Auditorlar Palatası və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “ŞƏMS” informasiya sistemindən istifadəyə dair maarifləndirici təlim keçirilib.

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) birgə təşkilatçılığı ilə 2026-cı il 03 noyabr tarixində respublikada fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlar üçün “Şübhəli əməliyyatların monitorinqi sistemi”ndən (“ŞƏMS”) praktiki istifadəyə dair geniş maarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin auditor fəaliyyəti subyektləri tərəfindən icrasını təmin etmək, auditorların “ŞƏMS” informasiya sistemindən istifadə üzrə praktiki bacarıqlarını artırmaq və hesabatlılıq mexanizmini təkmilləşdirmək olub.

Azərbaycan Respublikası Auditorlar Palatasının Xüsusi auditlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin baş mütəxəssisi Hilal Məmmədli açılış nitqində iştirakçıları salamlayaraq, maliyyə əməliyyatlarında şəffaflığın təmin olunmasında və qanunsuz maliyyə dövriyyələrinin qarşısının alınmasında auditor xidməti subyektlərinin mühüm preventiv rolunu vurğulayıb.

Çıxışda qeyd edilmişdir ki, audit yoxlamaları zamanı risklərin vaxtında müəyyən edilməsi, habelə şübhəli əməliyyatlar barədə məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada və operativ şəkildə səlahiyyətli orqana təqdim edilməsi milli nəzarət sisteminin əsas prinsiplərindəndir.

Təlimin operativ təşkilinə və göstərilən əməkdaşlıq dəstəyinə görə Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə, xüsusilə Dövlət qurumları ilə iş departamentinin Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Rüstəm Əliyevə, həmin sektorun böyük mütəxəssisi Sübhan Qarayevə, eləcə də Hesabatların qəbulu və təhlili departamentinin Hesabatların ilkin qəbulu və təhlili şöbəsinin baş mütəxəssisi Nurlana Süleymanovaya təşəkkür edilib.

Təlimdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən Hesabatların qəbulu və təhlili departamentinin Hesabatların ilkin qəbulu və təhlili şöbəsinin baş mütəxəssisi Nurlana Süleymanova və Dövlət qurumları ilə iş departamentinin Nəzarət orqanları ilə iş şöbəsinin böyük mütəxəssisi Sübhan Qarayev təlimçi qismində çıxışlarını davam etdirdilər.

Tədris sessiyası çərçivəsində “ŞƏMS” informasiya sisteminin strukturu və funksional imkanları, şəxsi kabinetin idarə olunması qaydaları, şübhəli əməliyyatlar barədə hesabatların doldurulması və sistem vasitəsilə təhlükəsiz ötürülməsi prosedurları əyani şəkildə nümayiş etdirilib.

Bununla yanaşı, praktiki fəaliyyət zamanı qarşıya çıxan texniki çətinliklər, qeydiyyat prosesində yaranan uyğunsuzluqlar və onların aradan qaldırılması mexanizmləri ətraflı izah edilib.

İnteraktiv diskussiya şəraitində davam edən təlimdə auditorların sualları ətraflı cavablandırılmış, qarşıya çıxan çətinliklər üzrə fikir mübadiləsi aparılmışdır. Tədbir auditor təşkilatları və sərbəst auditorların ƏL/TMM sahəsində peşəkar hazırlığının gücləndirilməsi və nəzarət mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi baxımından yüksək qiymətləndirilib.

Təlimdə 101 nəfər Auditorlar Palatasının əməkdaşları və Auditorlar Palatasının üzvü olan auditor təşkilatları, sərbəst auditorlar və onların nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası