2026-cı ilin 22 may tarixində Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq “Audit sübutu” mövzusunda onlayn formatda ustad dərsi keçirilib.
Ustad dərsində Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslı və “Ernst&Young Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının audit üzrə meneceri Səmayə Tağıyeva məruzəçilər qismində çıxış ediblər.
Ustad dərsini giriş sözü ilə Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov açaraq, “Audit sübutu” mövzusunun aktuallığından və bununla əlaqədar 500 saylı “Audit sübutu”, 501 saylı “Audit sübutu – seçilmiş maddələr üzrə xüsusi mülahizələr”, 505 saylı “Kənar mənbələrdən təsdiqləmələr” Beynəlxalq Audit Standartlarının əhəmiyyətindən danışaraq bildirib ki, həmin BAS-ların tələblərinə düzgün riayət etmək lazımdır
Q. Bayramov qeyd edib ki, 500 saylı “Audit sübutu” beynəlxalq audit standartı maliyyə hesabatlarının auditində audit sübutunun nədən ibarət olduğunu izah edir və auditor rəyini əsaslandırmaqdan ötrü kafi nəticələr çıxara bilmək məqsədilə yetərli münasib audit sübutu əldə etmək üçün audit prosedurlarını planlaşdırıb yerinə yetirməklə bağlı auditorun məsuliyyətindən bəhs edir.
Auditorun məqsədi auditor rəyini əsaslandırmaqdan ötrü məntiqi nəticələr çıxara bilmək məqsədilə yetərli münasib audit sübutu əldə etmək üçün audit prosedurlarını planlaşdırıb yerinə yetirməkdir.
Auditor yetərli münasib audit sübutunun əldə edilməsi üçün münasib audit prosedurlarını planlaşdırıb yerinə yetirməlidir.
501 saylı “Audit sübutu – seçilmiş maddələr üzrə xüsusi mülahizələr” beynəlxalq audit standartı (BAS) müəssisənin mal-material ehtiyatlarının və cəlb edildiyi məhkəmə prosesləri və iddiaların müəyyən aspektləri, eləcə də maliyyə hesabatlarının auditində
seqmentlər üzrə məlumatla bağlı 330 saylı “Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri”, 500 saylı və digər BAS-lara müvafiq olaraq yetərli münasib audit sübutunun əldə edilməsində auditorun xüsusi mülahizələrindən bəhs edir.
Auditorun məqsədi aşağıdakılarla bağlı yetərli münasib audit sübutunun əldə edilməsidir:
-Mal-material ehtiyatlarının mövcudluğu vəvəziyyəti,
-Müəssisənin cəlb olunduğu məhkəmə proseslərinin və iddiaların təqdimatının tamlığı,
habelə
-Seqmentlər üzrə məlumatın maliyyə hesabatının tətbiq olunan prinsiplərinə uyğun
hazırlanması və açıqlanması
505 saylı “Kənar məmbədən təsdiqləmələr” beynəlxalq audit standartında 330 saylı BAS-ın və 500 saylı BAS-ın tələblərinə müvafiq olaraq audit sübutları əldə etmək üçün kənar təsdiqləmə prosedurlarının tətbiqi məsələləri nəzərdən keçirilir. Bu standart 501 saylı BAS-da nəzərdən keçirilən məhkəmə prosesləri və iddialar ilə əlaqədar sorğuları tənzimləmir.
500 saylı BAS-a əsasən, audit sübutlarının dürüstlüyü onların mənbələrindən və xarakterindən, habelə əldə edildikləri konkret şəraitlərdən asılıdır." Bu BAS, həmçinin, audit sübutlarına aid aşağıdakı ümumi qaydaları əhatə edir:
-Audit sübutları müəssisədən kənarda müstəqil mənbələrdən əldə edildikdə onların dürüstlüyü artır.
