidməti” MMC-nin direktor-auditoru, Əlimuxtar Bağırov – “İnter Audit” MMC-nin direktor-auditoru, Yasin Şirinov – “AZƏRİ AUDİT SERVİS” MMC-nin direktor-auditoru, Roman Hüseynov – “Naxçıvan Muxtar Respublikası Auditor təşkilatı”nın direktor-auditoru, Elnurə Abdinova – “Parker Russell Azerbaijan” MMC-nin direktor-auditoru, Sərbəst auditorlar  İlham Süleyman , Şərif Bəşirov, Akif Ağayev, Kadr hazırlığı idarəsinin rəisi – Elmira Hacıyeva, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri – Məhluqə Hüseynova bu qanlı hadisələrin canlı şahidləri olduqlarını və o gecənin ağrısını yaşadıqlarını bildiriblər.

Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Sonda tədbir iştirakçıları 20 Yanvar şəhidlərinə Allahdan rəhmət diləyib, onların ruhları qarşısında baş əyərək şəhidlərimizin daima qəlblərimizdə yaşayacaqlarını bildirmişlər.

 

  

Qalareya