2015-06-19

MƏCBURİ KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI
Dağlıq Qarabağın işğal olunmuş rayonlarından 70 ailə Lənkəranda məskunlaşmışdır. Onların ailə üzvləri 258 nəfərdən ibarətdir. Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi hər il Milli Qurtuluş Günü ərəfəsində onlara yardım göstərir.
Palatanın sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun ənənəyə sadiq qalaraq Lənkəranda məskunlaşmış soydaşlarımızla görüşmüş, kollektivin bayram həddiyəsini onlara çatdırmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov məcburi köçkün soydaşlarımızla görüşü açaraq 1993-cü il iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə gəldiyini, ölkəmizi vətəndaş müharibəsindən, parçalanmadan, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini bildirmişdir. O, ulu öndərin müdrik siyasəti və titanik fəaliyyəti sayəsində ölkədə ictimai-siyasi sabitliyin bərpa olunduğunu, bütün sahələrdə uğurlu islahatların aparıldığını, Azərbaycanın dinamik inkişafının təmin edildiyini, əsası ümummilli lider tərəfindən qoyulmuş inkişaf strategiyasının dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd etmişdir.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov məcburi köçkün soydaşlarımızı Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, ümummilli liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışmışdır. Bildirmişdir ki, 22 il əvvəl ulu öndərin hakimiyyətə gəlişilə Azərbaycan bəlalardan, faciələrdən qurtulmuş və yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müdrik rəhbər müstəqilliyimizi qorumuş, dövlətçiliyimizi daha da möhkəmləndirmiş, Azərbaycanı dünyaya tanıtmışdır.
Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı sürətlə inkişaf etdirir və onu işıqlı, xoşbəxt sabaha aparır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də müstəqil Azərbaycanın növbəti uğuru, cənab Prezidentin apardığı ardıcıl, məqsədyönlü siyasətin bəhrəsidir.
Palata sədri Vahid Novruzov əminliklə bildirmişdir ki, cənab Prezidentin müdrik siyasəti nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcək, soydaşlarımız doğma yurdlarına qayıdacaqlar.
Tədbirdə məcburi köçkünlərdən Xanım Qasımova (Ağdam), Nailə Məmmədova (Füzuli), Həqiqət Behbudova (Laçın) çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Auditorlar Palatasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.