2015-02-12
2015-ci il 7-8 may tarixlərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Bakı şəhərində illik ümumi yığıncağı və beynəlaxalq elmi-praktik konfransla əlaqədar işçi qrupunun iclası keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikasının Auditorlar Palatası bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) həqiqi üzv olmaqla müstəqil audit və hesabatlıq sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi və geniş yayılması istiqamətdə kompleks tədbirlər həyata keçirir.
Məlumat üçün bildiririk ki, 2014-cü ilin 5-6 iyun tarixlərində Auditorlar Palatasının nümayəndə heyətinin də iştirak etdiyi Avropa Mühasiblər və Auditorlar Federasiyasının Macarıstanın Budapeşt şəhərində keçirilən ümumi illik iclasında bu qurumun Baş Assambleyasının növbəti iclasının 2015-ci ilin 7-8 may tarixlərində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Belə bir qərarın qəbul edilməsi respublikamızın Avropada ən qabaqcıl ölkələr sırasına çıxması və regional mərkəzə çevrilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.
Bu sahədə möhtərəm Prezidentimizin kursuna dəstək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası və Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) birgə təşkilatçılığı ilə 2015-ci il 7-8 may tarixlərində Baş Assambleyanın növbəti iclası və beynəlxalq elmi-praktik konfrans Bakı şəhərində keçiriləcəkdir.
Tədbirlərlə əlaqədar işlərin daha operativ yerinə yetirilməsini təmin etmək məqsədilə, Auditorlar Palatası sədrinin 2014-cü il 8 dekabr tarixli 1/26 A saylı sərəncamı ilə gənc əməkdaşlardan ibarət işçi qrupu yaradılmışdır.
Auditorlar Palatasının rəhbərliyinin iştirakı ilə 2015-ci il 12 fevral tarixində işçi qrupunun iclası keçirilmişdir. İclasda Palatanın sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov çıxış edərək tədbirlərin əhəmiyyətindən danışdı və bildirdi ki, belə bir mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimaddır.
Sonda V.Novruzov tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı öz tövsiyyələrini işçi qrupunun üzvlərinə çatdırdı və uğurlar arzuladı.