2014-11-20
Romada "Dünya Mühasiblər Konqresi 2014 (WCOA)"keçirilmişdir
2014-cü il 10-13 noyabr tarixlərində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və İtaliya Sertifikatlı Mühasiblər və Ekspertlər Milli Şurasının (CNDCEC) birgə təşkilatçılığı ilə İtaliya Respublikasının paytaxtı Roma şəhərində keçirilən “Dünya Mühasiblər Konqresi 2014 (WCOA)”-də Azərbaycan Respublikası Auditorlar Palatasının sədri V.Novruzovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycanın nümayəndə heyəti 100-dən çox ölkənin 6000-ə yaxın nümayəndələrinin iştirakı ilə keçirilən Dünya Mühasiblər Konqresinin plenar və sessiya iclaslarında iştirak edərək yeni auditor hesabatı, özəl şirkətlərin maliyyə hesabatlarının təkamülü, korrupsiya və fırıldaqçılıqla mübarizə: peşəkar mühasiblərin rolu, beynəlxalq təhsil standartları və auditorun səlahiyyətləri, IFRS-ə və qlobal ardıcıllığa konvergensiya, auditin keyfiyyətinin standart blokları, SMP-lər 2020, mühasibatlıq peşəsini gücləndirmək və dəyişdirmək, beynəlxalq standartların tərcüməsi və rəhbərlik: ən yaxşı praktikalar və tərcümə keyfiyyətini artırmaq üçün vasitələr, audit komitəsinin gözləntiləri və s. aktual mövzular ətrafında geniş müzakirələr apararaq təcrübə mübadiləsi etmişlər.
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Böyük Briyaniyanın Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyasının (ACCA) dəvəti ilə 2014-cü ilin 11 noyabr tarixində ACCA-nın icraçı direktoru Stephen Heathote ilə görüş keçirdi. Görüşdə ACCA və Auditorlar Palatasının birgə qoşulduğu tədbirlərin, audit və mühasibatlıq peşəsi mütəxəssisləri üçün fəaliyyətlərin təşkilinin davam etdirilməsi, akkreditə olunmuş təlim mərkəzləri, ali təhsil müəssisələri və ACCA ilə əməkdaşlığa dair birgə fəaliyyətin həyata keçirilməsi, Auditorlar Palatası tərəfindən keçirilən Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə mühasibat uçotu, idarəetmə, milli sertifikat, vergi uçotu imtahanlarından uğurla keçən şəxslərin diplom və sertifikatlarının ACCA tərəfindən tanınması məsələləri müzakirə edilmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri V.Novruzov Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti cənab B.Richardtla keçirilmiş görüşdə 2015-ci ilin may ayında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiləcək EFFA-nın Baş Assambleyasının növbəti iclasına hazırlığa dair fikir mübadiləsi aparmış və görüləcək işlər nəzərdən keçirilmişdir.
Dünya Mühasiblər Konqresi iştirakçılarının nəzərinə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar, şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində görülən kompleks tədbirlər barəsində Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti tərəfindən məlumat çatdırılmışdır.
Səfər müddətində əldə edilmiş çoxsaylı metodik materiallar ölkəmizin audit sistemində tətbiq edilmək məqsədilə respublikamıza gətirilmişdir və onların bir qismi yaxın vaxtlarda Auditorlar Palatasının internet səhifəsində yerləşdiriləcəkdir.