26-28 sentyabr 2013-cü il tarixlərində ”DAXİLİ NƏZARƏT VƏ RİSKLƏRİN İDARƏ OLUNMASI” mövzusunda mühasiblərin və auditorlarin IV Avrasiya forumu keçirilmişdir.

26-28 sentyabr 2013-cü il tarixlərində ”DAXİLİ NƏZARƏT VƏ RİSKLƏRİN İDARƏ OLUNMASI” mövzusunda mühasiblərin və auditorlarin IV Avrasiya forumu keçirilmişdir.

2013-10-01

26-28 sentyabr 2013-cü il tarixlərində

26-28 sentyabr 2013-cü il tarixlərində “DAXİLİ NƏZARƏT VƏ RİSKLƏRİN İDARƏ OLUNMASI” mövzusunda mühasiblərin və auditorlarin IV Avrasiya forumu keçirilmişdir


Аzərbaycan Respublikasının dövlət müstəqilliyinin banisi və yeni Azərbaycan quruculuğunun memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik dövlət quruculuğu  və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti nəticəsində Azərbaycan son illərdə yüksək iqtisadi inkişaf siyasəti nəticəsində Azərbaycan son illərdə yüksək iqtisadi inkişafa nail olmuş, ümumi daxili məhsul istehsalına görə bütün dünyada lider səviyyəsinə yüksəlmişdir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması və digər vacib sahələr üzrə işlənib hazırlanmış dövlət proqramları uğurla həyata keçirilməkdədir.

Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur.

Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni iş yerləri açılaraq yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır.

Bütün bu çoxsaylı  uğurlara Azərbaycan hələ də yaşadığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi şəraitində nail olmuşdur. Beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq ölkəmizin ərazi bütövlüyü indiyədək bərpa olunmamışdır. Danışıqlar prosesində Azərbaycanın tələbi ölkəmizin zəbt olunmuş torpaqlarının işğaldan beynəlxalq hüquq normaları çərçivəsində azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarətdir. Bu, Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Hazırda ölkəmizin zəbt olunmuş torpaqlarının işğalına son qoymaqdan daha vacib vəzifəmiz yoxdur.

Münaqişə öz həllini tapana qədər məcburi köçkünlərin sosial müdafiəsi təmin olunmaqdadır. Bu gün Azərbaycan ərazisində çadır şəhərciyi qalmayıbdır. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, evlər tikilib və bu istiqamətdə görülən işlər davam etdirilir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr  tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq, ölkəmizdə maliyyə nəzarətinin təşkili, o cümlədən korrupsiyaya qarşı mübarizə daha sistemli, ardıcıl və kəsərli, eyni zamanda, beynəlxalq təcrübədən bəhrələnməklə həyata keçirilir və bu sahədə müəyyən naliyyətlər də əldə olunmuşdur. Bununla belə, iqtisadi-maliyyə fəaliyyətində qanunçuluğun və maliyyə şəffaflığının təmin edilməsi istiqamətində nöqsanların bir qismi, o cümlədən iqtisadiyyatımıza böyük zərbə vuran maliyyə fırıldaqları, səmərəsiz xərclər və korrupsiyaya şərait yaradan hüquqpozma halları hələ də qalmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm amillərindən biri kimi maliyyə nəzarətinin gücləndirilməsinə və onun beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsinə xüsusi önəm verərək, Nazirlər Kabinetinin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında demişdir: «Büdcəmiz artıqca, nəzarət də artmalıdır və maliyyə nizam-intizamı da möhkəmlənməlidir».

Azərbaycan Respublikasının Auditorlar Palatası da həmin tədbirlərin təşkilindən kənarda qalmamış, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən dövrlər ərzində bir neçə beynəlxalq konfranslar, seminarlar, simpoziumlar və.s təşkil edilmiş və eyni zamanda Palatanın məsul əməkdaşları və üzvləri xarici ölkələrdə bu səpkidə təşkil edilmiş tədbirlərdə iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən yüksək nailiyyətlərin möhkəmləndirilıməsi məqsədi ilə iqtisadiyyatda şəffaflığın artırılması istiqamətində ölkəmizdə uğurla davam etdirilən əməli tədbirlərin beynəlxalq təcrübə ilə daha geniş inteqrasiya olunmasının əhəmiyyətni nəzərə alaraq, Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə 2013-cü il 26-28 sentyabr tarixlərində “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların IV Avrasiya Forumu keçirilmişdir.

