Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq, 2026-cı il 21 avqust tarixində Beynəlxalq Audit standartı “Ekspertin işindən istifadə edilməsi” mövzusunda onlayn qaydada ustad dərsi keçirilib.
Ustad dərsində Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva moderator, sərbəst auditor Nazim Axundov isə məruzəçi qismində çıxış edib. Ustad dərsini giriş sözü ilə Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva açaraq “Beynəlxalq Audit Standartı “Ekspertin işindən istifadə edilməsi”” mövzusunun audit fəaliyyətində aktuallığına toxunmuş, auditor tərəfindən ekspertin işindən istifadə edilməsinin zəruriliyi, ekspertin səriştə və obyektivliyinin qiymətləndirilməsi, ekspertlə əməkdaşlığın əsas prinsipləri və ekspert tərəfindən hazırlanmış işin audit sübutlarının əldə edilməsində rolu barədə fikirlərini bildirmişdir. Müasir audit təcrübəsində auditorun qarşılaşdığı bir sıra mürəkkəb məsələlərin qiymətləndirilməsi zamanı xüsusi bilik və bacarıqlara ehtiyac yarana bilər. Belə hallarda auditor tərəfindən müvafiq sahə üzrə ekspertin işindən istifadə edilməsi auditin keyfiyyətinin və əldə olunan audit sübutlarının etibarlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Auditorun ekspertin işindən istifadə etməsi zamanı ekspertin peşəkar səriştəsinin, imkanlarının və obyektivliyinin qiymətləndirilməsi, ekspertlə auditor arasında qarşılıqlı əməkdaşlığın düzgün qurulması və ekspert tərəfindən həyata keçirilmiş işin audit məqsədləri baxımından qiymətləndirilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir. Bu baxımdan, ustad dərsi çərçivəsində auditorun ekspertin işindən istifadə etməsi zamanı qarşılaşdığı praktiki məsələlərin, ekspertin seçilməsi və fəaliyyətinin qiymətləndirilməsi, ekspertin işinin audit sübutu kimi nəzərdən keçirilməsi, habelə ekspertin işinin audit nəticələrinə mümkün təsirlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur. Əminəm ki, ustad dərsi zamanı təqdim olunacaq praktiki nümunələr və təcrübə mübadiləsi auditorların peşəkar bilik və bacarıqlarının inkişafına, ekspertin işindən istifadə zamanı düzgün peşəkar mühakimənin formalaşdırılmasına və audit prosedurlarının keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir. Mövzu müasir audit təcrübəsində xüsusi əhəmiyyət daşıyır. Belə ki, audit zamanı auditorun xüsusi bilik və bacarıq tələb edən məsələlərlə qarşılaşması hallarında ekspertin işindən düzgün və əsaslandırılmış şəkildə istifadə edilməsi audit sübutlarının yetərliliyi və münasibliyinin, eləcə də auditin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Bugünkü görüşümüzdə ekspertin seçilməsi, onun səriştə və obyektivliyinin qiymətləndirilməsi, auditor və ekspert arasında əməkdaşlığın təşkili, həmçinin ekspertin işinin audit sübutlarının formalaşdırılmasında rolu kimi mühüm məsələlərə toxunulacaq və praktiki nümunələr əsasında müzakirələr aparılacaqdır.
Ustad dərsinin iştirakçılar üçün faydalı təcrübə mübadiləsi və peşəkar biliklərin artırılması baxımından əhəmiyyətli olacağını bildirmişdir. Daha sonra mövzu ətrafında geniş çıxış etmək üçün Elmira Hacıyeva sözü məruzəçi sərbəst auditor Axundov Nazimə verib. Məruzəçi çıxışı zamanı Beynəlxalq Audit Standartında “Ekspertin işindən istifadə edilməsi” ilə bağlı əsas müddəalar, auditorun ekspertin işindən istifadə etməsinin zəruri olduğu hallar, ekspertin səriştəsinin, imkanlarının və obyektivliyinin qiymətləndirilməsi, ekspertlə razılaşdırılmalı məsələlər, ekspert tərəfindən yerinə yetirilən işin qiymətləndirilməsi və həmin işin audit sübutlarının formalaşdırılmasında rolu barədə ətraflı məlumat verib. Ustad dərsi çərçivəsində auditorun ekspertin işindən istifadə etməsi zamanı nəzərə alınmalı əsas məsələlər, ekspertin seçilməsi və fəaliyyətinin qiymətləndirilməsi, ekspert tərəfindən təqdim edilmiş məlumat və nəticələrin auditor tərəfindən təhlil edilməsi, habelə ekspertin işinin audit məqsədləri üçün yetərli və münasib audit sübutu olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı praktiki yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir zamanı praktiki nümunələr əsasında ekspertin işindən istifadə edilməsinin xüsusiyyətləri, auditor və ekspert arasında qarşılıqlı fəaliyyətin təşkili, ekspertin təqdim etdiyi nəticələrin qiymətləndirilməsi və müvafiq audit sənədlərində əks etdirilməsi ilə bağlı yanaşmalar izah edilib. Ustad dərsi interaktiv müzakirələr şəraitində başa çatıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbir iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb. Tədbirdə Auditorlar Palatasının 85 nəfər üzvü iştirak edib.