2012-ci il 27 sentyabr tarixində Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir

2012-ci il 27 sentyabr tarixində Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir

2012-09-28

2012-ci il 27 sentyabr tarixində Naxçıvan şəhərində

2012-ci il 27 sentyabr tarixində Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində 2012-ci il 27 sentyabr tarixində “Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.

 

Seminar-müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair  2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda qarşıya qoyulmuş maliyyə nəzarətinin təkmilləşdirilməsi və bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmlərinin və prosedurlarının düzgün qurulması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və maliyyə şəffaflığının təmin olunması, dövlət büdcəsi vəsaitlərinin təyinatına görə səmərəli istifadə olunması, müəssisə və təşkilatlarda maliyyə intizamının möhkəmləndirilməsində müstəqil auditin rolunun artırılması kimi məsələlərin icrası ilə əlaqədar olaraq zəruri maarifləndirmənin həyata keçirilməsi və metodiki dəstəyin göstərilməsindən ibarət olmuşdur. 


Əvvəlcə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət edilərək önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Seminar-müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri cənab Suliddin Əliyev və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzov açaraq tədbirin aktuallığından danışdılar və belə tədbirlərin gələcəkdə də regionlarda davamlı keçirilməsini vurğuladılar.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov seminarın təşkilində əsas məqsədin bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması sahəsində peşəkar müzakirələr aparmaq, bu sahədə mövcud problemləri təhlil etmək, həmin problemlərin həlli üzrə əməli təkliflər irəli sürmək və maarifləndirmə mexanizmlərini müəyyən etməkdən ibarət olduğunu bildirmişdir. Maliyyə nəzarəti və şəffaflıq sahəsində Azərbaycanda möhkəm hüquqi bazanın yaradıldığını vurğulayan Palata sədri bu sahədə hələ də bir sıra problemlərin, yerli özünüidarəetmə orqanlarında audit işinin tətbiqi sahəsində həllini gözləyən məsələlərin olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, audit təkcə yoxlama, nəzarət orqanı deyil, eləcə də, bələdiyyələrə vergi uçotunun aparılması, biznes-planın tərtib edilməsi, bələdiyyə əmlakının qiymətləndirilməsi məsələlərində kömək edən qurumdur.
 

Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev Muxtar Respublikanın sosial-iqtisadi inkişafının uğurlu nəticələri barədə məruzə ilə çıxış edib, müxtəlif sahələrdə əldə edilən nailiyyətlərdən danışmışdır.
Azərbaycan Respublikası Auditorlar Palatasının Aparat rəhbəri Qəşəm Bayramov şəffaflığın təmin olunmasında bələdiyyələrin rolu və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Yerli özünüidarəetmə orqanlarına cəmiyyətin marağının artırılmasında maarifləndirmə işinin düzgün təşkilinin, qarşılıqlı münasibətlərin tənzimlənməsinin, bələdiyyələrin hüquqi təminatının yüksəldilməsinin əhəmiyyətini, maliyyə-təsərrüfat işlərinin düzgün qurulmasında audit xidmətlərinin keyfiyyətli keçirilməsinin rolunu diqqətə çatdıran Qəşəm Bayramov ölkə üzrə bəzi bələdiyyələrin fəaliyyətində qanunsuzluqlara yol verildiyini demişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati nəzarət idarəsinin baş məsləhətçisi Hafiz Əliyev məruzəsində yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynadıqlarını vurğulamışdır. Natiq bələdiyyə orqanları tərəfindən qanunvericilik aktlarına riayət olunması sahəsində mövcud vəziyyətdən bəhs etmişdir.

 

Seminar-müşavirədə digər natiqlərin də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsləhətçisi Səttar Zamanovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu”, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun, “Bələdiyyələrdə əlaqədar auditor xidmətindən istifadə istiqamətləri”, Auditorlar Palatasının üzvləri, sərbəst auditor İlham Hacıəzizovun “Bələdiyyə vergiləri və uçot sistemi” və sərbəst auditor Altay Cəfərovun “Bələdiyyələrdə auditin aparılmasının əsasları” mövzularında məruzələri dinlənilmiş və məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.

Məruzələr ətrafında Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Nurələm İbrahimovun və Kənd Bələdiyyələri Assosiasiyasının sədri Tofiq Babayevin çıxışları dinlənilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Seminar-müşavirənin işində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatasının,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, yerli icra hakimiyyəti strukturlarının, müvafiq iqtisadi qurumların nümayəndələri və regionlardakı bələdiyyələrin rəhbərləri iştirak etmişlər
.