Auditorlar Palatasının nümayəndə heyəti Dünya Bankının Tbilisi şəhərində keçirdiyi beynəlxalq tədbirdə iştirak etmişdir

2014-10-08

Auditorlar Palatasının nümayəndə heyəti Dünya Bankının Tbilisi şəhərində keçirdiyi beynəlxalq tədbirdə iştirak etmişdir

Auditorlar Palatasının nümayəndə heyəti Tbilisi  şəhərində Dünya Bankının «Avropa İttifaqının qanunvericiliyinin tələblərinini tətbiqi vasitəsilə auditin keyfiyyətinin yüksəldilməsi» mövzusunda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir.

Tədbir Dünya Bankının «Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində – Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada auditin və hesabatlılığın möhkəmləndirilməsi» (STAREP) proqramı çərçivəsində keçirilmişdir.

Plenar iclasda Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov «Azərbaycan Respublikasında ictimai nəzarət və keyfiyyətin təminatı: mövcud vəziyyət» («Обшественный надзор и обеспечение качества в Азербайджанской республике: текущее состояние») mövzusundu təqdimatla çıxış etmişdir. Təqdimatda audit bazarının vəziyyəti – ilkin məlumat, hüquqi əsaslar, ictimai nəzarət, nəzarət orqanının funksiyaları, vəzifələri, tərkibi, keyfiyyətin təminatı sistemi,maliyyə sektorunda ictimai nəzarət orqanı ilə digər tənzimləyicilərin qarşılıqlı münasibətləri və s. barədə iştirakçılara ətraflı ətraflı məlumat verilmişdir. Dövlətimizin auditə qayğısı, ulu öndər tərəfindən imzalanmış «Auditor xidməti haqqında» Qanunla Auditorlar Palatasının fəaliyyət müstəqilliyinin küksək formada təmin olunması, Palatanın Dövlət proqramlarının icrasına cəlb olunması, auditlə əlaqədar qanunvericiyə dair Palatanın müraciətlərinin yüksək səviyyədə qarşılanması və bir sıra normativ hüquqi aktların, qanunların qəbul edilməsi, xüsusilə auditdən yayınmaqla əlaqədar İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi bütün iştirakçılar və təşkilatçılar tərəfindən yüksək maraqla qarşılanmışdır.

Tədbirdə Andrey Busuyok (CFRR) «Məcburi auditə dair Direktivdə tələblərin təhlili», Cerri Dekker (CFRR) «İctimai nəzarətin funksiyaları», habelə Belarus, Gürcüstan, Moldovavə Ukrayna nümayəndələri audit və ictimai nəzarət mövzularında çıxışlar etmişlər.

Eyni zamanda, təcrübə mübadilələri zamanı Avropa İttifaqının 8-ci Direktivinin tələbləri, xüsusilə auditin keyfiyyətinə nəzarət, auditor təşkilatlarının təşkilati hüquqi formaları və digər mövzularda diskusiyalar aparılmış, nümayəndə heyətinin üzvləri tərəfindən çoxsaylı təkliflər verilmiş, bu proqram daxilində növbəti tədbirdə Azərbaycan nümayəndə heyətinə ölkəmizdə audit qanunvericiliyi barədə təqdimat hazırlanması barədə müraciət edilmişdir.

Dünya Bankının STAREP proqramının internet səhifəsinə keçid.