Forumun açılış mərasimini açıq elan edən Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə ilk əvvəl forum iştirakçılarını salamladı və xarici qonaqları doğma Azərbaycanımızda görməkdən məmnunluq hissi keçirdiyini ifadə etdi.

Akademik tədbirin ölkəmizdə əlamətdar günlərə - Azərbaycanda Prezident seçkilərinin keçirilməsinə təsadüf etdiyini xüsusi vurğuladı. Heç şübhəsiz ki, belə mötəbər tədbirlərin artıq ənənəyə çevrilərək Azərbaycanda keçirilməsi dövlətimizin  müəyyən etdiyi strategiya əsasında ölkəmizin sosial-iqtisadi həyatında, dövlətçiliyin möhkəmlənməsində fundamental əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan artıq dünya ölkələri içərisində investisiya, sahibkarlıq mühitinə, cəmiyyətdə konsensus səviyyəsinə və iqtisadi inkişafına görə lider ölkələr sırasında özünəməxsus mühüm yer tutur.

Z.Səmədzadə bir daha hər bir Forum iştirakçısını açılış münasibəti ilə salamlayaraq təbrik etdi və uğurlar arzu etdi.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) Məsləhət Şurasının sədri Süleyman Qasımov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

S.Qasımov respublikamızın əhəmiyyətli qurumlarının, nazirliklərin, dövlət və kommersiya təşkilatlarının dəstəyi sahəsində gerçəkləşən bu mötəbər forumun beynəlxalq mühasibat uçotu, audit və daxili nəzarət sisteminə verəcəyi tövhələrin vacibliyini qeyd edərək forumun işinə uğurlar arzuladı.

Daha sonra Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyası (APFM) tərəfindən ilk dəfə olaraq təsis edilmiş Nominasiyalar Forumun açılış mərasimində öz qaliblərinə təqdim edildi.

Təqdim olunan nominasiyalar:

"Maliyyəçi peşəsinin inkişafında verdiyi xüsusi töhfəyə görə"

Ziyad Səmədzadə – Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik

Süleyman Qasımov – ARDNŞ (SOCAR) Vitse-prezidenti , APFM Məsləhət Şurasının Sədri 

"İlin Auditoru"

Vahid Novruzov – Azərbaycanın Auditorlar Palatasının Sədri, APFM Məsləhət Şurasının üzvü, iqtisad elmləri doktoru, professor  

“İlin Maliyyə Meneceri”

Mahir Məmmədov –“Azərsu” ASC-nin Sədr müavini

Lyubov  Andropova – “AZAL” QSC-nin Vitse -prezidenti 

“İlin Finansisti”

Maarif Nəcəfov – ARDNŞ-nin Azəriqaz İstehsalat Birliyinin İqtisadiyyat və Uçot İdarəsinin Rəisi

Elman Hüseynov – Azərbaycan Respublikası Maliyyə Nazirlinin Tədris mərkəzinin direktoru 

Anar Mustafayev – Azərbaycan Respublikası Rabitə Nazirliyinin BTRİB-nin baş mühasibi

Daha sonra konfrans mədəni-kütləvi tədbirlərlə davam etdirildi.

Növbəti gün 2013-cü il 27 sentyabr tarixində “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların IV Avrasiya Forumu öz işinə başladı.

Forumu giriş sözü ilə Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə açaraq ilk əvvəl qonaqları salamladı və forumun əhəmiyyətindən danışdı. 

Komitə sədri Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirak etdikləri forumda çıxış edərək tədbirin vacibliyindən, ölkəmizdə mühasibat və audit sistemlərinin inkişafından danışdı.

Akademik bildirdi ki, forumun məqsədi şəffaflığın artırılmasında daxili nəzarətin rolu və risklərin idarə olunması ilə əlaqədar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, müvafiq institusional mexanizmlərin fəaliyyət  istiqamətlərini dəqiqləşdirmək, daxili nəzarətə dair qanunların icra mexanizmlərini təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürməkdir.