-Auditorun birbaşa əldə etdiyi audit sübutları dolayı yolla və ya nəticə çıxarmaq yolu ilə əldə edilmiş audit sübutlarına nisbətən daha etibarlıdır.
-Kağız, elektron və ya digər daşıyıcıda olmasına baxmayaraq, sənədli şəkildə tərtib edilmiş audit sübutu daha etibarlıdır.
Müvafiq surətdə audit şəraitlərindən asılı olaraq, auditorun təsdiqləyici tərəflərdən birbaşa kənar mənbələrdən təsdiqləmələr formasında əldə etdiyi audit sübutları müəssisənin daxilində əldə edilmiş sübutlarla müqayisədə daha dürüst ola bilər. Bu BAS-ın məqsədi münasib və etibarlı audit sübutları əldə etmək üçün kənar təsdiqləmə prosedurları hazırlayıb həyata keçirməkdə auditora kömək etməkdir.
Q.Bayramov mövzu ətrafında geniş çıxış etmək üçün sözü N.Abbaslıya verdi. N.Abbaslı çıxış edərək bildirib ki, Hörmətli auditor həmkarlar!
500, 501 və 505 saylı Beynəlxalq Audit Standartları auditorun maliyyə hesabatları üzrə rəy formalaşdırması üçün zəruri olan audit sübutlarının əldə edilməsini tənzimləyən mühüm standartlardır. Bu standartlar audit prosesində sübutların yetərliliyi, etibarlılığı və keyfiyyəti ilə bağlı əsas prinsipləri müəyyən edir. 500 saylı Beynəlxalq Audit Standartı “Audit sübutu” adlanır və auditorun yetərli və münasib audit sübutları toplamaq öhdəliyini müəyyən edir. Standarta əsasən auditor yalnız rəhbərliyin təqdim etdiyi məlumatlarla kifayətlənməməli, müxtəlif mənbələrdən əldə edilən sübutları müqayisə və təhlil etməlidir. Audit sübutlarının etibarlılığı onların mənbəyindən, əldə edilmə üsulundan və daxili nəzarət sisteminin keyfiyyətindən asılıdır.
501 saylı standart “Audit sübutu - seçilmiş maddələr üzrə xüsusi mülahizələr” mövzusunu əhatə edir və əsasən ehtiyatların inventarizasiyası, məhkəmə çəkişmələri və seqment məlumatları üzrə auditorun xüsusi prosedurlarını müəyyən edir. Auditor inventarizasiya prosesində iştirak etməli, sayım prosedurlarını müşahidə etməli və ehtiyatların faktiki mövcudluğunu qiymətləndirməlidir. Bundan əlavə, auditor müəssisənin hüquqi risklərini və potensial öhdəliklərini müəyyən etmək üçün hüquqşünas məktublarından və digər hüquqi sənədlərdən istifadə edir. 505 saylı Beynəlxalq Audit Standartı isə “Kənar mənbədən təsdiqləmələr”ə həsr olunmuşdur. Kənar təsdiqləmə üçüncü tərəfdən birbaşa auditora təqdim edilən yazılı cavabdır və audit sübutlarının ən etibarlı formalarından biri hesab edilir. Bu prosedur xüsusilə bank hesabları, debitor borcları və kredit öhdəliklərinin yoxlanılmasında geniş istifadə olunur. Auditor təsdiqləmə prosesinə tam nəzarət etməli, məktubların göndərilməsi və cavabların alınmasını birbaşa idarə etməlidir. Nəticə etibarilə, bu üç standart auditorun peşəkar inamsızlıq prinsipi əsasında etibarlı audit sübutları toplamasını və maliyyə hesabatları barədə əsaslandırılmış auditor rəyi formalaşdırmasını təmin edir.
Əldə edilmə mənbəyinə görə audit sübutları aşağıdakılardır:
-Daxili – sifarişçi müəssisədən alınan məlumatlar;
-Kənar – maraqlı olmayan 3-cü şəxslər və qürumlardan alınan məlumatlar;
-Qarışıq – kənar mənbənin təsdiqlədiyi müəssisədən əldə edilən məlumatlar
-Auditorun özünün məlumatları.
