Dövlət müstəqilliyi günü Auditorlar Palatasında qeyd olunub
2011-11-04

DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ AUDİTORLAR PALATASINDA QEYD OLUNUB
Vahid NOVRUZOV: «Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir»
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildöünümü ilə bağlı Auditorlar Palatasında genişmiqyaslı təntənəli tədbir keçirilib. Tədbiri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün ölkəmizdə, onun hüdudlarından kənarda həmvətənlərimiz yaşayan bütün ölkələrdə geniş miqyasda qeyd olunduğunu bildirib: «Bu bayramın qeyd olunması barədə prezident İlham Əliyev müvafiq sərəncam da imzalayıb. Dövlət başçısı həmin sərəncamında ölkəmizin 20 il ərzində keçdiyi şərəfli, çətin, lakin tam inkişafla dolu illərin ölkə həyatında oynadığı yol qısaca şərh olunmaqla yanaşı, eyni zamanda bu bayramın bütün ölkədə, regionlarda, təşkilatlarda, idarələrdə qeyd edilməsinin əhəmiyyəti də vurğulanıb. Ona görə də biz Auditorlar Palatası olaraq, belə bir tədbirin Palata üzvləri, əməkdaşları, hörmətli qonaqların iştirakı ilə keçiririk».
Dövlət himni səsləndikdən sonra professor V.Novruzov son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldı və əlavə edib ki, xalqımız keçilən ağır illəri, qarşıya çıxan çətinlikləri yaxşı xatırlayır: «Ölkə iqtisadiyyatı böhranla üz-üzə gəlib, Azərbaycan dövlətçiliyini hansı təhlükənin gözlədiyini, ölkədə ərazi bütövlüyünün parçalanmasının hansı səviyyəyə gəlib çatdığının şahidi olub. Ölkə varidatının talan olunması, xarici şirkətlərin Azərbaycana II-III dərəcəli ölkə kimi münasibətlərinin şahidi olduq. Və eyni zamanda Ulu Öndərimizin xalqın təkidi və tələbi ilə Azərbaycana ikinci dəfə hakimiyyətə qayıtmasının şahidi olduq və bu qayıdış ilə Azərbaycanın inkişaf dövrü başladı».
Auditorlar Palatasının sədri bildirib ki, həmin dövrdə Azərbaycanın iqtisadi, sosial, ictimai həyatında sabitliyin bərqərar olması prosesi başlayıb: «Ulu Öndərimizin səyi, dərin təfəkkürü, dünyəvi təcrübəsi baxımından onun nüfuzu sayəsində ölkə iqtisadiyyatı reallaşan Azərbaycan xalqının mənafeyini daşımaq barədə neft strategiyasının təməli qoyuldu. «Əsrin müqaviləsi» imzalandı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı ki, bunlar da ulu öndərin zəngin həyat və idarəçilik təcrübəsi imkan verdi ki, ölkəmiz bu xaosdan xilas olsun, eyni zamanda çox sürətlə inkişaf edən bir ölkə kimi Azərbaycan reallaşdırmağa başladı».
Bizim üçün çox önəmlidir ki, deyə professor V.Novruzov əlavə edib ki, bu gün prezident İlham Əliyev bu strategiyanı çox uğurla davam etdirir və bu strategiyada müasirlik öz əksini tapıb: «Vətəndaş cəmiyyətinin formalaşması, şəffaflığın artırılması, Azərbaycanın digər ölkələrlə artıq bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi məhz prezidentimizin apardığı çox uğurlu siyasətin nəticəsidir və Auditorlar Palatası olaraq həm də ona görə sevinirik ki, bizim 15 illik yubileyimiz dövlət müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf edir. Bu münasibətlə Palatada təşkilati işlər, eyni zamanda digər tərəfdaşlarla bərabər beynəlxalq forum keçirildi. Bu formuda Azərbaycanda gedən quruculuq işlərindən valeh olduqlarını yazdıqları məktublarında yüksək səviyyədə etiraf ediblər».
Tədbirdə Auditorlar Palatasının sədr müavini F.İsmayılov «Müstəqil Azərbaycan Respublikasında auditin inkişafı və sosial-siyasi həyatda şəffaflığın artırılmasında rolu» mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraq, himn və gerbin dövlət atributları kimi qəbul edilməsindən, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqillyi haqqında Konstitusiya aktının qəbulundan, 1994-cü ildə «Əsrin Müqaviləsi»nin reallaşmasından, Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsinin təmin olunmasından, ölkədə neft və qeyri-neft sektorlarının yüksəlişindən, ümumdaxili məhsul, büdcə və valyuta ehtiyatlarının ildən-ilə artmasından, sahibkar fəaliyyətindən, beynəlxalq aeroportların, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsindən, tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələrdən söhbət açıb: «Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının 1994-cü il 16 sentyabr tarixli 882 nömrəli Qanunla yanaşı, auditlə əlaqədar iki yüzədək qanun, qərar, fərman, sərəncam mövcuddur. Beynəlxalq Standartlar əsasında 43 Milli Audit Standartı, on bir sahəvi audit proqramı, çoxsaylı metodiki göstəriş, qayda və təlimat hazırlanıb. 2010-cu ildən isə ölkəmizdə Beynəlxalq Audit Standartlarının birbaşa tətbiqinə keçirilib. Bir nəfər belə müstəqil auditoru olmayan Azərbaycanda hazırda sərbəst və auditor təşkilatlarında 280 auditor fəaliyyət göstərir. Bir o qədər auditor isə, Palatada əldə etdiyi təcrübə və səriştə sayəsində Hesablama Palatasında, Mərkəzi Bankda, bir sıra nazirliklərdə və özəl qurumlarda məsul vəzifələrdə çalışırlar.
Bundan başqa, Auditorlar Palatasında peşə təhsili sistemi yaradılıb ki, bu sistem auditor kadrlarının hazırlanmasının və müntəzəm ixtisasartırmanı beynəlxalq tələblərə müvafiq olaraq təmin etməyə imkan verir.
Qeyd etməliyəm ki, mühasibat və audit sahəsində ən nüfuzlu beynəlxalq təşkilat olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) 1 nömrəli üzvlük tələbi «auditin keyfiyyətinə nəzarət»dir. Auditorlar Palatası ötən on beş il ərzində bütün beynəlxalq tələblərə cavab verən auditin keyfiyyətinə nəzarət sisteminin formalaşmasına və təşəkkülünə nail olub».
Tədbir iştirakçıları istər Auditorlar Palatasının fəaliyyətində, istərsə də cəmiyyətdəki fəaliyyətlərində Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin həyata keçirilməsinə daim dəstək verəcəklərini bildiriblər.