İyulun 24-də Xaçmaz şəhərində “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir
2012-07-24

İyulun 24-də Xaçmaz şəhərində “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbir Xaçmaz Rayon İcra Hakimiyyəti, Auditorlar Palatası və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşmışdır.
Seminar-müşavirənin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbir öz işini rayon mədəniyyət evində davam etdirmişdir.
Seminar-müşavirəni Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə açaraq tədbir iştirakçəlarını salamladılar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təsərrüfat subyektlərinin mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın təmin edilməsi problemlərinin həllinin mühüm bir vəzifə kimi qarşıya qoyulduğunu vurğulayaraq, "Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması" mövzusunda təşkil edilmiş belə bir tədbirin əhəmiyyətindən danışdılar və qeyd etdilər ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynayırlar. Onlar bələdiyyələrə cəmiyyətin marağının artırılmasında maarifləndirmə işinin düzgün təşkilinin, qarşılıqlı münasibətlərin tənzimlənməsinin, bələdiyyələrin hüquqi təminatının yüksəldilməsinin əhəmiyyətini vurğuladılar. Eyni zamanda, yerli özünüidarəetmə orqanlarında maliyyə-təsərrüfat işlərinin düzgün qurulmasında audit xidmətlərinin keyfiyyətli keçirilməsinin rolunu diqqətə çatdırmışlar.
Çıxış edənlər bildirmişlər ki, audit təkcə yoxlama, nəzarət deyil, eyni zamanda, bələdiyyələrə vergi uçotunun aparılması, biznes-planın tərtib edilməsi, bələdiyyə əmlakının qiymətləndirilməsi məsələlərində xidmət edən qurumdur.
Seminar-müşavirədə "Regionda sosial-iqtisadi inkişafın uğurlu nəticələri (Xaçmaz rayonunun timsalında)", “Şəffaflığın təmin olunmasında auditin rolu və əhəmiyyəti”, ”Müasir şəraitdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iqtisadi siyasətində şəffaflıq amili və bələdiyyə orqanları tərəfindən qanunvericilik aktlarına riayət olunmasının mövcud vəziyyəti”, “Bələdiyyələrdə auditin keyfiyyətinin yüksəldilməsi”, “Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu”, "Bələdiyyələrin fəaliyyətində mövcud problemlər", "Bələdiyyələrdə əlaqədar auditor xidmətindən istifadə istiqamətləri", “Bələdiyyə vergiləri və uçot sistemi”, "Bələdiyyələrdə auditin aparılmasına dair proqramın tətbiqi əsasları" mövzularında mühazirələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin nümayəndələri, Bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak etmişlər.
Növbəti seminar-müşavirə 2012-ci il 3 avqust tarixində Lənkəran şəhərində keçiriləcəkdir.
