2011-11-23

Azərbaycan Respublikasının Auditorlar Palatası bütün dünyada mühasib və auditorların peşə fəaliyyətinin gücləndirilməsinə və ictimai maraqlara xidmət göstərən, 119 ölkədən 163 üzvü özündə birləşdirən Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) 2008-ci il 12 noyabr tarixində tamhüquqlu üzv qəbul edilmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri 2011-ci il 16-17 noyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək Beynəlxalq Mühasiblər Federasiyasının İdarə Heyətinin və Şurasının iclasına dəvət olunmuşdur.
Həmin tədbirlərdə üzv ölkələrin nümayəndələrinin iştirakının zəruri olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 2011-ci il 12 noyabr tarixli razılıq məktubuna əsasən, Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti, sərbəst auditor İbiş Əliyev 2011-ci il 16-18 noyabr tarixlərində Berlin şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının Şura iclasında iştirak etmişlər.
Tədbirdə hesabat və təşkilati işlərlə yanaşı, Beynəlxalq Mühasibat Uçotu və Audit Standartlarının tətbiqi, maliyyə şəffaflığının yüksəldilməsi və korporativ idarəetmənin aktual problemləri üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Eyni zamanda səfər zamanı Azərbaycan Respublikasının Auditorlar Palatası Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası ilə 2011-ci il 16 noyabr tarixli və Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutu ilə 2011-ci il 18 noyabr tarixli strateji əməkdaşlıq barədə sazişlər imzalamışdır.