Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən audit sahəsində keyfiyyətə kənar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Palatanın nümayəndə heyəti 2026-cı il 16-20 noyabr tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olub.

Səfərin əsas məqsədi Gürcüstan Respublikasının Maliyyə Nazirliyi yanında Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin (SARAS) Audit və Peşəkar Təhsilə Nəzarət Departamentinin audit sahəsində keyfiyyətə kənar nəzarət üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi, müfəttişlərin hazırlanması və fəaliyyətinin təşkili ilə bağlı təcrübə mübadiləsinin aparılması, eləcə də iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Səfərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə sədr müavini vəzifəsini icra edən Qoşqar Əhmədov, Haqsız rəqabətə qarşı mübarizə, keyfiyyətə kənar nəzarət və beynəlxalq əlaqələr idarəsinin rəisi Rövşən Cəfərov, həmçinin Palatanın üzvü, “SR Audit Solutions” MMC-nin direktor-auditoru, Palata Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitənin sədri Səftər Vəlizadədən ibarət nümayəndə heyəti iştirak edib.

Səfər proqramına uyğun olaraq, Gürcüstanda audit sahəsində keyfiyyətə nəzarət sisteminin hüquqi və institusional əsaslarının, SARAS-ın səlahiyyətlərinin, strukturunun və fəaliyyət mexanizmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilib. Bu çərçivədə keyfiyyətə nəzarət yoxlamalarının təşkili və həyata keçirilməsi, audit sənədlərinin qiymətləndirilməsi, yoxlama nəticələrinin rəsmiləşdirilməsi, auditor təşkilatlarında keyfiyyətin idarə edilməsi sisteminin qiymətləndirilməsi və daxili nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı geniş təcrübə mübadiləsi aparılıb.

Müzakirələr zamanı keyfiyyətə kənar nəzarət yoxlamalarının maliyyələşdirilməsi mexanizmləri, onların ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, məcburi monitorinqlərin dövriliyi, risk əsaslı plandankənar monitorinqlərin başlanması meyarları, eləcə də yoxlamaların növləri və tətbiqi qaydaları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, yoxlamalar zamanı müəyyən edilən nöqsanların təsnifləşdirilməsi və əhəmiyyətlilik dərəcəsinin qiymətləndirilməsi, onların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanması, təkrar yoxlamaların təşkili, habelə aşkar edilmiş pozuntulara münasibətdə müvafiq intizam və digər təsir tədbirlərinin tətbiqi təcrübəsi öyrənilib. Xüsusi diqqət yetirilən məsələlər sırasında yoxlama nəticələrinin ictimaiyyətə açıqlanması, məlumatların məxfiliyinin qorunması və şəffaflığın təmin edilməsi də yer alıb.

Səfərin mühüm istiqamətlərindən birini keyfiyyətə kənar nəzarət prosesinin rəqəmsallaşdırılması təşkil edib. Bu istiqamətdə elektron informasiya sistemlərindən istifadə, monitorinq nəticələrinin elektron uçotunun aparılması, auditorlar üzrə məlumatların təhlili, statistik və analitik hesabatların hazırlanması, eləcə də müasir rəqəmsal alətlərin nəzarət proseslərinə inteqrasiyası ilə bağlı Gürcüstan təcrübəsi nəzərdən keçirilib.

Eyni zamanda, keyfiyyətə nəzarət yoxlamalarının nəticələrinin auditorların peşəkar inkişafına təsiri, aşkar edilmiş nöqsanlar əsasında təlim ehtiyaclarının müəyyənləşdirilməsi, məqsədyönlü təlim proqramlarının hazırlanması və müfəttişlərin peşəkar hazırlığının gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində öyrənilmiş qabaqcıl təcrübə və yanaşmaların Azərbaycan Respublikasında audit sahəsində keyfiyyətə kənar nəzarət sisteminin təkmilləşdirilməsi, yoxlama metodologiyasının inkişaf etdirilməsi, nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması, müfəttişlərin peşəkar hazırlığının gücləndirilməsi və nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl nəzarət mexanizmlərinin milli audit sisteminə tətbiqi Auditorlar Palatasının auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, peşəkar məsuliyyətin və şəffaflığın gücləndirilməsi, həmçinin beynəlxalq standartlara uyğun institusional inkişafın təmin edilməsi istiqamətində fəaliyyətinin mühüm tərkib hissəsidir.

 

Azərbaycan Respublikası Auditorlar Palatası