2014-06-10
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü il 2-3 iyun tarixlərindəAvstriyanın Vyana şəhərində keçirilən “Peşəkar Mühasibatlıq Təşkilatlarının (PAO) 2-ci Regional Forumu” və “Avropa və Mərkəzi Asiyada Maliyyə Hesabatlılığı” mövzusunda beynəlxalq tədbirdə və 5-6 iyun tarixlərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Macarıstanın Budapeşt şəhərində keçirilən ümumi illik iclasında və VIII Beynəlxalq Vergi Konfransında iştirak etmişdir.
Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzinin (CFRR) rəhbəri Henri Fortinin dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) ilə əməkdaşlıq çərçivəsində Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə korporativ maliyyə hesabatlılığı və audit sahəsində yüksək rütbəli hökumət rəsmləri, tənzimləyicilər və mütəxəssislər üçün 2014-cü il 2-3 iyun tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən “Peşəkar Mühasibatlıq Təşkilatlarının (PAO) 2-ci Regional Forumu” və “Avropa və Mərkəzi Asiyada Maliyyə Hesabatlılığı” mövzusunda beynəlxalq tədbirdə iştirak etmişdir.
Dünya Bankının, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA), Avstriya Respublikası Maliyyə Nazirliyinin, habelə 20-yə yaxın ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən V Nazirlər Konfransında kiçik və orta ölçülü müəssisələrdə hesabatlılığın və auditin mövcud problemləri, qeyri-ənənəvi audit xidmətlərinin inkişafı istiqamətləri, mühasibat uçotu və audit sahəsində yeni strategiya, kiçik və orta ölçülü müəssisələrin hesabatlılıq və auditi prosesində müasir texnologiyaların tətbiqi kimi aktual problemlər müzakirə olunmuşdur.
Auditorlar Palatasının nümayəndə heyəti bütün bu istiqamətlər üzrə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sahibkarlığın inkişafına, elektron hökumətin yaradılmasına, şəffaflığın yüksəldilməsinə dair həyata keçirilən tədbirlər və bu istiqamətdə xarici təcrübənin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində görülən işlər barədə məlumat vermişlər.
Eyni zamanda, Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (CFRR) ilə əməkdaşlığın genişləndirilməsi isitiqamətində razılıq əldə olunmuşdur.
2014-cü ilin 5-6 iyun tarixlərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Budapeştdə keçirilən ümumi illik iclasında bu beynəlxalq qurumun 2015-ci ildə ümumi illik iclasının ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir.