Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Makedoniya Respublikasında rəsmi səfərdə olmuşdur

2013-02-18

Azərbaycan Respublikası Auditorlar Palatasıı nümayəndə heyəti Makedoniya Respublikasıda rəsmi səfərdə olmuşdur

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ MAKEDONİYA RESPUBLİKASINDA RƏSMİ  SƏFƏRDƏ  OLMUŞDUR


2013-cü il fevral ayının 13-dən 17-dək Makedoniya Respublikası Sertifikatlı Auditorlar İnstitutunun prezidenti cənab Borislav Atanasovskinin dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində rəsmi səfərdə olmuşlar.

Makedoniya və Azərbaycan Respublikaları arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin təkmilləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında 2013-cü ilin 15 fevral tarixində anlaşma memorandumu imzalanmışdır.

Tədbirdə Azərbaycan tərəfindən Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Aparatın rəhbəri Qəşəm Bayramov, Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədov, Makedoniya tərəfindən isə Sertifikatlı Auditorlar İnstitutunun prezidenti Borislav Atanasovski, nəzarət şurasının prezidenti Sonya Gelova-Stojanova, “Moore Stephens” şirkətinin idarəedici partnyoru Antonio Veljanov, “Praysvoterhauskupers” şirkətinin Skopye filialının idarəedici partnyoru Lyube Gyorgievski, “Ernst & Yanq Holdinqs” şirkətinin Skopye filialının sertifikatlı auditoru Vladimir Sokolovski, “BDO Makedoniya” şirkətinin idarəedici partnyoru Draqan Dmitrov, sertifikatlı sərbəst auditor Dusko Apostolovski, idarə heyətinin üzvləri Robert Manasiev, Kiril Savovski, Verika Kostova və digər rəsmi şəxslər iştirak etmişlər.

   
Səfər müddəti ərzində Sertifikatlı Auditorlar İnstitutunun üzvləri ilə görüşlər keçirilmiş, onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi islahatlar və ölkəmizin dinamik inkişafı barədə geniş məlumat verilmişdir.

Memorandumda iki qurumun peşə fəaliyyətinin və onun üzvlərinin davamlı olaraq ixtisaslaşdırma proqramlarında iştirak etməsinin dəstəklənməsi, auditorların və üzvlərin fəaliyyətindəki etik, təhsil və keyfiyyətlə bağlı cəhətlərinin qarşılıqlı şəkildə gücləndirilməsinə əlverişli şəraitin yaradılması, peşə fəaliyyəti üçün mühüm olan müxtəlif məsələlərlə bağlı Avropa və beynəlxalq səviyyədə qarşılıqlı məsləhətləşmələrin aparılması, milli və beynəlxalq səviyyəli tədbirlərdə (seminarlar, konfranslar, peşə fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər) bilavasitə iştirak, qurumlar  tərəfindən çap etdirilən mühasibat və audit peşəsi ilə bağlı məqalələrin, kitabların, jurnalların və s. nəşrlərin qarşılıqlı mübadilə yolu ilə təşkili və qurumların intenet səhifələrində yerləşdirilməsi, səlahiyyətli nümayəndələrinin birgə razılığına əsasən, layihə və tədbirlərin maliyyələşdirilməsini fərdi proqramlara uyğun olaraq ayrıca həyata keçirilməsi və Azərbaycan Respublikası Auditorlar Palatası və Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu arasında qarşılıqlı əməkdaşlığın, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi çərçivəsində  fəalliyyət  göstərməsi  nəzərdə  tutulmuşdur.

Səfər müddətində Azərbaycan Respublikası Auditorlar Palatası və Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu arasında auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmış və həmin qurumun normativ-hüquqi sənədləri iş fəaliyyətimizdə tətqiq olunması məqsədilə Respublikamıza gətirilmişdir.