«Turizm müəssisələrində audit aparılmasına dair proqram»ın təqdimatı keçirilmişdir.

«Turizm müəssisələrində audit aparılmasına dair proqram»ın təqdimatı keçirilmişdir.

2015-12-22

TURİZM AUDİTİNƏ DAİR PROQRAMIN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Azərbaycanda son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi turizm sahəsinin  hərtərəfli inkişafına yeni  imkanlar açmışdır. Turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və  rəqabətə davamlı sahəsinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizm sahəsində də  maliyyə şəffaflığının təmin olunmasını ön plana çəkmişdir. Bu məqsədlə «Azərbaycan Respublikasında audit xidmətinin inkişaf konsepsiyası»na (2012-2020-ci illər) və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2015-2017-ci illər üzrə iş planının «Auditor xidməti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik  göstərişlərin hazırlanması» bəndində «Turizm müəssisələrində audit  aparılmasına dair proqram»ı  nəzərdə tutulmuş və Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, sərbəst auditor Nəcəf Talıbov tərəfindən həmin proqram işlənib hazırlanmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2015-ci il 25 noyabr tarixli iclasında proqram bəyənilmiş və onun razılaşdırılması məqsədilə  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə  və Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunmuşdur.

2015-ci il 22 dekabr tarixində Divan Express Baku Otelində keçirilmiş «SKAL İNTERNATİONAL BAKU» Turizm Professionalları Assosiasiyasının, Mədəniyyət  və Turizm Nazirliyinin, Azərbaycan Turizm və Menecment Universitetinin,  Azərbaycan Turizm Assosiasiyasının, turizm təşkilatlarının, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş geniş toplantıda «Turizm müəssisələrində audit aparılmasına dair proqram»ın təqdimatı keçirilmişdir. Toplantı iştirakçıları tərəfindən böyük maraqla qarşılanan təqdimat geniş müzakirə edilmişdir.  Tədbir iştirakçılarının  çoxsaylı sualları Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov tərəfindən cavablandırılmışdır. İştirakçılar tərəfindən turizm təşkilatlarının maliyyə  hesabatlarının şəffaflığının təmin olunmasında auditin rolu, habelə biznes, marketinq və menecment sahəsində əlaqəli auditor xidmətlərinin əhəmiyyəti xüsusi vurğulanmış və təqdim olunmuş proqram yüksək qiymətləndirilmişdir.