Auditorlar Palatasının əməkdaşları təltif edilib

2026-cı il 08 aprel tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon ərazi təşkilatlarının sədrləri ilə görüş keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Partiyanın zəngin tarixindən və ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin mürəkkəb və taleyüklü dövrdə təşkilatı yaradaraq dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri xatırladıb. Bildirilib ki, bu siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, ölkəmiz mühüm nailiyyətlərə imza atır. M.Nağıyev çıxışında, həmçinin rayon üzrə ərazi təşkilatlarının fəaliyyətinə toxunaraq onların partiyanın ideoloji xəttinin yerli səviyyədə təbliğində və təşkili işlərində mühüm rol oynadığını bildirib.

Partiyanın keçdiyi zəngin inkişaf yolundan, müasir dövrdə əldə olunan uğurlardan danışan YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Səbail rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən təşəbbüslərin partiyanın məqsəd və prinsiplərinə uyğun şəkildə uğurla reallaşdırıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, ərazi təşkilatları partiya ilə cəmiyyət arasında mühüm körpü rolunu oynayır, vətəndaşların partiyaya cəlb olunmasında, həmçinin partiya əqidəsi ətrafında sıx birləşmənin təmin edilməsində xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, tədbir zamanı Auditorlar Palatası İlk Ərazi Partiya təşkilatının da fəaliyyəti  yüksək qiymətləndirilib və Palatanın əməkdaşları, YAP-ın fəal üzvləri  Daxili auditor Şəfiqə Əsgərova və Auditin təşkili, hesabatlılıq və icra intizamına nəzarət idarəsinin rəis müavini Nigar İsmayılova partiya tapşırıqlarının icrasında yüksək məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirdiklərinə, sosial media qurupunda xüsusi fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif ediliblər.

Əməkdaşlarımızı biz də təbrik edirik!