“Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 25 illik yubileyi

2019-09-12

“ERNST & YANQ HOLDİNQS (SiAyEs) Bi.Vi.”  ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI  FİLİALININ İDARƏEDİCİ PARTNYORU,  AUDİTORLAR PALATASI ŞURASININ ÜZVÜ  CƏNAB İLQAR VƏLİYEVƏ




 

Hörmətli İlqar müəllim!

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri adından “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 25 illik yubileyi münasibətilə Sizi və başçılıq etdiyiniz kollektivin üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Dünya audit arenasında lider mövqeyə malik olan EY şirkəti Azərbaycanda da öz ofisini açaraq, peşəkar xidmətlər göstərən ilk beynəlxalq audit şirkəti olmuşdur. Bu gün “Ernst & Yanq” Azərbaycanda milli və beynəlxalq şirkətlərə, eləcə də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı müxtəlif peşəkar xidmətlər göstərir. Şirkətin təcrübəli mütəxəssisləri yerli və beynəlxalq mühasibat uçotu, xüsusilə CPA (ABŞ-ın Diplomlu İctimai Mühasibləri) və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) lisenziyalarına sahibdir və bu proqramlarda iştirak edən işçilərin sayı ildən-ilə artır.

Xüsusilə vurğulamaq istərdik ki, EY şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə əsas səbəb ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində müxtəlif iri xarici investorların fəaliyyətə başlaması olmuşdur.

Ümummilli liderimizin uzaqgörən müdrik siyasətinə əsaslanaraq, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən cəmiyyət həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatda aparılan əzəmətli quruculuq işləri hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycana həm neft, həm də qeyri-neft sahəsində fəaliyyət göstərən xarici şirkətlərin marağı artmışdır. “Ernst & Yanq” şirkəti də ölkədə həyata keçirilən bu iqtisadi siyasətə öz töhfəsini vermək məqsədilə daim öz müştərilərinin yanında olmuş, onları hər zaman dəstəkləmiş və xarici şirkətlərlə birgə Azərbaycanda fəaliyyətinin miqyaslarını kifayət qədər genişləndirmişdir. 

EY Azərbaycanda yaranan ilk xarici audit şirkəti olmaqla yanaşı, ölkəmizdə peşə fəaliyyətinin düzgün qurulması istiqamətində mühüm işlər görərək uğurlar əldə etmişdir. Belə ki, şirkətin əməkdaşları öz peşə və bilik səviyyəsini daim artırmaqla yanaşı, eyni zamanda beynəlxalq konfranslarda, simpoziumlarda, forumlarda, seminarlarda və s. fəal iştirak edirlər. Bunun nəticəsidir ki, şirkətin müştəriləri siyahısında auditini apardığınız iri neft şirkətlərinin arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BiPi, LUKOyl, maliyyə  qurumları arasında Azərbaycan Respublikası Dövlət Neft Fondu, Mərkəzi Bank, Kapital Bank, Paşa Bank , yerli iri holdinqlər də vardır.

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə EY şirkəti arasında da çox sıx işgüzar münasibətlər mövcuddur. EY şirkətinin Azərbaycan filialının rəhbəri olaraq, Siz uzun illərdir ki, Auditorlar Palatası Şurasının üzvü kimi gündəliyə çıxarılan məsələlərin müzakirəsində fəal iştirakınızla daim diqqət mərkəzində olmusunuz. Şirkətiniz Auditorlar Palatasına 2018-ci il üzrə təqdim etdiyi hesabat göstəricisinə əsasən reytinq cədvəlində I yerə layiq görülmüşdür. Bundan başqa, Auditorlar Palatasının 1 yanvar 2010-cu ildən ölkəmizdə Beynəlxalq Audit Standartlarının tətbiqinə başlamasında şirkətinizin böyük rolu olmuşdur. Belə ki, şirkətin əməkdaşları tərəfindən BAS-ın 2008-ci, 2013-cü illər və 2016-2017-ci illərin I cildi üzrə tərcüməsində, müzakirəsində böyük əməkləri olmuş və hal-hazırda bu işlər həmin standartların 2017-ci ilin         II cildinin və Kiçik və orta müəssisələr üçün Beynəlxalq Audit Standartlarının versiyası üzrə də davam etdirilir. Eyni zamanda, şirkətinizin əməkdaşlarının Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər), “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsinin, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Kölgə iqtisadiyyatının azaldılmasına dair Strateji Yol Xəritəsi”nin hazırlanmasında, eləcə də Auditorlar Palatasının ictimai həyatında (Komitələrdə, iclaslarda, tədbirlərdə və s.) iştirakı danılmazdır. Xüsusən qeyd etməliyik ki, Auditorlar Palatasının keçirdiyi beynəlxalq tədbirlərə EY şirkəti daim sponsorluq etməklə yanaşı, həmin tədbirlərdə fəal iştirakınız həmişə rəğbətlə qarşılanmışdır. Sizin otən dovr ərzində audit qanunvericiliyinin təkmilləşdirilməsi, normativ aktların, metodik vəsaitlərin, proqramların və digər sənədlərin hazırlanması və tətbiqində əməyiniz yuksək qiymətləndirilərək, dəfələrlə təşəkkur elan edilmiş, “Fəxri Fərman”lara və 2013-cü ildə Auditorlar Palatasının yuksək mukafatı olan “Fəxri Auditor” adına layiq gorulmuş, nəhayət olkədə auditor sisteminin inkişafındakı xidmətlərinizə gorə isə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmisiniz.

Hörmətli İlqar müəllim!

Biz ölkəmizin inkişafı naminə bu əməkdaşlığın gələcəkdə də genişləndirilməsi istiqamətində birgə səylərimizi davam etdirəcəyik.

EY şirkətinin bütün kollektivini əlamətdar yubiley münasibətilə bir daha təbrik edir və doğma Azərbaycanımızın tərəqqisi naminə şərəfli işinizdə sizə uğurlar arzulayıram.

 

Dərin hörmətlə,

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

24 sentyabr 2019-cu il