2026-cı il iyunun 25-də Bakı şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycanda İnsan Hüquqları Günü”nə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda İnsan Hüquqları Günü”nün məqsəd və prinsiplərinə uyğun olaraq təşkil olunub.

Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan və Özbəkistandan dövlət qurumlarının, peşəkar audit və mühasibatlıq təşkilatlarının, elm və təhsil müəssisələrinin nümayəndələri, auditorlar, ekspertlər və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Konfransın məqsədi dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində audit institutunun rolunun gücləndirilməsi, audit fəaliyyətinin insan hüquqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və ictimai maraqların müdafiəsində əhəmiyyətinin qiymətləndirilməsi, habelə bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və türk dövlətləri arasında peşəkar əməkdaşlığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olub.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması, şəffaf idarəetmə, hesabatlılıq və ictimai maraqların qorunmasında audit institutunun mühüm rolundan bəhs ediblər. Onların çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial-iqtisadi, institusional və idarəetmə islahatları, o cümlədən dövlət xidmətlərinin rəqəmsallaşdırılması, rəqəmsal transformasiya siyasətinin genişləndirilməsi, innovativ idarəetmə yanaşmalarının tətbiqi və süni intellekt texnologiyalarından istifadənin təşviqi nəticəsində şəffaflığın, hesabatlılığın və səmərəli dövlət idarəçiliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi üçün etibarlı mexanizmlər formalaşdırılmışdır. Qeyd olunub ki, rəqəmsal alətlər və süni intellekt əsaslı həllər audit və nəzarət mexanizmlərinin çevikliyinin artırılmasına, məlumatların daha operativ və riskəsaslı təhlilinə, qərar qəbuletmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə və ictimai maraqların daha səmərəli müdafiəsinə əlavə imkanlar yaradır. Müasir dövrdə audit yalnız maliyyə nəzarəti funksiyası ilə məhdudlaşmır, dövlətin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, korrupsiyaya qarşı mübarizəyə, sahibkarlıq mühitinin sağlamlaşdırılmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən mühüm institusional alət kimi çıxış edir. Audit institutunun inkişafı ölkədə hüquqi dövlət quruculuğunun, şəffaf idarəetmənin, rəqəmsal transformasiyanın və dayanıqlı iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinin mühüm tərkib hissəsidir.

Konfrans çərçivəsində Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatının (KGK) sədri Hayreddin Kurt “Türkiyənin Davamlılıq Standartları baxımından insan hüquqları”, Qazaxıstan Respublikası Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan “Rəqəmsal iqtisadiyyat şəraitində audit – xidmət istehlakçılarının maraqlarının qorunmasının təminatçısı kimi”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorçiyev “Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində Ombudsmanın fəaliyyəti”, Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov “Türk dövlətlərinin vahid audit məkanı biznesin və vətəndaşların maraqlarının qorunmasının institusional əsası kimi”, Daşkənd Dövlət İqtisad Universitetinin professoru Nargiza Abdiyeva “Dövlətin və təsərrüfat subyektlərinin maraqlarının qorunması mexanizmi kimi auditin rolu: şəffaflığın, hesabatlılığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə yolları”, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Audit, şəffaflıq və vətəndaş cəmiyyəti: etimadın üç dayağı”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə “İnsan hüquqlarının qorunmasında auditin rolu”, Daşkənd Dövlət İqtisad Universitetinin dosenti Azizaxon Qofurova “Audit korrupsiyaya qarşı mübarizə və ictimai maraqların qorunması mexanizmi kimi”, Auditorlar Palatasının Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsinin rəisi Ənvər Aslanov “İqtisadi təhlükəsizlik və hüquqi şəffaflığın təminində auditin strateji əhəmiyyəti”, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov “Audit sahəsində hüquqi məlumatlılığın artırılması insan hüquqları və ictimai maraqların qorunması kontekstində”, Daşkənd Dövlət İqtisad Universitetinin dosenti Nodira Şanasirova “Qloballaşma şəraitində şəffaflığın, hesabatlılığın təmin edilməsi və ictimai maraqların qorunmasının institusional mexanizmi kimi auditin inkişafı”, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə “Şəffaflığın təmin olunmasında müstəqil auditin rolu”, “ACCREDO AUDIT” MMC-nin direktor-auditoru Şamxal Kərimov isə “Audit prosesi zamanı çirkli pulların yuyulması və ƏL/TMM metodikası” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında aparılan müzakirələr zamanı auditin dövlət idarəçiliyində səmərəliliyin artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin azaldılması, iqtisadi təhlükəsizliyin təmin olunması, vətəndaş hüquqlarının qorunması və şəffaf biznes mühitinin formalaşdırılmasındakı rolu geniş şəkildə təhlil olunub.

Konfransın yekununda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin peşəkar audit və mühasibat qurumları arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etdirilməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Bu çərçivədə Türk Dövlətləri Mühasiblər və Müstəqil Auditorlar Birliyinin yaradılması təşəbbüsü geniş müzakirə olunub.

Qeyd olunub ki, qardaş türk dövlətlərinin ortaq tarixi, mədəni və iqtisadi bağları fonunda audit və mühasibat sahəsində vahid peşəkar platformanın yaradılması qarşılıqlı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edə bilər. Təşəbbüsün əsas məqsədi türk dövlətlərinin audit və mühasibat qurumlarını vahid əməkdaşlıq şəbəkəsində birləşdirmək, peşəkar standartların birgə tətbiqini təmin etmək, qabaqcıl təcrübələrin mübadiləsini genişləndirmək, auditorların və mühasiblərin peşəkar inkişafına dəstək vermək, həmçinin iqtisadi münasibətlərdə şəffaflıq və etimadın gücləndirilməsinə töhfə verməkdən ibarətdir.

Vurğulanıb ki, Türk Dövlətləri Mühasiblər və Müstəqil Auditorlar Birliyi gələcəkdə Türk Dövlətləri Təşkilatının iqtisadi inteqrasiya gündəliyinə mühüm töhfə verən peşəkar platformalardan birinə çevrilə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, dövlətin, biznes subyektlərinin və vətəndaşların qanuni mənafelərinin daha etibarlı müdafiəsinə xidmət edə bilər. Bununla yanaşı, Birliyin yaradılması audit və mühasibat sahəsində ortaq yanaşmaların formalaşdırılması, peşəkar kvalifikasiyaların qarşılıqlı tanınması və vahid audit məkanının yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Sonda Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin ilkin layihəsi müzakirə olunub və cari ilin 16 sentyabr tarixində Türk Dövlətlərinin audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı ilə Bakıda Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində imzalanması məqsədəmüvafiq hesab edilib.

Qalareya