Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının (ACAP RM) fəaliyyətinin 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
20 avqust 2026-cı il tarixində Kişinyov şəhərində yerləşən “Summit Events” Konfrans Mərkəzinin “Qırmızı zalında” təşkil olunan yubiley tədbirində mühasibat uçotu və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumların, dövlət strukturlarının, akademik dairələrin və digər aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir ACAP RM-in 30 illik fəaliyyət yolunun, peşənin inkişafına verdiyi töhfələrin və gələcək perspektivlərin müzakirəsi baxımından əhəmiyyətli olub.
Tədbirin rəsmi açılış mərasimində ACAP RM Şurasının sədri Elena Panainte çıxış edib. Daha sonra ACAP RM-in 30 illik peşəkar fəaliyyətinə həsr olunmuş “ACAP RM-in 30 illik peşəkar mükəmməlliyi” adlı videoçarx nümayiş etdirilib.
Yubiley tədbirində Moldova Respublikasının dövlət qurumlarının, peşəkar və akademik dairələrin nümayəndələri tərəfindən ACAP RM-in 30 illik yubileyi münasibətilə təbrik çıxışları səsləndirilib. Tədbirdə Moldova Respublikasının maliyyə naziri Victoria Belous, Audit üzrə İctimai Nəzarət Şurasının icraçı direktoru Loreta Ababii, Dövlət Vergi Xidmətinin direktoru Olga Golban, Moldova Respublikasının Milli Statistika Bürosunun baş direktoru Oleg Cara, Moldova Kooperativ-Ticarət Universitetinin rektoru, professor Larisa Şavqa, Moldova Dövlət Universitetinin rektoru Otilia Dandara, eləcə də Rumıniya Maliyyə Auditorları Palatası Şurasının keçmiş üzvü Grigoriu iştirak ediblər.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov da ACAP RM-in 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarına videoformatda təbrik ünvanlayıb. Təbrikdə ACAP RM-in yubileyi münasibətilə xoş arzular çatdırılıb.
Tədbir zamanı Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq münasibətlərini əks etdirən fotoşəkillərdən ibarət təqdimat nümayiş etdirilib. Təqdimatda iki qurum arasında illər ərzində keçirilmiş görüşlər, qarşılıqlı səfərlər, birgə tədbirlər və peşəkar əməkdaşlıq çərçivəsində baş tutmuş görüşlərdən xatirə görüntüləri yer alıb.
Yubiley tədbirinin proqramına “Mühasibat uçotu və audit peşəsinin inkişafı və perspektivləri” mövzusunda panel müzakirəsi daxil olub. Panel zamanı mühasibat uçotu və audit siyasəti, maliyyə və dayanıqlılıq üzrə hesabatlılıq sahəsində islahatlar, auditə ictimai nəzarət, peşəkar inkişaf, habelə çirkli pulların yuyulmasının qarşısının alınması və ona qarşı mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Moldova Respublikasının Maliyyə Nazirliyinin, Dünya Bankının Maliyyə və Davamlılıq Hesabatlılığı İslahatları Mərkəzinin, Audit üzrə İctimai Nəzarət Şurasının və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin digər panel müzakirəsi “Mühasibat uçotu və audit sahəsində süni intellektdən istifadənin çağırışları və imkanları” mövzusuna həsr olunub. Müzakirə zamanı süni intellekt texnologiyalarının mühasibat uçotu və audit proseslərinə tətbiqi, texnoloji yeniliklərin peşənin inkişafına təsiri, eləcə də bu sahədə yaranan yeni imkanlar və çağırışlar nəzərdən keçirilib. Paneldə müxtəlif audit və mühasibat şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində, həmçinin tanınma və mükafatlandırma mərasimi, eləcə də CAP/CIPA sertifikatlarının təqdimetmə mərasimi keçirilib. Sözügedən mərasimlər çərçivəsində peşəkar fəaliyyət və ixtisaslaşma sahəsində əldə olunan nailiyyətlər qeyd olunub.
Yubiley proqramı çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi və peşəkar əlaqələrin qurulmasına imkan yaradan görüşlər keçirilib. Tədbirin proqramına qeydiyyat və qarşılama qəhvəsi, qəhvə fasiləsi, habelə yubiley qəbulu və peşəkar əlaqələrin genişləndirilməsi daxil olub.
ACAP RM-in 30 illik yubileyinə həsr olunmuş tədbir mühasibat uçotu və audit peşəsinin keçdiyi inkişaf yolunun qiymətləndirilməsi, müasir çağırışların müzakirəsi və peşənin gələcək inkişaf istiqamətlərinin nəzərdən keçirilməsi baxımından mühüm platforma olub.
Yubiley tədbiri ACAP RM-in 30 illik peşəkar fəaliyyətinin qeyd olunması ilə yanaşı, Azərbaycan və Moldova arasında mühasibat uçotu və audit sahəsində uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini bir daha nümayiş etdirib.