2026-cı il 29–30 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş “Mühasibat uçotu və audit sahəsində peşəkar çətinliklər və imkanlar” mövzusunda beynəlxalq konfrans və Baş Assambleya keçirilib. Mühasibat uçotu, audit, maliyyə hesabatlılığı və peşəkar təhsil sahələrində aktual çağırışların müzakirəsinə həsr olunan tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasını Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov təmsil edib.
Konfrans dünyanın müxtəlif ölkələrindən olan peşəkar təşkilatların, dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının və audit şirkətlərinin nümayəndələrini bir araya gətirib. Tədbirdə Azərbaycan, Gürcüstan, Böyük Britaniya, Estoniya, Ermənistan və digər ölkələrin müvafiq qurumlarının, həmçinin Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyasının (ACCA), Beynəlxalq Mühasiblər Assosiasiyasının (AIA), Dünya Bankının və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Konfransın əsas məqsədi mühasibatlıq və audit sahəsində beynəlxalq təcrübə mübadiləsinin aparılması, peşəkar əməkdaşlığın gücləndirilməsi, habelə müasir çağırışlar fonunda peşənin inkişaf istiqamətlərinin müzakirəsi olub.
Tədbirin proqramı çərçivəsində 4 panel üzrə geniş müzakirələr aparılıb.
Birinci panel müzakirəsi “Texnoloji transformasiya və yeni peşəkar bacarıqlar” mövzusuna həsr olunub. Paneldə süni intellekt və avtomatlaşdırmanın mühasibat uçotu praktikasına təsiri, gələcəyin peşəkar mühasib modeli, tələb olunan bilik və bacarıqlar müzakirə edilib. Müzakirələrdə Böyük Britaniya, Gürcüstan və Azərbaycan üzrə regional nümayəndələr, eləcə də Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Beynəlxalq Mühasiblər Assosiasiyası (AIA), ACCA, PwC Georgia və EY LLC nümayəndələri iştirak ediblər.
İkinci panel “Dövlət maliyyə idarəçiliyinin transformasiyası: IPSAS standartlarının tətbiqi və hesabatlılıq sistemlərinin inkişafı” mövzusunda keçirilib. Panel çərçivəsində dövlət maliyyə idarəçiliyi sahəsində aparılan islahatlar, dövlət müəssisələrinin vahid maliyyə hesabatlığı sisteminə inteqrasiyası, xəzinədarlıq xidmətləri və IPSAS standartlarına keçid zamanı yaranan çağırışlar müzakirə olunub. Sessiyada Gürcüstan Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti, Dünya Bankının PULSAR proqramı, Asiya İnkişaf Bankı (ADB) və PwC Georgia nümayəndələri çıxış ediblər.
Üçüncü panel auditin keyfiyyətinin təminatı, monitorinq mexanizmləri və peşəkar təşkilatların rolu mövzusuna həsr edilib. Paneldə auditin keyfiyyətinə nəzarət təcrübələri, beynəlxalq standartlara uyğunluğun təmin olunması və peşəkar təşkilatların monitorinq prosesində iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Gürcüstanın Mühasibatlıq, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin (SARAS), Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının (FRC), Estoniya Auditorlar Assosiasiyasının, AIA və EY LLC nümayəndələri iştirak ediblər.
Dördüncü panel “Peşəkar təhsil və etika: peşənin dayanıqlı inkişafının əsasları” mövzusunda təşkil olunub. Panel zamanı davamlı peşəkar inkişaf, peşə etikası sahəsində mövcud çağırışlar və etik standartların gücləndirilməsi məsələləri müzakirə edilib. Sessiyada IFAC, AIA, Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyası (GFPAA), Gürcüstanın SARAS qurumu və Tbilisi Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.
Konfrans çərçivəsində 2026-cı il 30 may tarixində Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının (GFPAA) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrin peşəkar mühasibat və audit təşkilatlarının, beynəlxalq peşəkar qurumların, maliyyə institutlarının, dövlət qurumlarının və aparıcı audit şirkətlərinin nümayəndələri çıxış edərək GFPAA-nın 30 illik fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın regionda və beynəlxalq səviyyədə mühasibatlıq və audit peşəsinin inkişafına verdiyi töhfələri vurğulayıb və yubiley münasibətilə təbriklərini çatdırıblar.
Tədbirdə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov da təbrik nitqi ilə çıxış edərək Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının rəhbərliyini və üzvlərini yubiley münasibətilə səmimi qəlbdən təbrik edərək gələcək fəaliyyətində uğurlar arzu edib, təşkilatın peşənin inkişafında oynadığı mühüm rolu qeyd edib, həmçinin Azərbaycan və Gürcüstan arasında audit və mühasibatlıq sahəsində formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Daha sonra S.Gülməmmədov Azərbaycanda audit qanunvericiliyinin əsasları, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində həyata keçirilən uğurlu islahatlar, dayanıqlı inkişafa dair hesabatlılığın təmin edilməsində auditin üzərinə düşən vəzifələr, gənclər arasında auditor peşəsinə marağın artırılması, onların bu peşəyə daha geniş cəlb edilməsi məqsədilə Auditorlar Palatası tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbir çərçivəsində peşəkar təşkilatlar arasında gələcək əməkdaşlıq imkanları, audit və mühasibatlıq peşəsinin inkişaf perspektivləri, eləcə də beynəlxalq təcrübələrin tətbiqi məsələləri müzakirə olunub.

2.jpg)
Qalareya