Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit-Azərbaycan” İnstitutu daxili auditor kadrlarının hazırlanması məqsədilə növbəti dəfə kurslar keçirmiş və kursların nəticəsi olaraq məzunlara sertifikatlar təqdim edilmişdir
2015-06-10

Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit-Azərbaycan” İnstitutu daxili auditor kadrlarının hazırlanması məqsədilə növbəti dəfə kurslar keçirmiş və kursların nəticəsi olaraq məzunlara sertifikatlar təqdim edilmişdir
Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2015-ci il 11 mart tarixli 10 saylı “Daxili auditin əsasları üzrə kursun tədris proqramı barədə” əmrinə və Auditorlar Palatasının 2015-ci il üzrə iş planının 4.5-ci “Daxili audit kurslarının keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə daxili auditor kadrlarının hazırlanması və təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 29 iyun tarixli Fərmanı ilə qüvvəyə minmiş “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit-Azərbaycan” İnstitutu daxili auditor kadrlarının hazırlanması üzrə 2015-ci il 01 aprel tarixindən 01 may tarixinədək növbəti kurslar keçirmişdir.
Kurslarda Auditorlar Palatası tərəfindən KİV-də verilmiş elanlar əsasında müraciət edilmiş müvafiq qurumlardan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Telefon Rabitəsi” İ.B, “Cahan” Holding, “Standart İnsurance” Sığorta şirkəti, “Bakı Metropoliteni” QSC, Azərbaycan Respublikası Auditorlar Palatrasının 14 nəfər mütəxəssisi iştirak etmişdir.
Kurslarda məşğələlər daxili audit sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər - Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və Maliyyə və təsərrüfat idarəsinin rəisi Vəli Rəhimov tərəfindən aparılmışdır.
Kursun nəticəsində iştirakçıların bilik səviyyəsi yoxlanılmış və onlara kursu müvəffəq bitirmələri barədə 2015-ci il 10 iyun tarixində sertifikatlar təqdim edilmişdir.
Təqdimetmə mərasimini giriş sözü ilə açan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov iştirakçıları salamladı və bu kursların keçirilməsinin əhəmiyyətindən danışdı. V.Novruzov bu kursların artıq ənənəvi hal aldığını və 2007-ci ildən 300-ə yaxın mütəxəssislərin iştirak etdiyini vurğuladı.
Sonda V.Novruzov bir daha kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik etdi və onlara gələcək işlərində uğurlar arzuladı.
Təsərrüfat subyektlərinin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit-Azərbaycan” İnstitutu daxili auditor kadrlarının hazırlanması üzrə növbəti kurslar keçirmək niyyətindədir.
Növbəti kursların keçirilməsi barədə elan Auditorlar Palatasının internet saytında (www.audit.gov.az) yerləşdiriləcəkdir.
Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik (Kursların keçirilməsinə məsul şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Elmira Hacıyevadır). Telefonlar: (iş) 465-65-48; 564-80-62 (dax-110); (mobil) 055-902-08-58;).