2014-10-03
AZƏRBAYCAN AUDİTORLARI AVROPA PARLAMENTİNDƏ
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərovdan ibarət nümayəndə heyəti 2014-cü il sentyabrın 30-da Böyük Britaniyanın Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) və Avropanın Beynəlxalq mühasiblər şəbəkəsinin (EGİAN) birgə təşkilatçılığı ilə Brüsseldə Avropa Parlamentində keçirilən “Yeni audit islahatlarının həyata keçirilməsi: keyfiyyətə diqqət üçün yeni canlı bazarın yaradılmasını necə təmin etməli?” adlı dəyirmi masada iştirak etmişlər.
20-ə yaxın ölkənin və 50-dən çox beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin və Avropa Komissiyasının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə auditin gələcəyi , onun hüquqi və institusional bazasının təkmilləşdirilməsi,məsləhət və konsaltinq xidmətlərinin genişləndirilməsi, auditor xidmətinin keyfiyyətinə nəzarət, kiçik və orta müəssisələrdə auditin təşkili, auditorların rotasiyası, beynəlxalq standartların tətbiqi kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılmışdır.
MDB məkanından yalnız Azərbaycanın dəvət edildiyi tədbirdə Azərbaycanın nümayəndə heyəti Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə auditə dövlət tərəfindən göstərilən diqqət və qayğı barəsində, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırlanmış “Azərbaycan Respublikasında Auditor xidmətinin inkişaf Konsepsiyası (2012-2020-ci illər)” haqqında məlumat vermişlər.
Səfər zamanı əldə edilən materiallar audit sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqi istiqamətində müasir şəraitdə qarşıda duran vəzifələrin icrasında önəmli rol oynayacaqdır.