Azərbaycan Respublikasi Auditorlar Palatasinin nümayəndə heyəti Vyana şəhərində işgüzar səfərdə olmuşdur
2016-05-03
AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ VYANA ŞƏHƏRİNDƏ İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
Dünya Bankının dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Aparatının rəhbəri Qəşəm Bayramov 2016-cı il 26-28 aprel tarixlərində Avstriyanın Vyana şəhərində Avropa və Mərkəzi Asiya regionlarından 19 ölkədən 250-yə yaxın yüksək rütbəli hökumət rəsmiləri, tənzimləyicilər və mütəxəssislər üçün keçirilən seminarda, nazirlər konfransında və Peşəkar Mühasiblər Təşkilatları Regional Forumunda iştirak etmişlər.
Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzi (CFRR) tərəfindən təşkil edilmiş bu tədbirin məqsədi investisiya və davamlı iqtisadi artımın təmin edilməsinə kömək edə biləcək maliyyə hesabatı sistemlərinin inkişafına dəstək göstərilməsidir. «Maliyyə məlumatları: inkişafı sürətləndirmənin əsas amili kimi» mövzusunda keçirilən bu seminar Audit və Hesabatlığın Gücləndirilməsi sahəsində bir çox ümumi məqsədlərdə, prioritetlərdə və çağırışlarda məsul olan yüksək vəzifəli məmurları bir araya gətirmişdir. İştirakçılar proqram qrupları daxilində audit və mühasibat uçotu sahəsində ən son təşəbbüslərin təcrübə mübadiləsini aparmışlar.
Konfransda iştirak edən maliyyə informasiyasının müxtəlif istifadəçiləri – investorlar, maliyyəçilər, kreditorlar və tənzimləyicilər maliyyə informasiyasının keyfiyyətinin, etibarlılığının və mövcudluğunun onların kapital investisiya qərarlarına necə təsir göstərəcəyini və şəffaflığa verdiyi töhfələrini müzakirə etmişlər.
Tədbir zamanı kiçik və orta müəssisələrin auditində IFAC-ın Beynəlxalq audit standartlarının tətbiqi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Auditorlar Palatasının sədri Vahid Novruzov yüksək vəzifəli məmurların «Maliyyə məlumatları: inkişafı sürətləndirmənin əsas amili kimi» mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar, struktur dəyişiklikləri və hesabatlılığın və şəffaflığın gücləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.