22 yanvar 2013-cü il tarixində “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda dəyirmi masa keçirilmişdir
2013-01-25
“Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda dəyirmi masa keçirilmişdir (22 yanvar 2013-cü il)
Аzərbaycan Respublikasının dövlət müstəqilliyinin banisi və yeni Azərbaycan quruculuğunun memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik dövlət quruculuğu və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti nəticəsində Azərbaycan son illərdə yüksək iqtisadi inkişafa nail olmuş, ümumi daxili məhsul istehsalına görə bütün dünyada lider səviyyəsinə yüksəlmişdir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması və digər vacib sahələr üzrə işlənib hazırlanmış dövlət proqramları uğurla həyata keçirilməkdədir.
Bazar münasibətlərinə əsaslanan Azərbaycan iqtisadiyyatında aparılan məqsədyönlü islahatlar çərçivəsində maliyyə nəzarəti sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər auditin ölkəmizdə tətbiqinə və təbliğinə rəvac vermişdir.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanda auditin inkişafına son dövrlərdə dövlətimiz tərəfindən çox böyük imkan yaradılmış və əhatə dairəsi daha genişləndirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)”, 2007-ci il 28 iyul tarixli sərəncamla təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da və həmin Milli Strategiyanın davamı olaraq, möhtərəm Prezidentimizin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələr sırasında Auditorlar Palatasının da qarşısında xeyli məsələlər qoyulmuşdur.
Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən şəffaflığın artırılması sahəsində beynəlxalq qurumlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı daha da genişləndirmək, eyni zamanda ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nda nəzərdə tutulmuş “Beynəlxalq təcrübə nəzərə alınmaqla Auditor xidmətinin inkişaf konsepsi-yasının (2012-2020-ci illər)” layihəsinin hazır-lanmasına dair müzakirələrin aparılması və müvafiq tövsiyyələrin hazırlanması məqsədilə, 2013-cü il yanvarın 22-də Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası”mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Dəyirmi masanın işində iştirak etmək üçün İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının sədri cənab Yəhya Arıkanın rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü il 21-23 yanvar tarixlərində Bakı şəhərində rəsmi səfərdə olmuşlar.
Səfər çərçivəsində yeni iqtisadi-maliyyə mühitində auditin rolu və onun mövcud problemləri araşdırılmış, ölkələrimizdə auditin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılmış, perspektiv dövr üçün auditin inkişaf konsepsiyasına dair fikir mübadiləsi edilmiş və bununla bağlı müvafiq tövsiyyələr hazırlanmışdır.
Tədbiri giriş sözü ilə Azərbaycan Universi-tetinin rektoru Eldar QƏHRƏMANOV açaraq tədbir iştirakçılarını salamladı, tədbirin əhəmiyyətindən danışdı və dəyirmi masanın gedişinə uğurlar arzuladı.
O, bugünkü tədbirin Azərbaycanda audit xidmətinin inkişafına mütləq şəkildə öz tövhəsini verəcəyini, bu sahədə Türkiyədən gəlmiş peşəkərlarla əməkdaşlığın daha da dərinləşəcəyini, hər iki ölkənin manafelərinə, xalqlarıın rifahına, təhsilin təkmilləşməsinə, iqtisadi sistemlərin daha mükəmməl şəkildə tənzimlənməsi və sosial yönümlü olmasına xidmət edəcəyini qeyd etdi.
İstər Türkiyənin istərsə də Azərbaycanın son illər ərzində iqtisadiyyatının çox sürətlə inkişaf etməsini, bu sahədə dunyanın inkişaf etmiş ölkələrinin marağını özlərinə cəlb etməsini və bu sahədə əldə olunan uğurlara görə audit xidmətinin naliyyətlərinin danılmaz olduğunu xüsusi vurğuladı.
O, hər iki ölkədə bu sahədə keçirilən tədbirlərin maliyyə idarəetməsinin, mühasibat işinin təşkilinin, qərar qəbul etmənin və hesabatlılıq keyfiyyətinin artırılmasına şübhəsiz böyük tövhə verəcəyinə əminliyini bildirdi.
Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad SƏMƏDZADƏ tədbir iştirak-çılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı.
Auditin inkişafı cəmiyyətin, iqtisadiyyatın inkişafı ilə sıx bağlı olduğunu və bu kateqoriyaların bir-biri ilə bilavasitə təmasda olduqlarını qeyd etdi.
O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ümumi daxili məhsulu 2011-2013-cü illər ərzində 3 dəfə artaraq 54 milyard manata çatdığını, o cümlədən stateji valyuta ehtiyatları 8 dəfə artaraq 41 milyard ABŞ dollarını keçdiyini vurğuladı və BMT-nin terminalogiyasına görə Azərbaycanın yüksək orta gəlirli ölkə statusu qazandığını bildirdi.
Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilərək dəstəkləndiyini, ən nüfuzlu təşkilatlara Azərbaycanın cəlb olunmasını və BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsini qeyd etdi.
Bununla yanaşı, Azərbaycan beynəlxalq intelekti vətənə dəvət etməkdə hər zaman maraqlı olduğunu vurğuladı.
Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid NOVRUZOVAuditorlar Palatası adından qonaqları salamladı və əziz türk qardaşlara «Azərbaycana xoş gəlmiş-siniz» dedi. Həmçinin bugünkü tədbiri dəstədiklərinə görə Azərbaycan Respublikası İqtisadçılar İttifaqına, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasına və dəyirmi masanın keçirilməsinə yaratdıqları şəraitə görə Azərbaycan Universitetinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
Cənab Novruzov, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmilləşdirilməsinə daim əhəmiyyət verildiyindən və bir sıra mühüm normativ hüquqi aktların qəbul edildiyindən söhbət açdı.
Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanda iqtisadi siyasətin aparılma-sında dəfələrlə auditin mühüm rol kəsb etdiyini qeyd etdi və bir sıra dövlət proqramlarında icraçılar sırasında Auditorlar Palatasının da təsbit olunmasını dövlət başçısı tərəfindən auditə olan inam və etimadın parlaq təzahürü kimi çıxış etməsi xüsusi vurğuladı.
Vahid Novruzov ölkəmizdə auditin inkişafı istiqamətində görülmüş işlər, qəbul olunmuş sənədlər haqqında danışaraq, ölkəmizdə audit sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd etdi. Artıq auditin inkişaf konsepsiyasının hazırlanması üzrə ilkin addımlar atılmış, bu istiqamətdə işçi qrupu yaradılmış və konsepsiyanın hansı bölmələrdən ibarət olması haqqında razılığa gəlinmişdir.
Vurğulanmışdır ki, iqtisadiyyatda auditin rolu danılmazdır. Lakin bu sahədə bir çox problemlər də mövcuddur. Məlum olduğu kimi, auditin inkişafını bazarda haqlı rəqabət olmadan təsəvvür etmək mümkün deyil. Eyni zamanda, auditə dair qanunvericilik bazası təkmilləşdirilməli, iqtisadiyyatda müstəqil auditin rolu araşdırılmalıdır. Əsas problemlərdən biri isə odur ki, Azərbaycanda auditə maraq hədsiz dərəcədə aşağıdır və məcburi auditdən yayınma halları müşahidə olunur.
Auditin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi, bu sahənin müstəqilliyinin təmin olunması, auditorların peşəkarlıq səviyyələrinin yüksəldilməsi də qarşıda duran başlıca vəzifələrdir.
Vahid Novruzov fürsətdən istifadə edərək, vacib olan bugünkü mövzu ilə bağlı məsələnin müzakirəsinə qatıldıqlarına görə qonaqlara, ilk növbədə, Yəhya bəy başda olmaqla əziz türkiyəli həmkarlarına öz minnətdarlığını bildirdi.
İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının sədri Yəhya ARIKAN qonaqları salamlayaraq, ilk əvvəl Azərbaycanda olmaqdan böyük sevinc hissi keçirdiyini bildirərək, qonaqpərvərliyə görə öz təşəkkürünü bilıdirdi və geniş məruzə ilə çıxış etdi.
