Bakıda iqtisadi təhlükəsizlik və maliyyə şəffaflığı sahəsində mühüm elmi-praktiki nəşrin təqdimatı keçirilib

4 mart 2026-cı il tarixində Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında iqtisadi islahatların dərinləşməsi və maliyyə sisteminin şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən “Hesabatlılıq və Audit: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” adlı kitabın təqdimat mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Azərbaycanın beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirdiyini diqqətə çatdırıb. Z.Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın ƏL/TMM sisteminin 2023-cü ildə başa çatmış 5-ci raund qiymətləndirilməsinin uğurla nəticələnməsini dövlətimizin bu sahədəki qətiyyətli addımlarının beynəlxalq təsdiqi kimi dəyərləndirib.

Z.Fətizadə həmçinin maliyyə kəşfiyyatı sahəsində tətbiq edilən ən son texnoloji yeniliklərdən bəhs edərək qeyd edib:

“Azərbaycan qanunvericiliyinin ƏL/TM sahəsində baş verən cinayətlərin ağır cəzalandırılmasını nəzərdə tutması, bu cinayətlərin ən yüksək səviyyədə təqibi dövlətin maliyyə təhlükəsizliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir və iqtisadi sabitliyin qorunmasına, beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu mübarizənin gücləndirilməsi iqtisadi sabitliyi qoruyur, xarici investisiyaların cəlb edilməsini, ümumi iqtisadi inkişafı stimullaşdırır, Ölkəmizin beynəlxalq maliyyə sistemindəki mövqeyini möhkəmləndirir. Bu fəaliyyətlər yalnız hüquqi və iqtisadi aspektlərdən deyil, həm də dövlətin beynəlxalq imicinin və ümumi təhlükəsizlik vəziyyətinin gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, bu mübarizə davamlı səylər, güclü hüquqi baza, effektiv inzibatçılıq, beynəlxalq əməkdaşlıq tələb edir və Ölkəmiz bu sahədə fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qətiyyətlə davam etdirir. Çünki maliyyə təhlükəsizliyinin qorunması, təkcə bu günün deyil, həm də gələcəyimizi təmin edəcək əsas amillərdən biridir”.

Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov kitabın ərsəyə gəlmə zərurətindən və ölkəmizdə həyata keçirilən antikorrupsiya siyasətindən bəhs edib. V.Novruzov vurğulayıb ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (ƏL/TMM) qarşı kəsərli mübarizə aparmadan əlverişli investisiya mühitinin formalaşması və maliyyə bazarının dayanıqlılığı mümkün deyildir.

V.Novruzov qeyd edib ki, qanunvericiliyin və dövlət proqramlarının auditorlar qarşısında yaratdığı öhdəliklərin icrasını günün tələbləri səviyyəsində təmin etmək məqsədilə Auditorlar Palatası bu sahədə öz fəaliyyətinə ilk növbədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ bazanın yaradılmasından başlayıb. Hələ 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən az bir müddət sonra Palata tərəfindən bu qanunun auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə metodik göstəriş” təsdiq olunmuş, növbəti illərdə isə qanunvericiliyin və dövlət proqramlarının yaratdığı öhdəliklərin hər bir istiqaməti üzrə müvafiq qayda, təlimat, metodik göstəriş və s. materiallar hazırlanıb. Eyni zamanda bu istiqamətdə zəruri təlim proqramları, nəzarət, araşdırma və intizam tədbirləri üzrə də müvafiq sənədlər tərtib edib.

Sonra  kitabın müəllifləri –Auditorlar Palatasının Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov və Sərbəst auditor Şamxal Kərimov nəşrin metodoloji əsasları barədə məlumat veriblər. Bildirilib ki, hazırkı qlobal iqtisadi mühitdə uğur qazanmaq üçün təkcə texnoloji yeniliklər kifayət deyil, həm də idarəetmə fəlsəfəsində köklü dəyişikliklərə ehtiyac var.

Şamxal Kərimov xüsusilə daxili resursların optimallaşdırılması və kadr potensialının rəqəmsal transformasiyaya uyğunlaşdırılması məsələsinə toxunub. O bildirib ki, innovasiya sadəcə yeni avadanlıqların alınması deyil, iş proseslərinin daha çevik və səmərəli qurulmasıdır. Ş.Kərimovun fikrincə, yerli mütəxəssislərin bilik və bacarıqlarının mütəmadi artırılması, gələcək layihələrin dayanıqlılığı üçün əsas təminatdır.

Daha sonra Elnur İbrahimov mövzunu strateji tərəfdaşlıq və korporativ kommunikasiya müstəvisində davam etdirib. O vurğulayıb ki, şəffaflıq və qarşılıqlı etimad prinsipləri üzərində qurulmayan heç bir biznes modeli uzunömürlü ola bilməz. E.İbrahimovun sözlərinə görə, müasir bazar şərtlərində rəqabətədavamlılığı qorumaq üçün rəqəmsal həllərlə insani dəyərlərin sintezini yaratmaq, tərəfdaşlarla münasibətləri yeni müstəviyə daşımaq lazımdır.

Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının və Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi və nümayəndələri, Milli Məclisin deputatı, iqtisadçı-alim, akademik Ziyad Səmədzadə,  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Müzakirədə iştirak edən qonaqlar çıxış edərək, nəşrin ölkəmizin elmi və praktiki kitabxanasına böyük töhfə olduğunu bildiriblər. Natiqlər vurğulayıb ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin yeni dövrün çağırışları ilə uzlaşdırılması milli təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir və təqdim olunan bu fundamental nəşr yalnız nəzəri vəsait deyil, həm də praktiki fəaliyyətdə qarşıya çıxan çağırışların həlli üçün konseptual baza rolunu oynayır.

Mərasim çərçivəsində iştirakçılara kitabın nüsxələri təqdim edilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Ekspertlər yekdil rəy bildiriblər ki, bu kitab auditorların, mühasiblərin və maliyyə nəzarəti orqanları əməkdaşlarının peşəkar hazırlığının artırılması, nəticə etibarilə Azərbaycanın beynəlxalq maliyyə reytinqlərindəki mövqeyinin daha da yüksəlməsinə və milli iqtisadiyyatın şəffaf əsaslarla inkişafına birbaşa töhfə verəcəkdir.

Təqdimat mərasimi müasir dövrün iqtisadi təhdidlərinə qarşı vahid platformadan çıxış etməyin və bilik mübadiləsinin vacibliyini bir daha təsdiqləyib.