Azərbaycan auditorları Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (CFRR) tərəfindən təşkil edilmiş beynəlxalq konfransda və Daxili Auditorlar İnstitutunun Baş Assambleyasının iclasında iştirak etmişdir.
2013-10-08
Azərbaycan auditorları Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (CFRR) tərəfindən təşkil edilmiş beynəlxalq konfransda və Daxili Auditorlar İnstitutunun Baş Assambleyasının iclasında iştirak etmişdir
Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (CFRR) tərəfindən Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə korporativ maliyyə hesabatlılıq və audit sahəsində yüksək rütbəli hökumət rəsmiləri, tənzimləyicilər və mütəxəssislər üçün 2013-cü il 30 sentyabr-02 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində “Maliyyə hesabatlılığı və audit yol ayrıcında – Avropada mövcud mənzərə və yeni üfüqlər” mövzusunda regional tədbir və bu tədbirin davamı olan “Şərqi tərəfdaşlıq ölkələri üçün audit və hesabatlılıq sistemlərinin gücləndirilməsi” mövzusunda konfrans, 2013-cü il 02-05 oktyabr tarixlərində Daxili Auditorlar İnstitutlarının Avropa Konfederasiyasının (ECIIA) Liderlər Forumu və Baş Assambleyanın iclası keçirilmişdir.
Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov və “Audit-Azərbaycan” İnstitutunun İdarə heyətinin üzvü Muxtar Səttarov iştirak etmişdir.
25 ölkənin 160-dan çox nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq konfransda Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov “Azərbaycanda audit və hesabatlılıq: Gələcəyə baxış” mövzusunda ölkə təqdimatı ilə çıxış etmişdir. Konfransda Şərq Tərəfdaşlığı Ölkələrində Audit və Hesabatlılığın gücləndirilməsi, maliyyə hesabatı və audit islahatı: ən son nailiyyətlər və gələcək prioritetlər, Şərq Tərəfdaşlığı Ölkələri: reallıqlar, prioritetlər və imkanlar, korporativ maliyyə hesabatlarının islahatında uğurlar: Avropa təcrübəsindən götürülmüş nümunələr, Şərq Tərəfdaşlığı Ölkələrində yüksək keyfiyyətli maliyyə hesabatlarının inkişaf imkanları və problemləri, Avropa Birliyinin maliyyə və hesabatlılıq məsələsinə cari inteqrasiyası, korporativ maliyyə islahatları problemləri və büdcə üçün növbəti islahatlar, STAREP proqramında iştirak ilə bağlı məsələlər kimi aktual mövzular üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır. ECIIA Baş Assambleyasının iclasında isə Milli İnstitutut üzvlərinin statusu, İdarə Heyətinin 2012-ci ilə olan maliyyə hesabatı, Cari Şura üzvlərinin azad edilməsi, İdarə heyəti üzvlərinin, audit komitəsi üzvlərinin və audit komitəsi sədrinin yenidən təyin edilməsi, ECIIA-nın strateji planı, 2013-cü ilə olan proqnoz, 2014-cü ilə olan büdcə, ECIIA Baş Assambleyasının növbəti iclası barədə məsələlər müzakirə edilmişdir.
Səfər müddətində Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Dünya Bankı kimi beynəlxalq maliyyə və peşə qurumlarının, habelə bir sıra ölkələrin, o cümlədən Avstriyanın, Birləşmiş Ştatların, Fransanın, Macarıstanın, Rumıniyanın, Belarusiyanın, Ukraynanın, Gürcüstanın təmsilçiləri ilə işgüzar görüşlər keçirilərək Azərbaycan Respublikasında iqtisadi islahatların aparılması, maliyyə hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat uçotu və audit sahəsində əldə edilən uğurlar və həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, müvafiq materiallar ölkəmizdə tətbiq edilmək məqsədilə respublikamıza gətirilmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti səfər müddətində Vyana şəhərində Azərbaycan mədəniyyət mərkəzinin keçirdiyi tədbirdə də iştirak etmişdir.
Səfər zamanı əldə edilən nəticələr, ilk növbədə, Şərq Tərəfdaşlığı Ölkələrində Audit və Hesabatlılığın və auditin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirməyin zəruriliyi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.
https://youtu.be/wkK6tM3J1l0