Z.Səmədzadə “İqtisadi sferada risklərin qorunması və şəffaflığın perspektivləri (tarixi keçmiş, müasir reallıqlar kontekstində)” mövzusunda məruzə ilə çıxış edərək vurğuladı ki, müstəqilliyinin 22-ci ilini arxada qoymaqda olan Azərbaycan dövləti qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, özünün iqtisadi təhlükəsizliyini təmin edən, güclü iqtisadiyyata malik dövlətə çevrilmişdir. İnkişafın Azərbaycan modelinin uğurla reallaşması ölkədə azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sistemin formalaşmasını, iqtisadiyyatda keçid dövrünün başa çatmasını təmin etmiş, xalqın daha firavan yaşaması üçün güclü əsaslar yaratmışdır. Azərbaycanın inkişafının yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Sonra Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) baş icraçı direktoru Federiko Diomeda "KOM-ların daxili nəzarət sistemlərinə baxış" mövzusunda məruzə ilə çıxış etdi.  İcraçı direktor daxili nəzarət, daxili nəzarət əməliyyatlarının həyata keçirilməsi, hesabatlılıq və bu sahədə risklərin idarə olunmasından geniş söz açaraq öz məruzəsini forum iştirakçılarının diqqətinə çatdırdı.  F.Diomeda həmçinin Forumun işinin audit sahəsində beynəlxalq əməkdaşlığın səmərəli nəzarət sistemini təşkil etmək üçün geniş imkanlar yaratdığını qeyd edərək tədbirin bu mənada böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov “Sığorta pensiya sistemində daxili audit islahatların idarə edilməsində mühim vasitə kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, daxili audit idarəetmə nəzarətinin tərkib hissəsi kimi digər nəzarət üsullarından daha fərqli olmaqla sistem daxilində geniş əhatə dairəsinə, mövcud ehtiyatların qiymətləndirilməsi imkanına malikdir. Bu xidmət həm də daxili nəzarət sisteminin əsas elementi kimi müntəzəm olaraq fəaliyyət göstərir. Sığorta-pensiya sistemində həyata keçirilən islahatların gedişində sistemdaxili idarəetmə qərarlarının qəbulu və qarşıya qoyulmuş məqsədlərə nail olunması sahəsində idarəetmə vasitələrindən birinə çevrilməsi baxımından daxili auditin rolu xüsusilə qiymətləndirilməlidir. Bunu Azərbaycanda sığorta-pensiya sisteminin islahatı təcrübəsində aydın müşahidə etmək olur.  Fond sistemində daxili audit xidməti tərəfindən həyata keçirilən yerli orqanların funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması, ayrı-ayrı istiqamətlər üzrə tematik araşdırmalar, habelə ictimai araşdırma xarakterli tədbirlər belə bir ümumiləşdirilmiş nəticəni ortaya qoymuşdur ki, fəaliyyətin inzibati qaydada tənzimlənməsi və funksional vəzifələrin icrasındakı problemlərin həlli daim diqqət mərkəzində saxlanılsa da, bu nöqsanları birdəfəlik aradan qaldıracaq səmərəni vermir. Bu səbəbdən DSMF inzibati tədbirlərlə yanaşı, islahatlar yolu ilə uzun illərdən bəri mövcud olan və subyektiv amillərə şərait yaradan fəaliyyət üsullarının köklü qaydada dəyişdirilməsini qarşıya məqsəd qoymuşdur.

Daha sonra Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun baş icraçı direktoru Qarri Karter ilk öncə Forumun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirdi, eyni zamanda odlar diyarında yenidən olmaqdan xüsusi zövq aldığını dilə gətirdi.

Q.Karter öz məruzəsində müxtəlif audit qurumları arasında beynəlxalq əməkdaşlığın önəminə toxunaraq, keçirilən Forum kimi yüksək səviyyəli tədbirlərin audit sahəsində bir çox problemlərin həlli yollarının tapılmasına köməklik göstərdiyini diqqətə çatdırdı.

Sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsin rəisi Vüqar Əliyevqonaqları salamlayaraq Forumun işinə uğurlar arzuladı. V.Əliyev “Korrupsiyaya qarşı mübarizədə prokuror təsir tədbiri aktlarının əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edərək vurğuladı ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün davamlı şəkildə həyata keçirilən çoxsahəli islahatlar kursu ötən on ildə ölkə iqtisadiyyatında dinamik inkişafa zəmin yaratmış, hər bir vətəndaşın həyatında irəliləyişə səbəb olmuşdur. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən mütərəqqi dəyişikliklər özünü ildən-ilə daha açıq şəkildə göstərməklə yanaşı, yüksələn xətlə inkişaf etməkdədir. Həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsi olaraq, ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün zəruri olan bütün mexanizmlər yaradılmışdır. Fəaliyyətə başladığı andan qısa müddətdə komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi, korrupsiyaya qarşı mübarizənin vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların toplanması, təhlil edilməsi və s. sahələrdə mühüm nailiyyətlər əldə edilmişdir.

Daha sonra Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov ilk öncə qonaqları Mühasiblərin və Auditorların IV Avrasiya Forumunun təşkilatçıları adından salamladı və dəvəti qəbul edərək Forumun işinə qatıldıqlarına görə iştirakçılara və xarici tərəfdaşlara öz təşəkkürünü bildirdi.

Palata sədri "Azərbaycanda auditin inkişaf konsepsiyası haqqında" geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə “Daxili audit haqqında” Qanun qəbul olunmuş və Beynəlxalq Daxili Auditorlar İnstitutunun bölməsi yaradılmışdır.

Məruzəsində V.Novruzov qeyd etdi ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmilləşdirilməsinə mühüm əhəmiyyət verilmiş və nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması, o cümlədən müstəqil auditin yaradılması dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan auditi özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş və ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə onun rolu və əhəmiyyəti yüksək dəyərləndirilmişdir. Müstəqil auditin müasir tələblər baxımından təkmilləşdirilməsi, o cümlədən auditor xidmətinin təsərrüfat subyektlərinin gələcək fəaliyyətlərinə yönələn növlərinin inkişaf etdirilməsi iqtisadi maliyyə sferasında risklərin azaldılmasına və onların idarə olunmasına, daxili nəzarət sisteminin səmərəlilik səviyyəsinin yüksəldilməsinə mühüm zəmin yaratmış olur.

Auditorlar Palatasının əməkdaşları və üzvlərindən ibarət işçi qrupu tərəfindən Azərbaycan İqtisadçılar İttifaqının dəstəyi ilə Auditin İnkişaf Konsepsiyası layihəsi üzərində işin başa çatdırılmasından söz açan professor, Konsepsiyanın etibarlı və təminatverici hüquqi və metodoloji əsaslara söykənərək, audit sahəsində qanunvericilik bazasında mövcud problemlərin aşkar edilməsindən, auditin vəzifələrinə yenidən baxılmaqla müasir dövrün tələblərinə uyğunlaşdırılmasından, auditor xidmətinə dair hüquqi-normativ baza təkmilləşdirilməsi istiqamətlərinin əks olunmasından və xüsusi olaraq, məcburi auditdən yayınmanın səbəblərinin təhlil edilməsindən söz açaraq forum iştirakçılarında böyük diqqət və maraq yaratmışdır.

“Risklərin idarə olunması və daxili nəzarət” növbəti məruzə ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) Məsləhət Şurasının sədri Süleyman Qasımov qonaqları salamlayaraq belə mötəbər forumların Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirərək məmnunluq ifadə etdi.

S.Qasımov risklərin idarə olunmasında daxili nəzarət sistemi (DNS)`nin yaratdığı imkanlardan, biznes proseslərin effektivliyinin artırılmasından, idarəetmə səviyyəsinin təkmilləşdirilməsindən, səhvlərin qarşısının alınması və şirkətin ümumilikdə davamlılıq səviyyəsinin artırılmasından geniş söhbət açaraq forum iştirakçılarına ətraflı məlumat verdi.

Sonra “AZƏRSU” ASC-nin sədr müavini Mahir Məmmədov – “Daxili nəzarət və risklərin idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərək, maliyyə hesabatlarının hazırlanmasına dair təşkilatı struktur bazanın formalaşdırılmasında,  hazırlanan maliyyə hesabatlarının audit şirkərləri tərəfindən tanınması, eləcə də risklərin idarə olunmasında daxili nəzarət funksiyasının vacibliyini xüsusi qeyd etdi.

