V.Novruzov vurğulayıb ki, 1931-ci ildə yaradılmış, BMF-nın qurucularından biri olan və 1977-ci ildən həmin beynəlxalq qurumun üzvü olan İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu peşəkar milli qurum olaraq İsrailin bütün ərazisində mühasibatlıq və audit peşələrinin inkişafında həlledici rol oynayır.
Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Palatanın fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılmış, auditor kadrlarının hazırlanması, normativ metodiki bazanın yaradılması, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülmüşdür. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası və Avropa Mühasiblər və Auditorlar Federasiyası kimi çox nüfuzlu mötəbər təşkilatlarda 2008-ci ildən ölkəmizi layiqincə təmsil edir.
Daha sonra Vahid Novruzov qeyd edib ki, hər iki qurum arasındakı əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, dövlət və qeyri-dövlət nəzarətinin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkanlar yaradacaqdır.
Bu sahədə İsrailin böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz ölkə iqtisadiyyatında şəffaflığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və qeyri - dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, rəqəmsallaşmanı geniş tətbiq etmək istəyirik.
Ümidvaram ki, İsrailli həmkarlarımız da auditin innovativ inkişafı, kölgə iqtisadiyyatına qarşı mübarizə və auditdə rəqəmsallaşmanın tətbiqi sahəsində bizim əldə etdiyimiz nəticələrdən bəhrələnə biləcəklər.
Son olaraq Vahid Novruzov 44 günlük Vətən Müharibəsində Şanlı Qələbə sayəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd edən Prezident İlham Əliyevin “Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik” sözlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra növbəti giriş sözü ilə çıxış edən İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) prezidenti Çen Şrayber yüksək qonaqpərvərliyə görə Palatanın rəhbərliyinə öz təşəkkürünü bildirib və qurumlar arasındakı əməkdaşılığın tərəflərin fəaliyyət göstərdiyi ərazilərdə mühasiblərin, auditorların və digər bu kimi peşə sahiblərinin inkişafında, təşkilatların üzvlərinin peşə səviyyəsinin yüksəldilməsində, tərəflərin mütəxəssisləri arasında işgüzar əlaqələrin yaradılmasında böyük rol oynayacağını vurğulayıb.
Eyni zamanda Çen Şrayber İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib və qeyd edib ki, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında bundan sonra əlaqələr daha sıx şəkildə olacaq və qurumlarımız arasında istər audit, istərsə də mühasibatlıq sahəsində təcrübə mübadiləsi aparılacaq.
Açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qonaqları salamlayaraq hər iki qurumun gələcək fəaliyyətlərinə uğurlar arzulayıb və qeyd edib ki, imzalanacaq bu saziş hər iki ölkənin auditorları və mühasibləri üçün uğurlu əməkdaşlığa, birgə fəaliyyətə və bütövlükdə audit peşəsinin inkişafına mühüm töhfə verəcəkdir.
V.Gülməmmədov bildirib ki, Maliyyə sahəsində, o cümlədən audit və mühasibat uçotu ilə bağlı kadr potensialının gücləndirilməsi dövlət maliyyəsinin idarəedilməsi üzrə islahatların uğurla reallaşdırılmasına xidmət edir.
Hesabat ilində ilk dəfə həyata keçirilən qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatlarının auditinin ilkin nəticələri maliyyə uçotu və hesabatlılığının beynəlxalq standartlara uyğun aparılmasında qurumların tabeliyində olan bəzi müəssisələrinin birləşdirilmiş hesabatda nəzərə alınmaması, tabe qurumları tərəfindən uçotun köhnə mühasibat uçotu əsasında aparılması və yalnız birləşdirilmiş hesabatın tərtibi zamanı beynəlxalq standartlara uyğunlaşdırılması, qurumdaxili əməliyyatların konsolidasiyanın aparılması zamanı diqqətə alınmaması, bəzi müəssisələrin debitor borcların göstəricilərinin hesabatlılıqda əks olunmaması kimi bəzi problemlərin olduğunu göstərir.
Bu, həm konsolidasiyanın fəlsəfəsinin başa düşülməməsindən, həm də peşəkar potensial boşluqlarının olmasından irəli gəlir. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, təkmil İT infrastrukturun qurulması və İT sistemlərin inteqrasiyası əhəmiyyətlidir.
Bununla yanaşı, hesablama əsaslı uçotun və hesabatlılığın tətbiqi üçün potensialın yaradılması, həm maliyyə hesabatını tərtib edən əməkdaşların, həm də büdcə üzrə qərarverənlərin, həmçinin maraqlı tərəflərin bu islahatı daha yaxşı başa düşməsi üçün bilik və bacarıqlarının artırılması, hazırda iştirakçısı olduğumuz tədbir timsalında ictimai sektorun maliyyə hesabatları mövzusunda tədbirlərin fəal şəkildə təşkil edilməsini bu islahatın keçirilməsi üçün vacib hesab edirəm.
Daha sonra İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) Beynəlxalq əlaqələr komitəsinin sədri Haim Assayaq, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talibov, Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov, “KPMG Audit Azərbaycan” MMC-nin Audit departamentinin rəhbəri Nəsibə Muradxanova Azərbaycan və İsrail auditinin mövcud problemləri, onların həlli yolları, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri üzrə ətraflı müzakirələr və geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbir peşəkar müzakirə ilə başa çatıb.
Qalareya