Təqdimedilmə üsuluna görə sübutlar sənədli (yazılı) və şifahi olur.
Sənədli və ya şifahi formada alınmasından asılı olmayaraq bütün audit sübutları auditorun iş sənədlərində əks etdirilməlidir.
Audit sübutlarının əldəedilmə mənbələri aşağıdakılardır:
-Yoxlanılan dövrün maliyyə (mühasibat ) hesabatları;
-Mühasibat uçotu registrləri, uçot proqram təminatı, jurnallar, kitablar;
-Operativ uçot məlumatları;
-Daxili idarəetmə hesabatları (cari və əvvəlki dövrlər) ;
-İnventarizasiya sənədləri;
-Əvvəlki audit yoxlamasının iş sənədləri;
-Səhmdarların (təsisçilərin) iclas protokolları;
-Daxili auditorun sənədləri;
-Sifarişçinin rəhbərliyinin əmr və sərəncamları;
-Rəhbərliklə şifahi söhbətlərdən əldə olunan məlumatlar;
-Təsis sənədləri.
Sübutlara dair auditorun mühakimələrinə təsir edən amillər aşağıdakılardır:
- riskin xarakteri və həcminə dair auditor qiymətləndirməsi;
- yoxlanılan maddələrin əhəmiyyətliliyi;
- auditorun təcrübəsi;
- auditor prosedurlarının nəticələri;
- alınan məlumatların mənbəyi və etibarlılığı.
Q.Bayramov mövzu ətrafında geniş çıxış etmək üçün sözü S.Tağıyevaya verdi. S.Tağıyeva çıxış edərək bildirib ki, Hörmətli auditor həmkarlar! Audit sübutlarının aktuallığı auditin effektivliyinə nail olmaq üçün ən vacib amildir, çünki yalnız müvafiq sübutlar auditorun əsaslandırılmış nəticələrə gəlməsinə və müvafiq auditor hesabatının formalaşmasına kömək edir.
S.Tağıyeva təlim çərçivəsində əsasən aşağıda qeyd olunmuş əsas prinsiplər haqqında danışmıdır:
Audit sübutlarının audit məqsədləri ilə birbaşa əlaqələndirilməsi
Audit sübutları auditin müəyyən bir məqsədi ilə (mövcudluğu, tamlığı, dəqiqliyi, qiymətləndirilməsi, hüquq və vəzifələri, təqdimatı) birbaşa əlaqəli olduqda əhəmiyyətli sayılır.
Effektiv audit testi auditor məqsədləri üçün kifayət qədər və uyğun sübut təmin etməlidir.
Auditor sübutların:
-Aktuallığını;
-Etibarlılığını;
-Yetərliliyini qiymətləndirir.
Seçim üsulları:
-Tam yoxlama (100%) – bütün elementlərin yoxlanılması;
-Audit seçməsi (Sampling) – nümunə əsasında yoxlama;
-Xüsusi seçim – yüksək riskli və ya iri əməliyyatlar;
-Nəticə: Doğru seçim üsulu audit riskini azaldır və qərarların keyfiyyətini artırır.
Auditor bəzən populyasiyadan müəyyən elementləri seçə bilər. Seçim zamanı aşağıdakılar nəzərə alınır:
-Müəssisə haqqında anlayış;
-Əhəmiyyətli təhrif riskləri;
-Populyasiyanın xüsusiyyətləri seçilə bilən elementlər;
-Yüksək dəyərli və ya əsas elementlər (riskli, qeyri-adi, şübhəli) - Müəyyən məbləğdən
yuxarı olan bütün elementlər.
Bu yanaşma auditor mühakiməsinə əsaslanır və qeyri-seçmə riskinə məruz qalır.