“Daxili nəzarət və risklərin idarə olunmasında yüksək keyfiyyətin təmin olunmasında peşəkar təşkilatların rolu” növbəti məruzə ilə çıxış edən Professional Maliyyə Menecerləri Assosasiyasının (APFM) Beynəlxalq Proqramlar üzrə Sertifikatlaşma Mərkəzinin rəhbəri Rəşad Əsgərov bu sahədə beynəlxalq təcrübəyə malik peşəkar qurumların, xarici təşkilatların önəmindən və bu sahəyə verdikləri tövhələrdən söz açaraq forum iştirakçılarına məlumat verdi.

Daha sonra Forum öz işini sessiyalarda davam etdirmişdir.

Növbəti Sessiyalarda “Ernst&Yanq Holdinqa (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Məsləhət xidmətlərinin rəhbəri Fərhad Quliyev – “Daxili nəzarət sistemi-korporativ idarəetmənin əsasıdır”, Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti Horia Neamtu - “Daxili nəzarətin qiymətləndirilməsində müstəqillik və obyektivlik”, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Rəşad Orucov – “Daxili nəzarət, risklərin idarə edilməsi və daxili audit”,  Rusiya Auditorlar Kollegiyasının (RCA) prezidenti Aleksandr Ruf – “Rusiya Federasiyasında daxili nəzarətin inkişafı”,   Polşa Milli Auditorlar Palatasının (KIBR) Varşava filialının prezidenti Stanislav Leszek – “Daxili nəzarət və daxili audit”, Sankt-Peterburq Auditorlar Palatasının prezidenti Aleksandr Kuznetsov – “Müasir mərhələdə audit peşəsinin inkişaf perspektivləri”, Samara Regional Peşəkar Mühasiblərin, Maliyyə Menecerlərinin və İqtisadçıların Milli İnstitutunun Prezidenti Dmitri Yakovenko – “Maliyyə nəzarətinin dövlət (bələdiyyə) tapşırıqlarının maliyyələşdirilməsi və büdcənin proqram yönümlü formalaşmasına keçidlə bağlı problemləri”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə - “Daxili nəzarət səmərəlilik amili kimi”, MED YMM (CPA və Müstəqil Audit şirkəti) icraçı direktoru  Hasan Özgür Demirdöven– “Təşkilatlarda daxili audit və daxili nəzarətin rolu”, ICFM Qazaxıstan, “ICFM-Astana” baş direktoru, “Baker Tilly Eltal Kazakhstan” Astana filialının direktoru Saule Makhmutova – “Daxili nəzarətin tətbiqində Qazaxıstan şirkətlərinin təcrübəsi” mövzularında məruzə ilə çıxış etmiş və məruzələr ətrafında geniş fikir mübadilələri aparılmışdır.

Sonda Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yekun sözlə çıxış edərək, forumun əhəmiyyətini bir daha vurğuladı və bu tədbirə dəvəti qəbul edərək iştirak edən, eyni zamanda məruzələr ilə çıxış edən bütün  iştirakçılara öz dərin minnətdarlığını bildirdi.

2013-cü il 28 sentyabr tarixində Forum iştirakçıları Şamaxı rayonunda yerləşən Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Nəsrəddin Tusi adına “Şamaxı Astrofizika Rəsədxanası”na ekskursiya etdilər. Rəsədxananın elmi işçisi tərəfindən qarşılanan Forum iştirakçılarına ilkin olaraq rəsədxana haqqında məlumatlar verilib. Rəsədxananın fəaliyyəti haqqında məlumatlanan xarici qonaqlar, göy cisimlərini də müşahidə ediblər.

Tədbirlərin gedişi KİV-də geniş işıqlandırılmışdır. Təşkilat Komitəsi tərəfindən Forumun nəticələri geniş müzakirə ediləcək, tədbirlər planı təsdiq ediləcək və həmin tədbirlər planının icrası ilə əlaqədar işlər həyata keçiriləcəkdir.

Hesab edirik ki, beynəlxalq və yerli tərəfdaşların təşkilatçılığı ilə belə tədbirlərin birgə keçirilməsi əlaqələrin daha da genişləndirilməsinə, problemlər və onların həlli yollarında peşəkar fəaliyyətimiz zamanı faydalı olacaqdır.