Azərbaycan Republikasının Auditorlar Palatasında 2020-ci ilin 23 aprel tarixində “Pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yolları” mövzusunda növbəti vebinar keçirilmişdir

 

COVİD-19-un yayıldığı bir şəraitdə yaranmış vəziyyət iqtisadiyyatda şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatına qarşı mübarizədə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində, iqtisadi resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan audit peşəsi - müstəqil audit üçün də təsirsiz ötüşməmişdir. Hazırki şəraitdə auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrinə dəstək verilməsi məqsədilə Auditorlar Palatası tərəfindən kompleks tədbirlər görülməkdədir. Belə ki, yeni dövrün çağırışları işimizdə mütərəqqi və innovativ metodların tətbiqini, yeni prosedurlardan bəhrələnməyi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.

Ölkəmizdə uğurla həyata keçirilən və yaxın zamanlarda müsbət nəticələrin şahidi olacağımız iqtisadi siyasətin reallaşdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında gördüyü işlərə dəstək və bu dəstəyin səmərəliliyinin təmin edilməsi məqsədilə, Auditorlar Palatası tərəfindən audit və mühasibat üzrə beynəlxalq qurumların, habelə xarici dövlətlərin müvafiq tənzimləyicilərinin təcrübəsi diqqətlə öyrənilir. Eyni zamanda milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla lokal tədbirlərin tətbiqi sahəsində də araşdırmalar aparılır. Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədilə Auditorlar Palatası tərəfindən 2020-ci il 14 aprel tarixində auditor təşkilatalarına və sərbəst auditorlara “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran problemlərin və vəzifələrin həllinə dair” keçirilmiş distant vebinarda audit sahəsində mövcud vəziyyət, qarşıda duran problemlər və vəzifələrin həllinə dair təqdim edilən təklif və tövsiyələr əsasında Palata sədrinin 2020-ci il 15 aprel tarixli 1/12 saylı Sərəncamı ilə “Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına dair Azərbaycan Respublikasının Auditorlar Palatasının Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər Planına uyğun olaraq Auditorlar Palatasında yaradılmış İşçi Qərargahı tərəfindən kompleks tədbirlərin icrasına başlanılmış, eyni zamanda 2020-ci il 23 aprel tarixində auditor təşkilatlarına və sərbəst auditorlara “Pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yolları” mövzusunda növbəti distant vebinar keçirilmişdir. Vebinarda giriş sözü söyləyən Palatanın İcraçı direktoru, İşçi Qərargahın rəhbəri Səbuhi Gülməmmədov hamını salamladı və koronavirus dövründə pandemiyaya qarşı mübarizədə audit sahəsində bu günə qədər Auditorlar Palatasının gördüyü işlər barədə geniş məlumat verdi. Sonra vebinarın mövzusu ətrafında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri, “TNM Audit” MMC-nin direktoru Nəcəf Talıbov, “Alfa-Audit” QSC-nin auditoru Aygün Səfərova və Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə komitənin üzvü, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə çıxış edərək pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yollarına və sahibkarlıq subyektlərinin bütün növ əməliyyatlarının (bank transaksiyalarının, təsərrüfat, idxal-ixrac, alqı-satqı və digər) onlayn toplandığı və bütün aidiyyatı tərəflərin əlçatanlığı təmin olunduğu vergi, maliyyə və digər hesabatların tərtibinə imkan verən şəffaf (vahid) bazanın yaradılmasına dair öz fikirlərini dinləyicilərə çatdırdılar. İşgüzar şəraitdə keçən vebinarda mövzu ətrafında mövcud vəziyyət, qarşıda duran problemlər və onların həllinə dair peşəkar müzakirələr aparılmışdır. 

Vebinarın gedişində qərara alınmışdır ki, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların təqdim etdikləri təklif və tövsiyələr Palata tərəfindən nəzərə alınsın və pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla auditə dair normativ-hüquqi sənədlərdə, habelə mövcud metodiki bazanın təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülsün.

 

Azərbaycan Respublikası Auditorlar Palatasının İşçi Qərargahı

Qalareya