2015-11-25

BEYNƏLXALQ MÜHASİBLƏR FEDERASİYASININ (IFAC)SİNQAPURDA KEÇİRİLƏN İLLİK ÜMUMİ ŞURA İCLASININ YEKUNU BARƏDƏ
MƏLUMAT
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2015-ci il 5 noyabr tarixli K – 74a saylı əmrinə əsasən, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri, «L.B. Auditor xidməti» MMC-nin direktoru Lamiyə Bayramova IFAC-ın 2015-ci ilin 11-12 noyabr tarixində Sinqapurda keçirilən illik Ümumi Şura İclasında iştirak etmişdir.
2015-ci ilin 11 noyabr tarixində illik Ümumi Şura İclasını giriş sözü ilə IFAC-ın prezidenti xanım Oliviya Kirtley açdı.
IFAC-ın komitə sədrlərinin hesabatları dinlənildi və müzakirələr aparıldı.
Daha sonra gündəlikdə qeyd olunmuş aşağıdakı məsələlər Şura tərəfindən qəbul edilməsi üçün səsverməyə təqdim edildi:
1. 2014-cü ilin 7 noyabr tarixində İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş IFAC-ın növbəti Şura iclası barədə protokolun Şura tərəfindən qəbul edilməsinin səsə qoyulması.
2. IFAC-ın 2016-2018-ci illər üzrə strateji planı: 2016-cı il büdcəsinin geniş parametrləri də daxil olmaqla qlobal peşənin gələcəyinin qrafiki.
3. Auditorun təyin edilməsi. «Citrin Cooperman LLP» şirkətinin 2016-2017-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün yenidən təyin edilməsi.
4. IFAC-ın İdarə Heyətinin üzvlərinin 3 il müddətinə seçilməsi.
5. IFAC-ın Komitə üzvlərinin 2 il müddətinə seçilməsi.
6. Rusiya Professional Mühasiblər İnstitutunun IFAC-ın üzvlüyündən çıxarılması.
7. Burkina Faso (ONE CCA – BP) və Vyetnam Sertifikatlaşdırılmış Auditorlar Assosiasiyasının IFAC-a assosiativ üzv qəbul edilməsi.
Yekunda bütün qeyd olunan məsələlər səsvermə nəticəsində qəbul edildi.
2015-ci ilin 12 noyabr tarixində IFAC və Sinqapur Diplomlu Mühasiblər İnstitutu ilə birgə «Sinqapur Mühasiblər Konqresi-2015» keçirildi. Konqresdə mövzu ilə bağlı bir sıra məruzələr dinlənildi və müzakirələr aparıldı.
L.Bayramova səfər müddətində Azərbaycanda gedən məqsədyönlü iqtisadi islahatlar və eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin auditə və mühasibat uçotuna göstərdiyi diqqət və qayğısı barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, onlarla geniş fikir mübadiləsi və müzakirələr aparmışdır.
Azərbaycan Respublikası Auditorlar Palatasının
Şurası yanında Beynəlxalq əlaqələr üzrə
Komitənin sədri, «L.B. Auditor xidməti»
MMC-nin direktoru L.Bayramova