Yəhya Arıkan məruzəsinə ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri ilə başlayaraq, bu gün də eyni duyğu içində olduqlarını və gələcəkdə də bu qardaşlıqlı münasibətlərin davamlı olmasını arzuladı.
Yahya Arıkan auditin qloballaşan dünya iqtisadiyyatında rolundan söhbət açaraq, Türkiyədə audit sistemi uzun kifayət qədər təkmilləşdirilməsindən və bu sahədə geniş təcrübə mübadiləsinin olduğunu qeyd etdi. Bildirdi ki, bu nəticənin əldə edilməsi çox çətinliklərlə ərsəyə gəldi.
Bu gün Türkiyədə ümumi 90 minə yaxın üzvlərimizin olduğunu və bunların 32 mininin İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasında qeydiyyatdan keçdiyini və bu gün də həmin insanların peşə fəaliyyətlərini davam etdirdiklərini qeyd etdi.
Yəhya bəy əvvəlcə, Türkiyədə mühasibat peşəsinin hüquqiləşməsi üçün böyük mübarizə aparıldığını, 13 iyun 1989-cu ildə peşə fəaliyyətini həyata keçirdiklərini və 1990-cı il 20 mart tarixindən etibarən isə dünyanın böyük odalarından biri olan İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının qurulduğunu bildirdi.
Qurulduğumuz ilk gündən etibarən təhsilə önəm verildiyini, həmçinin iş təcrübəsi sahəsində böyük addımların atıldığını və bu nöqtədə İngilis dilinin inkişaf etdirilməsinə və peşə təhsilinə xüsusi diqqət yetirildiyini vurğuladı. Bu gün İstanbulun böyük bir hissəsini əhatə edən üzvlərə xidmət edən tam 14 təhsil mərkəzinin fəaliyyət göstərdiyini və bu təhsillərdən heç bir ödəniş almadıqlarını qeyd etdi. Bu sahədə qanunvericilik ardıcıllığı ilə 147 kitab və jurnallar nəşr etdirilməsi vurğulandı. Həmçinin beynəlxalq simpoziumlarda iştiraklardan: 10 milli mühasibat nəzarəti simpoziumu, 3 beynəlxalq mühasibat nəzarəti simpoziumunun keçirilməsindən söhbət açdı.
Bugunkü dəyirmi masanın da Azərbaycan Respublikası Auditorlar Palatası ilə İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası arasında təcrübə mübadiləsinin aparılması və bu sahədə Türkiyə Respublikasının da öz təcrübəsini sizlərlə bölüşmək arzusunda olduğunu qeyd etdi.
Daha sonra Azərbaycan Respublikası Auditorlar Palatası və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası arasında əməkdaşlıq sazişi imzalandı.
Məruzələr ətrafında Palatanın əməkdaşları və üzvləri: Aparatının rəhbəri Qəşəm Bayramov, Sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin idarəedici partnyoru, Palata Şurasının üzvü İlqar Vəliyev, “KPMG Azərbaycan Limited” şirkətinin idarəedici partnyoru Vüqar Əliyev, “MAK AZƏRBAYCAN LTD” MMC-nin direktoru Zamin Hüseynov, “BDO Azərbaycan” MMC-nin idarəedici partnyoru Yunis Salayev, “Deloitte & Touche” MMAC-nin audit üzrə partnyoru Elnur Qurbanov və “L.B.Audit xidməti” MMC-nin direktoru Lamiyə Bayramova çıxış etdilər və müzakirələrə qatıldılar.
Sonda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının sədri Yəhya Arıkan yekun sözlə çıxış edərək, tədbirin əhəmiyyətini bir daha vurğuladılar və imzalanan əməkdaşlıq sazişinin gələcəkdə iki qurum arasında öz tövhəsini verəcəyini arzu etdilər.
Qonaqlar tədbirin növbəti günü 23 yanvar tarixində Heydər Əliyev Fondunu ziyarət ediblər. Onlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə, məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar və Fondun xatirə kitabına ürək sözlərini yazıblar.
Həmin gün eyni zamanda İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası və Azərbaycan Respublikasının Auditorlar Palatası arasında auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi də aparılmışdır.