Aktuallıq audit sübutunun audit məqsədi və müvafiq iddia ilə məntiqi əlaqəsini ifadə edir.
Əsas məqamlar:
-Sübut seçilmiş audit prosedurunun məqsədinə uyğun olmalıdır;
-Testin istiqaməti aktuallığa təsir edir (Kreditor borcları) ;
-Artıq göstərilmə riski: – Qeyd edilmiş borcların yoxlanması aktualdır;
-Az göstərilmə riski: – Alternativ mənbələrin yoxlanması aktualdır: – Sonrakı ödənişlər – Ödənilməmiş hesab-fakturalar – Təchizatçı çıxarışları – Uyğunlaşdırılmamış qəbul sənədləri.
Əsas nəticə: Audit sübutu yalnız düzgün istiqamətdə seçildikdə aktual və effektiv olur.
Audit prosedurları müəyyən iddialar üçün aktual sübut təqdim edə bilər, lakin bütün iddiaları əhatə etməyə bilər.
Audit prosesinin səmərəliliyini artırılması
Auditin effektivliyi yalnız düzgünlükdən deyil, həm də mənbələrdən səmərəli istifadədən asılıdır. Müvafiq dəlillərin olması həddindən artıq testdən qaçınır. Bu, audit məqsədlərinə cavab verməyən prosedurlar üçün vaxt itkisinin qarşısını alır. Eyni zamanda audit səmərəliliyinin artırılması məqsədilə tətbiq edilən beynəlxalq yanaşmalar və praktik tövsiyələr iştirakçılara təqdim olunmuşdur.
Audit seçməsi populyasiyadan seçilmiş nümunə əsasında bütün populyasiya haqqında nəticə çıxarmağa imkan verir.
Məqsəd:
-Vaxt və resurslara qənaət etmək;
-Eyni zamanda etibarlı audit nəticəsi əldə etmək (Standart: BAS 530)
Nəticə: Düzgün tətbiq edildikdə, seçmə auditorun effektiv və əsaslandırılmış rəy verməsinə kömək edir.
Audit sübutlarının etibarlılığı aşağıdakılardan asılıdır:
-Məlumatın mənbəyi (daxili və ya xarici) ;
-Sübutun mahiyyəti;
-Əldə olunma şəraiti;
-Məlumatın hazırlanması və saxlanmasına nəzarət-Əsas məqamlar;
-Xarici mənbələrdən əldə edilən sübutlar adətən daha etibarlıdır;
-Effektiv daxili nəzarət sistemləri daxili məlumatların etibarlılığını artırır;
-Ümumi qaydalar konkret hallardan asılı olaraq dəyişə bilər-Məhdudiyyət;
-Xarici mənbələrdən əldə edilən məlumatlar belə hər zaman tam etibarlı olmaya bilər.
Əlaqəli standartların təsviri və izahı
Beynəlxalq audit standartları (məsələn, ISA 500) auditorlardan kifayət qədər müvafiq audit sübutlarının toplanmasını tələb edir. Bu standartın incəlikləri iştirakçılara ətraflı izah olunmuşdur.
Toplanmış sübutların qiymətləndirilməsi
Kənar təsdiqləmə sorğularına cavabların mümkün növləri, auditor hesabatı yalnız sübutlarla dəstəkləndiyi dərəcədə inandırıcıdır. Müvafiq audit sübutları maliyyə hesabatları iddiaları ilə əlaqələndirilməlidir.
Nəticədə vaxt və maliyyə məhdudiyyətləri çərçivəsində yüksək keyfiyyətli audit aparmaq və maraqlı tərəflərin (investorlar, tənzimləyicilər, kreditorlar) etibarını artırmaq mümkün olacaqdır.
Ustad dərsi praktiki müzakirələrlə davam etmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Ustad dərsində Auditor Palatasının 100-dən çox üzvü iştirak edib.
Azərbaycan Respublikasının Auditorlar Palatası