Auditorlar Palatasında “Auditor etikası və peşəkar davranış” mövzusunda ustad dərsi keçirilmişdir

Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü bəndinin (“Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi”) icrasının təmin edilməsi məqsədilə təsdiq edilmiş Qrafikə uyğun olaraq, 2026-cı il 3 iyul tarixində onlayn formatda “Auditor etikası və peşəkar davranış” mövzusunda ustad dərsi keçirilmişdir.

Ustad dərsində Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, "ACTIVE CONSULTING CN" MMC-nin auditoru Cəfər Həsənov və sərbəst auditor Nazim Axundov məruzəçi qismində çıxış etmişlər.

Tədbirdə auditor peşəsinin ictimai etimad üzərində qurulduğu, peşə etikası normalarına riayət edilməsinin audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və auditor peşəsinin nüfuzunun qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Bununla yanaşı, Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən qəbul edilmiş “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)”nin tətbiqi, Auditorlar Palatası tərəfindən etik normativ bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, etik davranış qaydalarının tətbiqi və bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.

Məruzələr zamanı peşəkar etikanın təməl prinsipləri, auditor müstəqilliyi, obyektivlik, dürüstlük, məxfilik, peşəkar səriştə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı beynəlxalq tələblər izah edilmiş, etik risklərin müəyyən edilməsi və onların idarə olunması üzrə praktiki yanaşmalar iştirakçıların diqqətinə çatdırılmışdır.

Ustad dərsi interaktiv müzakirələr şəraitində davam etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə Auditorlar Palatasının 90 üzvü iştirak etmişdir.

Təqdim edilmiş materiallarla aşağıda tanış ola bilərsiniz:

  1. Ustad dərsi barədə məlumat
  2. Auditor etikası və peşəkar davranış – 1-ci təqdimat
  3. Auditor etikası və peşəkar davranış – 2-ci təqdimat
  4. Auditorların şəxsi keyfiyyətləri