“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirildi

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirildi

2014-09-16

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirildi.

Azərbaycanda audit ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il 16 sentyabr tarixində imzalanmış «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşəkkül tapmışdır.

Bu münasibətlə Auditorlar Palatasında “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinin 20 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq qeyd etmişdir ki, ötən müddət ərzində Azərbaycanda milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərinin həcmi və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə və bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli yüksəlmişdir.

- Auditorlar Palatası tərəfindən 300-dən çox fiziki və 100-dən çox hüquqi şəxsə, o cümlədən 12 xarici hüquqi şəxsə lisenziya verilmişdir.

- Ölkədə auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 25 dəfə, xidmətin həcmi isə 40 dəfəyə qədər artmışdır.  

Eyni zamanda Auditorlar Palatası «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı»nda (2004-2006-illər) və «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da (2007-2011-ci illər), “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda ona həvalə olunmuş tədbirlərin icrası istiqamətində də xeyli işlər görmüşdür. Səlahiyyətli dövlət orqanlarının müraciət və sifarişləri əsasında çoxsaylı audit yoxlamaları həyata keçirilmişdir.

1 yanvar 2010-cu il tarixindən etibarən Beynəlxalq audit standartlarının tətbiqinə başlanılmış, Auditorlar Palatasının xarici əlaqələrinin coğrafiyası kifayət qədər genişlənmişdir.

Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyası (IFAC-13.11.2008) və Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFAA-05.05.2003) kimi nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tamhüquqlu üzv qəbul olunmuş, 32 xarici ölkələrin audit və mühasibatlıq təşkilatları və respublikanın 17 müvafiq qurumları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamışdır və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Auditorlar Palatası auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması sahəsində də ardıcıl iş aparır. Palata ölkəmizdə auditə dair ilk sanballı dərs vəsaiti və digər çoxsaylı xüsusi ədəbiyyat, sənədlər toplusu, tədris proqramları hazırlayıb nəşr etdirmiş, auditin aktual problemlərinə, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş 35-ə yaxın beynəlxalq elmi-praktik konfrans, simpozium, seminar, forum, dəyirmi masaların  təşkilatçılarından olmuşdur.

Auditorlar Palatasının fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda auditor xidmətinin təkmilləşdirilməsinə dair bir sıra mühüm vəzifələrin icrası Auditorlar Palatasına tapşırılmışıdır. Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi və “Beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf konsepsiyası”nın (2012-2020-ci illər) layihəsinin hazırlanması Auditorlar Palatası tərəfindən həyata keçirilməlidir.

Konsepsiyada 2014-2020-ci illərdə auditin inkişafına dair 141 tədbirin icrası nəzərdə tutulmuşdur.

Auditorlar Palatası tərəfindən hal-hazırda həmin tədbirlərin icrasına başlanılmışdır. Auditorlar Palatasında yaradılmış işçi qrupu tərəfindən “Auditor fəaliyyəti haqqında” yeni qanun  layihəsi hazırlanmış və ictimai müzakirəyə təqdim edilmişdir.

Azərbaycan auditinin beynəlxalq aləmdə imicinin artmasına bariz nümunə olaraq göstərmək olar ki, 2014-cü ilin 5-6 iyun tarixlərində Auditorlar Palatasının nümayəndə heyətinin də iştirak etdiyi Avropa Mühasiblər və Auditorlar Federasiyasının Macarıstanın Budapeşt şəhərində keçirilən ümumi illik iclasında bu qurumun Baş Assambleyasının növbəti iclasının 2015-ci ilin 7-8 may tarixlərində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Belə bir qərarın qəbul edilməsi respublikamızın Avropada ən qabaqcıl ölkələr sırasına çıxması və regional mərkəzə çevrilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.

Daha sonra tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.