2014-cü il 20 fevral tarixində Avropa Şurasının MONEYVAL komitəsinin nümayəndə heyəti Auditorlar Palatasında olmuşdur
2014-02-20
Avropa Şurasının MONEYVAL komitəsinin nümayəndə heyəti Auditorlar Palatasında olmuşdur.
Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin növbəti qiymətləndirilməsi ilə əlaqədar Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) John Bakerin rəhbərlik etdiyi missiyası 20 fevral tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında olmuşdur.
Missiyanın məqsədi MONEYVAL-ın proqramına uyğun olaraq, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə ölkə auditorlarının üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi vəziyyətini qiymətləndirməkdən ibarətdir.
Auditorlar Palatasının sədri V.Novruzov görüşdə çıxış edərək ölkəmizin MONEYVAL ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulamış, təsərrüfat subyektlərində aparılan audit zamanı çirkli pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində görülmüş işlərə, habelə ölkəmizdə şəffaflığın artırılması və korrupsiyanın azaldılması istiqamətində aparılan kompleks tədbirlərə dair ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, 2010-cu il 05 aprel tarixdə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu konkret tədbirlərlə uğurla həyata keçirilir.
Görüşdə Auditorlar Palatasının və MONEYVAL-ın məsul əməkdaşları arasında həmin sahədə görüləcək işlər barəsində işgüzar müzakirələr aparılmışdır.