“Auditor fəaliyyətinə nəzarətin hüquqi əsasları” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətin idarə edilməsi şöbəsinin keyfiyyətə kənar nəzarət üzrə müfəttişlərinin peşə səviyyəsinin yüksəldilməsi məqsədilə 2026-cı il 14 aprel tarixindən etibarən sertifikat proqramı çərçivəsində silsilə təlimlərə start verilmişdir. Təlimlərin müəyyən olunmuş qrafik və aşağıdakı istiqamətlər üzrə davam etdirilməsi planlaşdırılır:

1) 14.04.2026-cı il tarixində “Auditor fəaliyyətinə nəzarətin hüquqi əsasları”;

2) 16.04.2026-cı il tarixində “ISQM 1 və ISQM 2 standartlarının əsas müddəaları”;

3) 21.04.2026-cı il tarixində “ISQM 1 və ISQM 2 standartlarının əsas müddəaları” ;

4) 23.04.2026-cı il tarixində “Etik tələblər və müstəqillik prinsipləri”;

5) 28.04.2026-cı il tarixində “Keyfiyyətin idarə olunması sistemi”, “Risk əsaslı yanaşma”;

6) 30.04.2026-cı il tarixində “Keyfiyyət indikatorları”;

7) 05.05.2026-cı il tarixində “Audit sənədləri (BAS 230)”, “Audit sübutları (BAS 500)”

8) 07.05.2026-cı il tarixində “Kənar mənbədən təsdiqləmələr (BAS 505)”, “Tipik nöqsanların aşkarlanması”;

9) 12.05.2026-cı il tarixində “Monitorinqlərin planlaşdırılması”, “Sübutların toplanması”;

10) 14.05.2026-cı il tarixində “Hesabatların hazırlanması”

Cari ilin 14 aprel tarixində artıq “Auditor fəaliyyətinə nəzarətin hüquqi əsasları” mövzusunda müfəttişlərin təlimi uğurla keçirilib. Mövzu çərçivəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın 45-ci “Beynəlxalq audit standartlarının tətbiqinin həyata keçirilməsi” bəndi və Auditorlar Palatası Şurasının 2009-cu il 30 dekabr tarixli 206/7 nömrəli qərarının tətbiqi barədə geniş məlumat verilmişdir. Həmçinin Auditorlar Palatası Şurasının 2026-cı il 05 fevral tarixli 385/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın tətbiqi və istifadəsi barədə ümumi məlumat verildi.

Təlimin əsas məqsədi auditor fəaliyyətinin hüquqi tənzimlənməsi, mövcud nəzarət mexanizmləri, eləcə də peşə fəaliyyətində tətbiq olunan normativ-hüquqi aktlar üzrə bilik və bacarıqların artırılması olub.

Təlim zamanı auditorların hüquq və vəzifələri,  məsuliyyəti, hesabatlılıq və qanunvericiliyə uyğun fəaliyyət prinsipləri  iştirakçılara ətraflı izah edilib. Eyni zamanda auditor fəaliyyətinə nəzarətin hüquqi əsasları, müvafiq tənzimləyici orqanların səlahiyyətləri və audit prosesində qanunvericiliyin düzgün tətbiqi məsələləri geniş müzakirə olunub.

Keçirilən təlim müfəttişlərin  peşə hazırlığının gücləndirilməsinə, audit sahəsində şəffaflığın və keyfiyyətin yüksəldilməsinə xidmət edib.

Vebinarda “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə məruzəçi, Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov isə moderator qismində çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası