Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinə!
Hörmətli üzvlər!
Azərbaycan Respublikasının Auditorlar Palatası və Türkiyə Respublikasının İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) arasında institusional əməkdaşlıq çərçivəsində hər iki qurumun üzvləri üçün cari ilin 4 mart tarixində saat 16:00-da IFRS 18 – “Maliyyə Hesabatlarının Təqdimatı və Açıqlamalar” mövzusunda təlim keçiriləcəkdir.
Təlimin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) yeni tələbləri çərçivəsində IFRS 18-in mahiyyəti, tətbiq sahələri və mövcud maliyyə hesabatlılığı praktikasına təsirləri barədə auditorların peşəkar bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimdə aşağıdakı mövzular əhatə olunacaqdır:
* IFRS 18-in tətbiq sahəsi və məqsədi, MUBS 1 ilə müqayisəli yanaşma;
* Maliyyə vəziyyəti və mənfəət və ya zərər hesabatında yeni struktur yanaşmalar;
* Əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətləri üzrə gəlir və xərclərin yenilənmiş təsnifat prinsipləri;
* İdarəetmə tərəfindən müəyyən edilən performans göstəricilərinin (Management-defined Performance Measures – MPM) tanınması, açıqlanması və üzləşdirilməsi tələbləri;
* Açıqlama tələblərində dəyişikliklər və istifadəçilər üçün informasiya faydalılığının artırılması;
* IFRS 18-in IAS 1-i əvəz etməsi, qüvvəyə minmə tarixi və keçid müddəalarının praktik tətbiqi;
* IFRS 18 dəyişikliklərinin audit prosedurlarına, auditor mühakiməsinə və hesabatlılıq keyfiyyətinə təsirləri;
* IFRS 18-in tətbiqinə dair ən çox yol verilən səhvlər və audit üzrə risk sahələri;
* MPM göstəricilərinin auditində praktik yanaşmalar və yeni subtotal-ların (xüsusilə operating profit) yoxlanması üzrə nümunələr;
* “Real case”lər əsasında təqdimat və klassifikasiya problemlərinin təhlili.
Təlimdə iştirak Palatanın üzvləri üçün ödənişsizdir və aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçməyiniz zəruridir: https://eys.kgk.gov.tr/
Qeyd: Qeydiyyat zamanı açılan pəncərədə “TFRS 18” seçilir, daha sonra “Türkiye vatandaşı değilim / I am not a Turkish citizen” üzərinə tıklayaraq, “Institution” bölməsində təmsil etdiyiniz auditor təşkilatının adı və ya sərbəst auditor qeyd olunur, daha sonra ad və soyad daxil edilərək qeydiyyat tamamlanır.
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI